Azərbaycan Xalq
Cümhuriyyətinin maliyyə və pul-kredit
islahatları
Azərbaycan
Xalq Cümhuriyyəti İli
Azərbaycan Xalq Cümhuriyyəti
elan olunduqdan sonra ölkənin iqtisadi siyasətinin istiqamətlərini
müəyyənləşdirmək üçün geniş
islahatlar həyata keçirilməyə başlandı.
Fətəli xan Xoyskinin Tiflisdə
yaratdığı birinci hökumət kabinetində maliyyə
naziri vəzifəsinin icrası Nəsib bəy Yusifbəyliyə
tapşırıldı. Sonra həmin vəzifəyə
müxtəlif vaxtlarda Əbdüləli bəy Əmiraslanov,
Məmmədhəsən Hacınski, Slavyan-Rus Cəmiyyətindən
olan İ.Protasov, Əliağa Həsənov və Rəşid
bəy Qaplanov təyin olundular. Hökumət daha çox bu
sahədə qanunvericilik bazasının yaradılmasına
üstünlük verirdi. Çünki mükəmməl
hüquqi baza olmadan inkişafın ümumi meyillərini tənzimləmək
qeyri-mümkün idi. Həmin ilin dekabrında Azərbaycan
parlamentinin ilk iclası keçirilir. 1919-cu ilin dekabrına qədər
- yəni fəaliyyət göstərdiyi bir il müddətində
parlamentdə 215 qanun layihəsi müzakirəyə təqdim
edilir. Bunlardan da 82-si məhz maliyyə sahəsinə aid idi.
Nazirlik tərəfindən təqdim olunmuş bu layihələrdə
maliyyə və pul-kredit sisteminin təşkil edilməsi
üçün konkret təkliflər öz əksini
tapmışdı. Sənədlərdə beynəlxalq təcrübə,
müxtəlif ölkələrin bu sahəyə aid
qanunvericilik aktlarının müsbət məqamları nəzərə
alınmışdı.
Qeyd edək ki, həmin dövrdə
Azərbaycanda 200-dən çox kredit müəssisəsi fəaliyyət
göstərirdi. Azərbaycan Dövlət Bankının və
kommersiya bankları şöbələrinin,
qarşılıqlı kredit cəmiyyətlərinin, Bakı
Xüsusi Lombardının, ipoteka krediti banklarının,
kiçik kredit müəssisələrinin, mərkəzi
poçt-teleqraf və əmanət kassalarının daxil
olduğu bu şəbəkə respublikanın maliyyə-kredit
sistemində mühüm yer tuturdu.
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin maliyyə və pul-kredit siyasətinin əsas
məqsədi dövlət gəlirlərinin artırılmasını
təmin etmək və paralel olaraq xərclərin
azalmasına nail olmaq, pul və kredit tədavülünü
qaydaya salmaq, ümumiyyətlə, dövlətin maliyyə
sistemini yenidən qurmaqdan ibarət olmuşdu. Qısa vaxt ərzində
bu vəzifələrin öhdəsindən gəlmək
çətin olsa da, hökumət bir sıra uğurlar qazana
bilmişdi.
Pul tədavülü və
inflyasiya məsələsi o illərdə təkcə
müstəqilliyini yenicə elan etmiş Azərbaycan
Cümhuriyyəti üçün deyil, eləcə də
Birinci Dünya müharibəsinin təsiri ilə bütün
dünya dövlətləri qarşısında duran başlıca
məsələ idi. İnflyasiya nəticəsində qiymətdən
düşməkdə olan manatın məzənnəsini tənzimləmək
mümkün olmasa da, nazirlik ölkədə normal pul tədavülü
dövriyyəsini qoruyub saxlamaq üçün ciddi
addımlar atmışdı. 1919-cu il sentyabrın 30-da
Bakıda fəaliyyətə başlamış Azərbaycan
Dövlət Bankının bu sahədə müstəsna əhəmiyyəti
olmuşdu. Onun Gəncədə, Şamaxıda, Lənkəranda
və başqa şəhərlərdə şöbələri
yaradılmışdı.
Qeyd edək ki, Xalq Cümhuriyyətinə
qədər Azərbaycanda “Nikolayevski” manatı, “Kerenski” və
“Bakı bonları” adlı pul vahidləri işlədilirdi.
“Bakı bonları” 1918-ci ilin əvvəllərində
dövriyyəyə verilmişdi. 1918-ci ildə cümhuriyyət
öz pullarını tədavülə buraxır. Bu pul vahidi
“bon” adlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti
yaşadığı müddətdə ümumilikdə 2
milyard 345 milyon pul dövriyyəyə
çıxarmışdı. Hökumət üçün
o pul tədavülünü tənzim etmək ən mürəkkəb
məsələlərdən idi. Çünki
iqtisadiyyatın inkişafına nail olmaq üçün ilk
növbədə pul tədavülünü nizamlamaq lazım
idi. Real siyasət və iqtisadi vəziyyət isə bu sahədə
daha ciddi işlər görmək imkanını məhdudlaşdırırdı.
Amma çətinliklərə baxmayaraq, Azərbaycan Xalq
Cümhuriyyəti bəzi irəliləyişlərə nail
oldu və dövriyyədə bir neçə pul vahidinin
olması faktının aradan qaldırılması, milli
valyutanın yaradılması istiqamətində çox ciddi
addımlar atdı.
1919-cu ildə Azərbaycan Dövlət
Bankının nizamnaməsi işlənib hazırlandı və
parlamentin müzakirəsinə təqdim edildi. Elə həmin
ilin 16 sentyabrında Azərbaycan parlamenti nizamnaməni təsdiqlədi
və sentyabr ayının 30-da Dövlət Bankı fəaliyyətə
başladı.
1919-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin dövlət atributlarından birini əks
etdirən 25, 50, 100, 250 və 500 manat dəyərində
kağız əsginaslar dövriyyəyə buraxıldı.
Yüksək bədii zövqlə hazırlanmış bu əsginasların
üzərində Nazirlər Şurasının sədri Nəsib
bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun
imzaları var idi.
Onu da qeyd edək ki, buna qədər
Xalq Cümhuriyyətinin dövriyyəyə
buraxdığı pullara əhali o qədər də
çox etimad göstərmirdi və bu da onların
alıcılıq qabiliyyətinin aşağı düşməsinə
gətirib çıxarırdı. Bundan başqa, dövriyyədə
müxtəlif pul vahidlərinin olması cəmiyyətdə
müəyyən tərəddüd və narahatlıq
yaradırdı. Azərbaycan Dövlət Bankının təsis
edilməsi isə maliyyə, pul-kredit sisteminin qurulmasında
mühüm addım oldu. Artıq 1918-ci ilin sonuna qədər
Dövlət Bankının ümumi balans dövriyyəsinin həcmi
653 milyon manatı ötmüşdü.
Maliyyə Nazirliyi qısa vaxtda
ölkədə maliyyə aparatının yaradılması
sahəsində də çox işlər görə
bilmişdir. Ölkənin maliyyə strukturunun bütün sahələrində
- həm mərkəzi, həm də yerli maliyyə idarələrinin
mükəmməl və planlı sistemi
yaradılmışdı. Nazirlik ölkədə pul-kredit əməliyyatlarının
həyata keçirilməsi üzərində tam nəzarəti
təmin etməklə öz işlərini getdikcə daha da təkmilləşdirirdi.
İradə ƏLİYEVA
Azərbaycan.-
2018.-7 iyun.- S.11.