Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” sənədli
filminin təqdimatı olub
İyunun 6-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Birinci dubldan” (“S pervoqo dublya”) sənədli filminin təqdimatı olub.
Filmin ssenari müəllifi və rejissoru Oleq Şommer, baş prodüseri Leyla Əliyevadır.
AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl çıxış edən Oleq Şommer bu ekran əsərini təqdim etməkdən böyük şərəf duyduğunu bildirib. Xatırladıb ki, 2017-ci ilin oktyabr ayında Nizami Kino Mərkəzində təqdimatı keçirilmiş, rejissoru və ssenari müəllifi olduğu “Pəncərədən düşən işıq” filminin ideya müəllifi və baş prodüseri də Leyla Əliyeva olub.
“Birinci dubldan” filminin əsasında mühüm faktın dayandığını diqqətə çatdıran rejissor deyib: “O zaman gənc respublika – Azərbaycan Xalq Cümhuriyyəti üzük qaşı kimi hər tərəfdən düşmən əhatəsində idi. Lakin buna baxmayaraq, hökumət xaricə təhsil almağa 102 tələbə göndərir ki, onlar bilik qazanaraq Vətənə qayıtsınlar və bu biliklərini doğma ölkədə tətbiq etsinlər. Məgər ölkənin başqa qayğıları, başqa işləri yox idi? Əlbəttə ki, var idi. Lakin elə o zaman da dövlət bu gün olduğu kimi gələcək haqqında düşünürdü. Beləliklə, ənənə, nəsillər arasında əlaqələr davam edir”.
Oleq Şommer müasir Azərbaycanda Dövlət Proqramı əsasında xaricdə uğurla təhsil alan tələbələrin də filmdə əks olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, 100 il əvvəl xaricə təhsil almağa getmiş gənclərin çox çətin taleyi olub. Onlar geri qayıda bilmədilər, çünki ölkə artıq müstəqil deyildi, Xalq Cümhuriyyəti daha yox idi. Gənclərin çoxu xaricdə qaldı. Məsələn, Oqtay Mirqasımovun iki doğma dayısı o zaman xaricə təhsil almağa getmişdi. Onların hər biri haqqında ayrıca roman yazmaq olar. Xaricə təhsil almağa göndərilən gənclər sırasında olan Cəfər Kazımov da mürəkkəb tale yaşayıb. O, Almaniyada Frayberq Texniki Universitetini bitirmiş, geri qayıtdıqdan sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında vitse-prezident olmuşdu. Lakin repressiya zamanı ölkədən sürgün edildi. Sovet İttifaqına atom bombası lazım olanda onu tapıb, uran axtarışına göndərdilər. O, uranı tapdı. Ona söz verdilər ki, sürgün müddətini azaldacaqlar, lakin başqa cür davrandılar.
“Filmdə bizim
başlıca vəzifəmiz zamanların əlaqəsini
göstərməkdir. Məsələn, 1918-ci ilin mart ayı və 1990-cı ilin yanvar ayı. Bizim üçün
vacib olan əsas məsələ ölkənin taleyini, ilk növbədə, insanların
taleyi vasitəsilə
vermək idi.
Buna nə dərəcədə
nail olduğumuzu tamaşaçılar
daha yaxşı deyə bilər. Lakin düşünürəm
ki, sənədli film
ilk dubldan çəkilir”,
- deyən rejissor filmin baş prodüseri Leyla Əliyevaya təşəkkürünü
bildirib.
Daha sonra film nümayiş etdirilib.
Tarixi faktlar və araşdırmalar əsasında çəkilmiş
ekran əsərində
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
xaricdə təhsil almağa göndərilən
102 gəncin taleyindən,
1991-ci ildə Azərbaycanın
dövlət müstəqilliyini
bərpa etməsindən,
ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə əldə olunan nailiyyətlərdən,
xalq və dövlət maraqlarının
hər şeydən üstün tutulmasından,
gənclərin təhsilinə,
o cümlədən xaricdə
təhsil almasına dövlət siyasəti səviyyəsində göstərilən
diqqətdən, güclü
müstəqil dövlət
olan Azərbaycanın
əldə etdiyi iqtisadi qüdrətin insan kapitalına çevrilməsindən və
bu insanların ölkəsinə bağlılığından,
onların əldə
etdikləri bilik və bacarıqların Vətən, dövlət
naminə istiqamətlənməsindən
bəhs edilir.
“Əsas odur ki, doğru
istiqamət müəyyən
edilsin”,- deyən müəllif filmin süjet xəttini Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın qüdrətinin
daha da artırılması
və insanların rifahının sürətli
yüksəliş yolu
tutulması fikri ilə tamamlayıb.
Azərbaycan.- 2018.- 7 iyun.- S.6.