Azərbaycanın müdafiə
naziri NATO-nun
toplantısında iştirak edib
Azərbaycan Respublikasının
müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 8-də
Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli
dəstək” missiyasına töhfə verən dövlətlərin
müdafiə nazirləri səviyyəsində keçirilən
toplantıda iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə
Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət,
missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin
saxlanılması üçün tələb olunan maliyyə
öhdəçiliyinin 2020-ci ildən sonra da davam etdirilməsi
və digər məsələlərə dair fikir mübadiləsi
aparılıb.
General-polkovnik Zakir Həsənov
iclasda çıxış edərək Azərbaycanın Əfqanıstana
göstərdiyi dəstək barədə ətraflı məlumat
verib. Müdafiə naziri Əfqanıstanda sülhün və
sabitliyin bərqərar olunması üçün beynəlxalq
ictimaiyyətin səylərinin Azərbaycan tərəfindən
bundan sonra da dəstəklənəcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan
Respublikasının 120 nəfərlik sülhməramlı
kontingenti Əfqanıstandakı “Qətiyyətli dəstək”
missiyasında iştirak edir. Eyni zamanda, Azərbaycan
Respublikası NATO missiyasına multimodal tranzit, təlim və Əfqan
Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə
də töhfə verir.
Azərbaycan.-
2018.- 9 iyun.- S.2.