Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat yaradılmış Komitəsinin iclası keçirilib

 

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclası olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev və təşkilat komitəsinin üzvləri Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxıblar.

Sərgidə “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” gümüşdən hazırlanan loqotipi, üzərində loqotip əks olunan döş nişanları, zərflər, poçt markaları, “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransının materialları, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları”, “Qədim və müasir Naxçıvan” kitabları, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipinin tanıtım videoçarxı, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filmi, Naxçıvandakı türk-islam mədəniyyəti abidələrinin əks olunduğu suvenirlər, həmçinin üzərində loqo olan xalça, duzdan, muncuqdan, gipsdən, misdən və dəridən hazırlanan əl işləri, müxtəlif aksesuarlar, eləcə də “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqosunun əks olunduğu yerli məhsullar nümayiş olunurdu.

Sərgiyə baxışdan sonra Təşkilat Komitəsinin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də ilk iclası keçirilmiş, ötən dövrdə isə işçi qrupu səviyyəsində yığıncaqlar olmuşdur. Bu gün isə Təşkilat Komitəsinin ikinci iclası keçirilir. İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış tədbiri keçiriləcəkdir. Bununla bağlı Tədbirlər Planına uyğun olaraq müvafiq hazırlıq işləri görülür.

İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” loqotipi hazırlanıb. Hazırda Naxçıvan şəhərindəki monitorlarda, Naxçıvan Beynəlxalq Hava Limanının və Naxçıvan şəhərinin girişində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və “Təbriz” otelində loqotip nümayiş olunur. Bundan əlavə, kütləvi informasiya vasitələrində, internet saytlarında və sosial şəbəkələrdə də loqotip tanıdılır. Üzərində loqotip əks olunmuş 100 min ədəd zərf, 100 min ədəd poçt markası, markalardan ibarət 200 ədəd buklet, 500 ədəd döş nişanı hazırlanıb. Tədbirlər Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə Xatın, Yusif Küseyroğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfransı, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Muxtar respublikanın türk-islam mədəniyyəti abidələrinin təbliği məqsədilə çap materiallarının hazırlanması da diqqətdə saxlanılıb. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları nəşr olunub. “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” rəsmi internet səhifəsi, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” videoçarxı, eləcə də “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş suvenirlər hazırlanıb.

Diqqətə çatdırılıb ki, 2018-ci il fevralın 21-də ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsində “Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimimövzusunda interaktiv dərs keçirilib. Muxtar respublikada türk-islam mədəniyyəti abidələrinin təmir və bərpası da diqqətdə saxlanılır. Hazırda Şərur rayonundakı Yengicə hamamında və Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksində əsaslı bərpa işləri davam etdirilir. Eyni zamanda, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı ISESCO-nun saytına yerləşdirmək üçün “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” loqotipi, Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən fotoşəkillər seçilərək aidiyyəti üzrə təqdim edilib. Həmçinin muxtar respublikanın mədəniyyət müəssisələrində də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018” devizi altında tədbirlər keçirilib.

