“XƏZƏR”
yola çıxdı...
Növbəti milli istehsalımız olan avtomobillər “Khazar” brendi ilə yerli və xarici
bazarlara çıxarılacaq
Bu il mart ayının 29-da Prezident İlham Əliyev və İran İslam Respublikasının
Prezidenti Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində
“Azərmaş” ASC və
“İran Khodro” şirkətlərinin birgə
yaratdığı zavodun
açılışını etdilər və burada beynəlxalq təhlükəsizlik standartlarına
tam uyğun istehsal edilmiş ilk avtomobil nümayiş olundu. Cəmi iki aydan sonra
isə zavod yeni “Khazar” adlanan
avtomobillərini satışa
çıxardı. Dünən Neftçala
Sənaye Məhəlləsində
yeni avtomobillərin təqdimat mərasimi keçirildi və “Khazar”in ilk sifarişçilərinin
adları da bəlli oldu.
İlk sənaye
məhəlləsinin uğur
formulu
Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası ölkəmizin
davamlı və dayanıqlı inkişafının
təmin olunmasına yönəldilib. Xüsusən də sənayeləşmə
siyasəti iqtisadi inkişaf strategiyasında
böyük əhəmiyyət
kəsb edir. Dövlət
başçısının təşəbbüsü ilə
son illərdə ölkəmizdə
sənaye zonalarının
yaradılması istiqamətində
mühüm qərarlar
verilib, bu istiqamətdə sistemli addımlar atılıb.
2015-ci il
fevralın 2-də Neftçala
Sənaye Məhəlləsinin
yaradılması ilə
bağlı sərəncam
imzalayan dövlət başçısı iki
il sonra, 2017-ci il sentyabrın 24-də Azərbaycanda ilk sənaye
məhəlləsinin açılışını
edib.
Burada avtomobil,
balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması,
balıq emalı və konservləşdirilməsi
ilə məşğul
olan 9 müəssisə
və 1 kiçik sahibkarlıq emalatxanası
fəaliyyət göstərir.
Sənaye məhəlləsinin
iştirakçıları tərəfindən istehsal
sahələrinin yaradılmasına
45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın
daimi iş yeri açılıb.
Sənaye məhəlləsində sahibkarlara
ümumi mühasibatlıq,
hüquqi məsləhətlər,
sığorta, poçt,
texniki kitabxana, startaplar üçün ofis, yeməkxana və tibbi xidmətlər
göstərilir. Sahibkarların marağı nəzərə
alınaraq yeni layihələrin icrası
məqsədilə Neftçala
Sənaye Məhəlləsinin
ərazisinin daha 10 hektar genişləndirilməsi
üçün müvafiq
prosedurlara başlanılıb.
İnvestisiya dəyəri
25, illik dövriyyəsi
140 milyon manat olan zavod
İyunun 8-də “Azərmaş” və “İran Khodro” şirkətlərinin birgə
yaratdığı zavod
istehsal etdiyi yeni “Khazar” avtomobillərini
satışa çıxardı.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirdi ki, avtomobil
zavodu Neftçala Sənaye Məhəlləsinin
ən iri müəssisəsidir. Prezident İlham
Əliyev zavodun açılışı zamanı
da əminliklə bildirmişdir ki, müəssisənin gələcək
fəaliyyəti uğurlu
olacaq. Həqiqətən
də az
bir zaman keçməsinə baxmayaraq,
zavod artıq yeni avtomobillərini satışa çıxarır.
Bu, Azərbaycan sənayesinin yeni uğurudur.
N.Səfərovun sözlərinə
görə, investisiya
dəyəri 25 milyon manatdan, illik dövriyyəsi 140 milyon manatdan çox olan və 300 nəfərin çalışdığı
bu müəssisə Azərbaycanın ən qabaqcıl zavodlarından biridir. Bu gündən
zavodda seriyalı avtomobillərin istehsalına
başlanılır. Artıq 100 maşın
satışa hazırdır.
N.Səfərov onu da vurğuladı ki, yeni avtomobillərin
istehsalı Azərbaycanda
bu sahədə müasir avadanlıqlarla müasir texnologiyaların
tətbiqinə başlanıldığını
bir daha təsdiqləyir: “Bu gün
həm ölkəmizdə
yeni avtomobillər istehsal olunur, həm də yeni iş yerləri
yaradılır. Hesab edirik
ki, yeni avtomobillər ölkədə
böyük rəğbət
qazanacaq və alıcılar tərəfindən
yüksək qiymətləndiriləcək.
Prezident İlham Əliyevin sənayeləşmə siyasəti
növbəti illərdə
də uğurlu nəticələr verəcək
və yeni yaradılacaq sənaye zonaları Azərbaycanın
sosial-iqtisadi inkişafına
müsbət təsir
gəstərəcək”.
