Ərzaq təhlükəsizliyi
ilə bağlı qlobal
çağırışlar Azərbaycanda uğurla
reallaşır
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar son günlər respublikamızda və onun hüdudlarından kənarda müxtəlif tədbirlər, konfranslar, simpoziumlar keçirilməkdədir. Belə tədbirlərdən biri də Bakıda təşkil olunan “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans idi.
Ərzaq təhlükəsizliyi dövlət siyasətinin
prioritet istiqamətlərindəndir
Təhsil Nazirliyi, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi tərəfindən keçirilən bu beynəlxalq konfransın Bakıda təşkili təsadüfi deyildi. Çünki Azərbaycan o ölkələrdəndir ki, öz ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük işlər görür və bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, Azərbaycan, Türkiyə, Rusiya, Kanada, Almaniya, İsveçrə, Polşa, İtaliya olmaqla, 23 ölkədən 40-a yaxın alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransda AKU-nun rektoru, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, professor Eldar Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolundan danışıb. Rektor Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.
Eldar Quliyev bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan çoxşaxəli islahatlar ölkəmizin iqtisadi qüdrətini, siyasi nüfuzunu daha da artırıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyasında ərzaq təhlükəsizliyinin yeri və rolu: reallıqlar və perspektivlər”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin müdiri, professor Əli Nuriyev “Azərbaycanın müasir aqrar siyasəti zəminində ərzaq təhlükəsizliyinin istiqamətləri”, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov “Müstəqil Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi” mövzularında məruzə ilə çıxış ediblər.
Ümumiyyətlə, son illər bəşəriyyəti narahat edən əsas problemlərdən biri ərzaq təhlükəsizliyidir. Hansı ki, bu problem enerji təhlükəsizliyindən də az əhəmiyyət kəsb etmir. Hazırda Yer kürəsində 800 milyon nəfərdən artıq insanın aclıq çəkdiyini və ya normal qidalana bilmədiyini nəzərə alsaq, ərzaq çatışmazlığı probleminin qlobal məsələ olduğunu görərik. Hər il müxtəlif ölkələrdə vaxtaşırı keçirilən tədbirlər, BMT-nin bu məsələyə xüsusi diqqətlə yanaşması müharibələrlə yanaşı, ərzaq təhlükəsizliyinin də dünyanın ən aktual problemlərindən olduğunu göstərir.
Xüsusən, 2008-ci ildə dünyada baş qaldıran iqtisadi böhrandan sonra ərzaq təhlükəsizliyinin qlobal problem kimi aktuallaşması bu istiqamətdə həm də elmi araşdırmaları, yəni, problemin həllinə elmi yanaşmanı zəruri edib. Bu baxımdan iqtisad elmləri doktoru, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin araşdırmaları, ərzaq təhlükəsizliyinə dair elmi baxışları, fikir və mülahizələri diqqəti cəlb edir. Alimin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabı da məhz qlobal miqyasda ərzaq təhlükəsizliyi məsələlərinə həsr olunub. Kitabda ərzaq çatışmazlığının səbəbləri və problemlərdən çıxış yolları elmi əsaslarla göstərilib. Kitab müəllifin bir neçə illik, o cümlədən ABŞ, Meksika, Kuba, Koreya Respublikası, Yaponiya, Almaniya, Qətər və digər ölkələrə səfərləri zamanı apardığı araşdırmaların nəticəsi olaraq ərsəyə gəlib.
“İlin kitabı”
Azərbaycan alimlərinin qlobal problemlər ətrafında apardıqları araşdırmaları, fikir və mülahizələri dünyanın aparıcı elm ocaqları tərəfindən maraqla izlənilməkdədir. Professor Eldar Quliyevin “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının ötən ilin aprel ayında Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəfis tərtibatla nəşr edilməsi də Azərbaycan alimlərinin beynəlxalq səviyyədə uğurlarının ən gözəl nümunəsidir. Kitabda qoyulan məsələlər isə çox çəkmədən BMT-nin diqqətini cəlb edib. Ona görə dünyanın ən böyük kitabxanalarından sayılan BMT-nin Cenevrədəki kitabxanasının ekspertlər şurası tərəfindən kitabın bu kitabxanaya qəbulu barədə qərar çıxarılıb. Qeyd edək ki, Azərbaycanın 27 illik müstəqillik tarixində ilk dəfə məhz ilk azərbaycanlı olaraq professor Eldar Quliyevin bu kitabı BMT-nin kitabxanasına qəbul edilib. Bundan sonra BMT Nyu Yorkdakı kitabxanası da bu kitab üçün müraciət edib.