İclasda “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” açılış tədbirinin proqramı Təşkilat Komitəsinin üzvlərinə təqdim edilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək deyib ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı müəyyənləşdirilən vəzifələrin icrası ötən dövrdə diqqətdə saxlanılıb. Azərbaycan Milli Kitabxanasında Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı sərgi açılıb, bütün ölkə kitabxanalarında müvafiq guşələr yaradılıb, mədəniyyət müəssisələrində tədbirlər keçirilib. Eyni zamanda ISESCO-nun saytında “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri haqqında ingilis, ərəb və fransız dillərində məlumat yerləşdirilib. “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirinə böyük maraq vardır. Beynəlxalq təşkilatların və islam ölkələrinin yüksək səviyyəli nümayəndələrinin tədbirdə iştirakı gözlənilir. Qonaqların Bakı şəhərində qarşılanması və Naxçıvan şəhərinə yola salınması ilə bağlı bütün təşkilati işlər görülüb. Muxtar respublikada yaradılan müasir infrastrukturislami dəyərlərin yaşadılması sahəsində görülən işlər tədbirin yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirinə hazırlıqla bağlı tapşırıqlar verərək deyib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvanda “İslam filmləri həftəsi”nin keçirilməsi üçün ölkələri və filmləri müəyyənləşdirməli, cari ilin sentyabr ayında İslam dinini olduğu kimi təqdim edən filmlərdən ibarət “İslam filmləri həftəsi” keçirilməlidir. İqtisadiyyat Nazirliyiİslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi əks olunmuş suvenirlərin hədiyyələr mağazalarında satışının təşkilini diqqətdə saxlamalıdır. Tədbirlər Planına əsasən 2018-ci ildə “İslam dini və ailə dəyərləri” mövzusunda konfrans, iyun ayının 20-dək “İslam dəyərləri: ramazanqurban bayramları” mövzusunda elmi forum təşkil edilməlidir. Təşkilat Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bu tədbirlərin keçirilməsini təmin etməli, İslam dinində ailə dəyərlərinin, eləcə də RamazanQurban bayramlarının mahiyyəti elmi şəkildə izah olunmalıdır.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ilə birlikdə açılış tədbirində iştirak edəcək ölkələrin siyahısını müəyyənləşdirməli, açılış tədbiri üçün eyni ölçüdə 2 ədəd Dövlət bayrağı, ISESCO-nun və üzərində “İslam mədəniyyətinin paytaxtı Naxçıvan -2018” loqotipi əks olunmuş bayraqlar hazırlanmalıdır. Açılış tədbirində nümayiş üçün hazırlanmış “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” filmi ingilis dilinə tərcümə olunmalıdır. Dram Teatrın foyesində “Mənim Naxçıvanım” foto sərgisi təşkil olunmalı, yarım saatlıq konsert proqramı hazırlanmalı, Naxçıvan Biznes Mərkəzində sərgi təşkil olunmalıdır. Rabitə və Yeni Texnologiyalar Nazirliyi açılış tədbirində ərəb və ingilis dillərində sinxron tərcüməni təmin etməlidir. Tədbirin proqramına əsasən iyun ayının 19-20-də qonaqların mədəni-kütləvi tədbirlərdə iştirakı və görməli yerlərlə tanışlığı üçün Nəqliyyat Nazirliyi avtobuslar ayırmalı, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi avtobuslara ingilis dilini bilən bələdçilər və öz nümayəndələrini müəyyənləşdirməlidir.

Ali Məclisin Sədri deyib ki, Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri ISESCO-nun “Yaşıl şəhər strategiyası” ekspertlərinin görüşünün Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilməsini təmin etməli, Azərbaycan Milli Elmlər Akademiyasının Bioresurslar İnstitutu ilə birlikdə Naxçıvan təbiəti ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgi açılmalıdır. Tədbir iştirakçılarının qarşılanması və yola salınması ilə bağlı məsələlər Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə, Mədəniyyət Nazirliyinə və Naxçıvan Beynəlxalq Hava Limanına tapşırılmışdır.

İclasda Təşkilat Komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli çıxış edərək deyib ki, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi əlamətdar hadisədir. Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcəkdir. Naxçıvan təktanrıçılığın mərkəzidir və qədim diyarda bununla bağlı 3 mühüm abidə vardır. Bu torpaqda böyük mədəniyyət formalaşıb. Naxçıvan abidələrində İslami dəyərlər və dünyəvilik vəhdətdə götürülüb. Nəticədə Naxçıvanda İslam dininə cəhalət və fanatizmdən uzaq yeni bir baxış - elmi və mədəni yanaşma formalaşıb. Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi və bununla bağlı görülən işlər İslama münasibətin Naxçıvan modeli, əslində isə ümumdünya miqyasında gerçək İslam modelidir. İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasında Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı tədbirlər keçirilib, “Naxçıvan xalçaları” və “İslamda müdrik kəlamlar” kitabları ərəb dilinə tərcümə olunub, dövrü mətbuatda məqalələr dərc olunub.

Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, açılış tədbirinin ölkə və dünya mətbuatında geniş işıqlandırılmasının vacibliyini qeyd edib.

 

Azərbaycan.- 2018.- 8 iyun.- S.2.