Böyük Britaniya Kraliçası II Elizabetin
təvəllüd günü münasibətilə
Bakıda qəbul təşkil olunub
Böyük Britaniya və
Şimali İrlandiyanın Kraliçası II Elizabetin təvəllüd
günü münasibətilə Bakıda qəbul təşkil
olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə
əvvəlcə Azərbaycanın və Britaniyanın
dövlət himnləri səslənib.
Böyük Britaniyanın ölkəmizdəki
səfiri xanım Kerol Krofts Kraliçanın təvəllüd
gününün Azərbaycanda qeyd edilməsinin əlamətdar
hadisə olduğunu söyləyib. O, ölkələrimiz
arasında əməkdaşlığın hazırkı səviyyəsini
yüksək qiymətləndirib.
Energetika naziri Pərviz Şahbazov
tədbirdə çıxış edərək əlamətdar
gün münasibətilə Britaniya xalqını təbrik
edib. Nazir bildirib ki, iki ölkə arasında dostluq və
qarşılıqlı faydalı əməkdaşlıq əsasında
davam edən əlaqələrin tarixi 26 ildən çoxdur. Əlaqələrimiz
enerji və qeyri-enerji sektoru daxil olmaqla, bir sıra sahələri
əhatə edir. Britaniya Azərbaycanda ən böyük
investordur. Azərbaycanda 400 Britaniya şirkəti fəaliyyət
göstərir. Bu yaxınlarda açılışı olan
Cənub Qaz Dəhlizi əməkdaşlığımızda
və qlobal enerji təminatında yeni üfüqlər
açır. “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər
uzadılması, yeni yataqların kəşfi ilə
bağlı nəzərdə tutulan tədbirlər tərəfdaşlıq
əlaqələrimizin yeni səviyyəyə qalxmasına
xidmət edəcək. Hər iki ölkə sülhün və
qlobal təhlükəsizliyin təmin olunmasında sıx əməkdaşlıq
edir.
Nazir əmin olduğunu bildirib ki,
ölkələrimiz arasında qarşılıqlı
faydalı əməkdaşlıq gələcəkdə daha
da güclənəcək.
Sonra Azərbaycanla Britaniya
arasında əlaqələrdən bəhs edən
videoçarx nümayiş etdirilib.
Tədbir konsert proqramı ilə davam edib
Azərbaycan.- 2018.-8 iyun.- S.2.