İşıqlı
ömürlülərin kitabı
Yeni nəşrlər
Millətin öz varlığını, azadlığını qoruması, tərəqqi etməsi tarixin bütün dönəmlərində asan olmayıb. Bu yolda mənəvi və fiziki gücünü, mücadilə əzmini, biliyini, bacarığını əsirgəməyən şəxsiyyətlər heç zaman unudulmur. Yeni nəsillər öz vəfa borclarını onların xatirələrini yaşatmaqla, əziz tutmaqla ifadə edirlər. Tanınmış araşdırmaçı, publisist Sabir Gəncəli-Məmmədovun oxuculara təqdim etdiyi yeni kitab - “İşıqlı ömürlər, kövrək talelər (Sənədli hekayələr, publisistik məqalələr, tarixi oçerklər və sənədli povest)” kitabı da tariximizə şərəfli səhifələr yazmış, qürurla yada saldığımız millətin fədakar, qəhrəman övladlarına ehtiramın təcəssümüdür.
Yeni nəşrin “Dövlətçiliyimizin inkişaf etdirilməsində ulu nənələrimizin rolu” adlı ilk bölməsində müəllif xatırladır ki, Azərbaycan nağıllarını, dastanlarını, xüsusilə “Dədə Qorqud” dastanını və bir sıra tarixi kitabları oxuyanda göz önündə ulu nənələrimizin mərdliyi, vətənpərvərliyi canlanır. Bu azərbaycanlı qadınlar - Tomrisi (miladdan əvvəl VII əsr), Məhsəti Gəncəvini (XII əsr), Mehrican Xatunu (XIII əsrin əvvəlləri), Quba xanı Fətəli xanın ömür-gün yoldaşı Tuti Bikəni (XVIII əsr), Xan qızı Ağabəyim ağa Ağabacını (XVIII əsrin sonu, XIX əsrin əvvəlləri) və başqalarını bizdən əsrlər ayırsa da, uzaqlaşdıra bilməyib. Onların hər biri yalnız cəsarəti, qorxmazlığı, mərdanəliyi ilə deyil, eyni zamanda ağlı, zəkası, istedadı ilə nümunədir.
Kitabın ikinci bölməsində qürur hissi ilə xatırladığımız möhtəşəm bir tariximiz əksini tapıb. “Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycan qadınlarının taleyində” adlı bu bölmədə qadın xeyriyyə cəmiyyətlərinin, Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəaliyyəti haqqında geniş məlumat verilib. Müəllif diqqətə çatdırır ki, xeyirxahlıq, səxavətlilik, insanpərvərlik, mərdlik xalqımızın təbiəti, mənəvi aləmi olmuşdur. XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl xanımları da soydaşlarının savadlanması, inkişafı naminə xeyriyyə işlərində böyük fəallıq göstərirdilər. Həmin dövrdə azərbaycanlı ziyalılar əhalinin kütləvi savadlanması üçün məktəblərin açılması, sayca az olan təhsil ocaqlarında isə tədrisin dövrün tələblərinə cavab verməsi, yeni düşüncəli, savadlı, millətsevər mütəxəssislərin yetişməsi üçün bacarıqlarını əsirgəmirdilər.
“Azərbaycan qadınları Cümhuriyyət dövründə - 1918-1920-ci illərdə” başlıqlı yazıda o illərin real tarixi mənzərəsini müəllif gözlərimizin önündə belə canlandırır: “XX əsrin əvvəllərində inqilabların, müharibələrin tüğyan etdiyi, milli azadlıq hərəkatının genişləndiyi bir dövrdə xalqımız öz taleyi haqqında düşünməyə başlamış, əsarətdən xilas olmaq, azad yaşamaq, tərəqqi etmək, yeni cəmiyyət yaratmaq uğrunda mübarizəyə atılmışdı. Bu oyanış, bu dirçəliş müsəlman aləmində ilk dəfə olaraq Odlar yurdumuzda Azərbaycan Demokratik Cümhuriyyəti yaratdı”.
“İşıqlı ömürlər, kövrək talelər” kitabında Azərbaycanın elm, mədəniyyət, incəsənət, mətbuat, eləcə də digər sahələrində birinci olmuş qadınlarımızın həyat və fəaliyyətləri haqqında zəngin məlumatlar var. Həmidə xanım Cavanşir-Məmmədquluzadə, Hənifə xanım Məlikova, Xədicə Əlibəyova, Şəfiqə Əfəndizadə, Nabat Nərimanova, Asiya Axundzadə, Maral Nəbizadə, Xədicə Qayıbova, Gülarə Köylü qızı, Ümgülsüm Sadıqzadə və daha neçə-neçə zərif xanımlar soydaşlarının öz haqlarını, hüquqlarını anlamağa, müdafiə etməyə qadir olacaq səviyyəyə çatmaları üçün mücadilələrdə həyat yoldaşları, ataları, qardaşları və digər yaxın qohumları ilə bir sırada dayandılar. Millətinin fədailəri olan qadınlarımızın əksəriyyəti ağır həyat yaşadı, taleyi faciəli oldu. 1937-ci ilin repressiyasında onların da bir çoxu haqsız yerə günahlandırıldı, həbs olundu, kimisini sürgünə göndərdilər, kimisini güllələdilər. Onların hər biri haqqında kitabda böyük məhəbbətlə söz açılır.
Qeyd edək ki, kitabın müəllifi Sabir Gəncəli-Məmmədov uzun illərdir mətbuatda dərin araşdırmalarının bəhrəsi olan müxtəlif janrlı yazıları ilə çıxış edir. O, bədii yaradıcılıqla da məşğul olur, şeirlər, sənədli hekayələr, tarixi oçerklər və sənədli povestlər müəllifidir. Sabir Gəncəlinin əsərlərinin əsas mövzusu qadınlarımızdır. Azərbaycanın qəhrəman, cəfakeş, fədakar qadınlarının keşməkeşli ömür yollarını, millətin işıqlı gələcəyi naminə gördükləri böyük işləri tarixi faktlara əsaslanaraq, ustalıqla qələmə alır. “İşıqlı ömürlər, kövrək talelər” kitabının ön sözündə müəllifin özü də qeyd edir ki, inqilabdan əvvəl və cümhuriyyət dövründə Azərbaycan qadınlarının maarif və mədəniyyətin inkişafında xidmətləri və 30-cu illərdə bu qadınların repressiyaya məruz qalmaları haqqında yazdığı mindən artıq məqalə, sənədli hekayə, povest, tarixi oçerk, xatirə, məlumat, doqquz ensiklopedik toplu və iyirmidən artıq kitab, tarixçi alimlərimizin dediyi kimi, tarixşünaslıqda və mənbəşünaslıqda mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın mərd, azadlıqsevər qadınlarının nəcib, xeyirxah əməllərindən bəhs edən “İşıqlı ömürlər, kövrək talelər” kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir vaxtda yaddaşımızı təzələyir və yeni məlumatlarla zənginləşdirir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2018.-7 iyun.- S.11.