İlkin olaraq satışa 100 avtomobil çıxarılır
Nazir müavini zavoda daxil olan sifarişlərin
hər gün artdığını da bildirdi. Sifarişlər və
satış şərtləri
ilə bağlı məlumatları “Azərmaş”
ASC-nin İdarə heyətinin sədri Emin Axundov verdi. İdarə heyətinin sədri dedi ki, ilk olaraq
“Khazar” avtomobillərinin
iki modeli - SD (sadə model) və LD (komfort salon) modeli satışa çıxarılır.
Hər iki model mexaniki ötürücüdür.
İlk olaraq
100 avtomobil satışa
çıxarılır: “Bu, bizim ilk istehsalımızdır.
Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bu müəssisə fəaliyyətə
başlayıb. Zavodun tikintisi
zamanı 9 milyon manata qənaət edilib və müəssisə 25 milyon
manata başa gəlib. İllik istehsal gücü
10 min ədəd olan müəssisə sonrakı
mərhələdə avtomobillərin
istehsalını 15 minə
çatdırmağı planlaşdırır.
Yaxın
gələcəkdə isə
50 min avtomobilin istehsalı
nəzərdə tutulub.
İstehsal olunan avtomobillər yerli və xarici
bazarlarda satılacaq. Avtomobillər qabaqcıl texnologiya və “Avro 5” standartlarına
uyğundur”.
Zavod ilk vaxtlar
ayda 160 avtomobil istehsal edəcək
Satış şərtlərinə
gəlincə, E.Axundov
CD modelin 16 min, LD modelin
18 min manata satılacağını
dedi. Zavodda ayda 160 avtomobilin
istehsalı nəzərdə
tutulub. Belə ki, ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan avtomobillər istehsal olunacaq. Ümumilikdə 2018-ci ilin sonunadək
1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 avtomobilin istehsalı planlaşdırılır.
Sonralar tələbata uyğun istehsal həcmi artırıla bilər. Avtomobillərin ehtiyat hissələri isə iyunun 20-dən satışda olacaq.
Cari ilin sonunadək yeni modellərin də istehsalına başlanılacaq. Avtomobillərin satışına gəldikdə, E.Axundov bildirdi ki, əvvəlcə
Badamdar qəsəbəsində
yerləşən Avtomobil
Satış Mərkəzində,
Babək və Ziya Bünyadov prospektlərində satışa
çıxarılacaq. Bir müddət sonra paytaxtın digər yerlərində, eləcə
də regionlarda satış mərkəzlərinin
açılması nəzərdə
tutulub.
“Khazar”ı
4 illik lizinq şərtləri ilə də almaq olar
Şirkət rəsmisi, ilin sonunadək avtomat ötürücü qutusuna
malik olan avtomobillərin istehsalına
başlanacağını da
qeyd etdi. Onun sözlərinə
görə, avtomat ötürücü qutusuna
malik avtomobillər mexanikadan 1000-1500 manat baha satılacaq.
Avtomobilləri 20 faiz ilkin ödəniş
etməklə 4 illik lizinq şərtləri ilə də almaq olar. Bu zaman illik faiz
dərəcəsi təxminən
18 faizə bərabər
olacaq. Kreditlə almaq istəyənlər
isə ilkin ödəniş kimi avtomobilin dəyərinin
50 faizini ödəməlidirlər.
Hökumət qurumlarından
40-a yaxın sifariş
var
Emin Axundov artıq hökumət qurumlarından
da təkliflər aldıqlarını bildirdi. Onun sözlərinə
görə, müxtəlif
dövlət qurumları
ümumilikdə 40-a yaxın
“Khazar” avtomobili sifariş veriblər.
İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri, Mərkəzi Seçki Komissiyası, Gəncə
Dövlət Avtomobil Nəqliyyatı Xidməti
və bir neçə dövlət
qurumundan sifarişlər
daxil olub.
Müəssisə 8 növ
avtomobil istehsal edəcək
Qeyd etdiyimiz kimi, burada istehsalın ildən-ilə artırılması
gözlənilir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir
texnologiyalar, avadanlıq
və mexanizmləri əsasında “Khazar”, “Runna”, “Soren”, “Dena”,
“Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”,
“Renault-Pickup” kimi avtomobil
modelləri istehsal olunacaq. Bu avtomobillərin
MDB, Yaxın Şərq
və Afrika ölkələrinə ixracı
nəzərdə tutulub.
Bir sözlə, Azərbaycanda
həyata keçirilən
modern sənayeləşmə siyasəti uğurlu nəticələr verir. Bu gün artıq dünya bazarlarına qeyri-neft məhsullarını
“Made in Azerbaijan” brendi ilə
ixrac edən ölkəmiz tezliklə onların sırasına yeni avtomobillərini də əlavə edəcək. Bu da son 15 ildə həyata keçirilən
düşünülmüş, məqsədyönlü siyasətin
uğurlu nəticəsidir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan. -
2018.-9 iyun.- S.1; 4.