Azərbaycan ilə Qambiya bir-birini daim dəstəkləyir
Ousainu Darboe:
"Qambiya Prezident Adama Barrou Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük
inkişafa nail olduğunu
və bölgədə
əməkdaşlığa, iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin
olunması işinə
mühüm töhfə
verdiyini bildirib"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 8-də Qambiya
Respublikasının xarici işlər naziri Ousainu Darboenin
başçılıq etdiyi, Qambiyanın əmək və
infrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı Azərbaycan ilə
Qambiya arasında dostluq əlaqələrinin mövcud
olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində, o cümlədən İslam
Əməkdaşlıq Təşkilatı və BMT-də
uğurlu əməkdaşlıq həyata keçirdiyini və
bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın ədalətli mövqeyinin
Qambiya tərəfindən beynəlxalq platformada dəstəklənməsinə
görə təşəkkürünü bildirdi.
Xarici işlər naziri
Ousainu Darboe Qambiya Prezidenti Adama Barrounun salamlarını
dövlətimizin başçısına
çatdırdı. O qeyd etdi ki, Prezident Adama Barrou Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanın böyük
inkişafa nail olduğunu və bölgədə əməkdaşlığa,
iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin
təmin olunması işinə mühüm töhfə
verdiyini bildirib. Nazir Ousainu Darboe Azərbaycan ilə
Qambiyanın Qoşulmama Hərəkatında fəal
iştirakını qeyd edərək ölkələrimizin
İslam Əməkdaşlıq Təşkilatında, BMT-də
bir-birini qarşılıqlı surətdə dəstəklədiyini
vurğuladı. Ousainu Darboe daha sonra qeyd etdi ki, onun
ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı Azərbaycanın
haqlı mövqeyini dəstəkləyir və diqqətə
çatdırdı ki, Qambiya Prezidenti Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən
işğal edilməsini qətiyyətlə pisləyir.
Prezident İlham Əliyev
Qambiya Prezidenti Adama Barrounun salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Qambiya dövlətinin
başçısına çatdırmağı xahiş
etdi.
Söhbət zamanı Azərbaycan
ilə Qambiya arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə, o cümlədən iqtisadi
sahədə əməkdaşlığın perspektivlərinin
müəyyənləşdirilməsinin vacibliyi qeyd edildi.
Azərbaycan.-
2018.-9 iyun.- S.1.