Avropa
Mühafizəkarlar və İslahatçılar
Alyansının nümayəndə heyəti Heydər Əliyev
Mərkəzi ilə tanış olub
Azərbaycanda səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar
Alyansının nümayəndə
heyəti iyunun 8-də
Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər
verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən
sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat
verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik
fəlsəfəsinin, azərbaycançılıq
ideologiyasının və Ulu Öndərin irsinin dərindən
öyrənilməsinə və tədqiq edilməsinə
yönəlib. Bundan əlavə, Mərkəzin həyata
keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin
və digər milli sərvətlərin beynəlxalq aləmdə
populyarlaşdırılmasına və təbliğinə, elmin,
təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın,
ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin
dəstəklənməsinə və inkişafına xidmət
edir.
Diqqətə çatdırılıb ki, dünya
şöhrətli memar Zahi Hadidin layihəsi əsasında
inşa olunmuş Heydər Əliyev Mərkəzi dünya
memarlıq inciləri siyahısına daxil edilib. Burada rəsmi qəbulların, beynəlxalq
konfransların, iclasların və digər tədbirlərin
keçirilməsi üçün hər cür şərait
yaradılıb.
Mərkəzdə
yaradılmış Heydər Əliyev Muzeyi qonaqların
böyük marağına səbəb olub.
Nümayəndə heyətinin diqqətinə
çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin
90 illik yubileyi ərəfəsində açılmış
bu muzeyin “Fotoşəkillərdə əks olunmuş həyat”,
“Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik,
irs, nailiyyətlər” adlı bölmələrində Ulu
Öndərin həm sovet dövründə, həm də
ölkəmizin müstəqilliyi illərində fəaliyyət
konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə
təqdim olunur. Hər bir mövzu üzrə
materiallar Azərbaycan və ingilis dillərində təqdim
edilir.
Nümayəndə heyətinin
üzvləri Mərkəzdə “Azərbaycan inciləri” sərgisi
ilə də tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini
əks etdirən bu sərgidə ölkəmizin tükənməz
təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni
irsi ilə bağlı unikal eksponatlar nümayiş etdirilir.
Sərgidə qədim peşələrin, o
cümlədən Azərbaycan xalçaçılıq məktəbinin
nadir nümunələri təqdim edilib. Mis
məmulatlar sərgisi qonaqların xüsusi marağına səbəb
olub. Azərbaycanın qədim
çalğı alətləri orijinal şəkildə - səsli
formada təqdim olunur. Azərbaycan milli geyimləri,
qədim sikkələr nümayiş etdirilən sərgiyə
gələnlər burada müxtəlif dillərdə müqəddəs
kitabları da görə bilərlər.
Qonaqlar “Mini Azərbaycan” sərgisinə
də baxıblar. Bu sərgidə onlar Azərbaycanın
tarixi və memarlıq binalarının maketi vasitəsilə
ölkəmizin zəngin memarlıq nümunələrini
görmək imkanı əldə ediblər.
Azərbaycan.- 2018.- 9 iyun.- S.2.