Ötən ilin noyabrında isə İtaliyada kitabın təqdimatı keçirilib. Tədbirdə ABŞ, Rusiya, Almaniya, Türkiyə, İtaliya, İsveçrə və Vatikandan olan nümayəndələr, ayrı-ayrı elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri iştirak ediblər. Təqdimatda iştirak edən Avropa Təbiət Elmləri Akademiyasının prezidenti akademik V.Q.Timinski, BMT-nin İctimai Mükafatlar üzrə Şurasının İsveçrədəki nümayəndəsi Mehmet Şükrü Gözəl, Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis, tanınmış alim Məsud Əfəndiyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Romadakı filialının rəhbəri Sandro Teti çıxış edərək professor Eldar Quliyevin elmi fəaliyyəti və təqdim olunan kitabın əhəmiyyəti haqqında danışıblar. Kitabda ərzaq təhlükəsizliyi ilə bağlı ən vacib məqamlara toxunulduğu və bu sahədə mövcud problemlərə yeni yanaşma tətbiq etmək baxımından nəşrin əhəmiyyətli olduğu vurğulanıb.
Tədbir zamanı BMT-nin İctimai Mükafatlar üzrə Şurasının nümayəndəsi Mehmet Şükrü Gözəl “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görüldüyünü elan edib. O, Eldar Quliyevə “İlin kitabı” beynəlxalq mükafatını təqdim edib.
Vatikan Bonifasiana Akademiyasının prezidenti Sante de Ancelis Eldar Quliyevin bu akademiyanın həqiqi üzvü (akademik) diplomu ilə təltif olunduğunu bildirərək ona müvafiq diplomu təqdim edib.
BMT-nin “Xoşməramlı elm və sülh səfir”i
Bakıda bu günlərdə keçirilən konfransda isə “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabının beynəlxalq səviyyədə maraqla qarşılandığı, azərbaycnlı alimin araşdırmalarının ərzaq təhlkəsizliyi probleminin aradan qaldırılmasına böyük elmi töhfə olduğu vurğulanıb. Bütün bunlar nəzərə alınaraq Eldar Quliyevə “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının Beynəlxalq Mükafatlar Komitəsinin “Xoşməramlı elm və sülh səfir”i fəxri adı, eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin alimi” beynəlxalq mükafatı təqdim olunub.
Mövzu ilə bağlı Eldar Quliyevlə söhbətləşdik. Onun sözlərinə görə, dünyada 200-dən artıq dövlətin heç də hamısı qida məhsulları istehsal etmir: “Az sayda ölkə var ki, tam olaraq daxili istehsal hesabına vətəndaşlarını yeyinti məhsulları ilə təmin edir. Bəziləri bir qisim ərzaq məhsullarını idxal edir. Qətər dövləti isə bütünlüklə ərzaq məhsullarını xaricdən idxal edir. Hər bir dövlətin isə təxminən 3 aylıq ərzaq ehtiyatı olur. 2008-ci ildə 40 dövlət bir müddət ərzaq ixracını dayandırmışdı. Bunun nəticəsində o dövrdə ərzaq məhsullarının qiymətləri yüksəldi. Bu faktın özü hələ o zaman ərzaq təhlükəsizliyini qlobal problemlərdən biri kimi ortaya çıxardı”.
Kənd təsərrüfatı məhsulları qida sənayesi üçün əsas xammal mənbəyidir. Bu barədə danışan Eldar Quliyev dedi ki, bəzən insandan asılı olmayan obyektiv səbəblərdən - qlobal istiləşmədən, subasmalardan və ya suvarma suyunun azalması, ekoloji çirklənmədən kənd təsərrüfatı istehsalında geriləmə yarana bilər ki, bu da ərzaq çatışmazlığına yol açar. Bütün bu problemlər bəzi ölkələrdə daha kəskin olmaqla bütün dünyada özünü göstərməkdədir. Ona görə kitabda təklif olunur ki, istifadə edilən şirin su təkrar emal olunaraq yenidən istehsalata qaytarıla bilər ki, bu da xüsusən kənd təsərrüfatında su çatışmazlığını əhəmiyyətli dərəcədə aradan qaldırar. Həmçinin qlobal istiləşmə ilə əlaqədar daha istiyə dözümlü məhsullar yetişdirilə bilər. Subasma ilə əlaqədar su sevən bitkilərin yetişdirilməsinə üstünlük verilə bilər.
Bu gün dünyada torpaqların cəmi 25 faizi kənd təsərrüfatı məqsədilə istifadə olunur. Bu ondan xəbər verir ki, yaxın gələcəkdə dünyada ciddi ərzaq çatışmazlığı yarana bilər. Hazırda əkin sahələri cəmi 5 faiz artsa, ərzaq istehsalı da əhəmiyyətli dərəcədə çoxalar. G-8, G-20 formatlarında müxtəlif qlobal məsələləri müzakirə edən dövlətlər bu problemə də xüsusi diqqət yetirməlidir. Bu məsələ kitabda da problem olaraq ortaya qoyulub və təkliflər irəli sürülüb.
Kitabda haqlı olaraq bildirilir ki, hazırda mövcud şərait, dünyada cərəyan edən proseslər daxili ərzaq bazarının gücləndirilməsi və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə daha diqqətli və kompleks yanaşma tələb edir. Bu barədə danışan Eldar Quliyevin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Hətta ölkəmizdə bu sahədə görülən işlər region və inkişaf etməkdə olan ölkələr üçün əsl nümunədir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-
2018.- 7 iyun.- S.9.