Heydər Əliyev Sarayında Bülbülün 120 illik
yubileyi qeyd edilib
İyunun 8-də Heydər
Əliyev Sarayında Azərbaycan professional vokal
məktəbinin banisi,
Xalq Artisti, Dövlət mükafatı
laureatı Bülbülün
anadan olmasının
120 illiyinə həsr
olunmuş yubiley gecəsi və Vokalçıların Bülbül
adına VII Beynəlxalq
Müsabiqəsinin qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir
ki, tədbir dirijor Murtuza Bülbülün bədii rəhbərliyi
ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından
Koroğlunun ariyasının səsləndirilməsi ilə
başlanıb.
Yubiley gecəsində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölməz sənətkarın keçdiyi ömür yoluna nəzər salıb və geniş səs diapazonuna malik, ifaçılığında milli vokal üslubu ilə italyan vokal məktəbi ənənələrini üzvi şəkildə birləşdirmiş Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, ecazkar səsi ilə könül oxşayan bu böyük opera müğənnisi Azərbaycanın dilbər guşəsi Şuşada dünyaya göz açıb. Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilib. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operalarında əsas partiyaları ifa edib. 1927-ci ildə Konservatoriyanı bitirərək təhsilini dövlət xətti ilə İtaliyanın Milan şəhərində davam etdirib. 1931-ci ildə Vətənə qayıdıb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Azərbaycan professional vokal məktəbinin banisi olan Bülbül gənc ifaçıların yetişməsinə böyük əmək sərf edib. Hələ sağlığında ən yüksək fəxri adlar, orden və medallara layiq görülüb.
Qeyd olunub ki, hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Anadan olmasının 115 illiyi münasibətilə isə Bakıda abidəsi ucaldılıb. Azərbaycan xalq mahnılarının, təsniflərinin, vokal əsərlərinin bənzərsiz ifaçısı Bülbülün ölməz xatirəsi xalqımız tərəfindən daim hörmət və ehtiramla anılacaq.
Nazir Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə isə görkəmli müğənninin 110 və 120 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra səhnəyə Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsinin münsiflər heyəti və qaliblər dəvət olunublar.
Beynəlxalq münsiflər heyətinin sədri, professor Sergey Leyferkus tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, dahi sənətkar Bülbülün 120 illik yubileyi münasibətilə keçirilən müsabiqəni nadir mədəniyyət hadisəsi kimi dəyərləndirib: “Demək istərdim ki, insan nə qədər ki yaddaşlarda yaşayır, deməli, sağdır. Bugünkü müsabiqə də göstərdi ki, dahi Azərbaycan tenoru Bülbül bizimlədir. Düşünürəm ki, bu günü əziz laureatlarımız heç vaxt unutmayacaqlar. Çünki bu gün Bülbül onlara xeyir-dua verir”.
Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqənin Qran-Pri mükafatına Minə Kurtoğlu (Türkiyə), birinci yerə Anastasiya Barun (Rusiya), Georgi Çelidze (Gürcüstan), ikinci yerə Mariya Buynosova (Rusiya), Stanislav Li (Qazaxıstan), üçüncü yerə Yuliya Zasimova (Ukrayna), Umid İsrailov (Özbəkistan), Elnarə Məmmədova (Azərbaycan) layiq görülüblər. Müsabiqə iştirakçılarından Yuliya Tkaçenko (Ukrayna), Anna Şapovalova (Rusiya) və Ketevan Sixarulidzeyə (Gürcüstan) xüsusi diplom təqdim edilib. Ümid İsrailov (Özbəkistan) ən yaxşı tenor, Elza İslamova (Rusiya) Bülbül romanslarının ən yaxşı ifaçısı, Yuliya Kərimova (Azərbaycan), Sergey Semyonov (Rusiya) və Sergey Çeçetko (Rusiya) ən yaxşı konsertmeyster seçilib. Azərbaycandan olan gənc vokalçı Mahir Tağızadə isə “Ümid” diplomu ilə təltif olunub.
Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu Azərbaycan xalqının və dövlətinin dahi sənətkarın xatirəsinə göstərdiyi hörmətə görə təşəkkürünü bildirərək deyib: “Bülbül adına birinci beynəlxalq müsabiqə görkəmli müğənninin 100 illiyi ərəfəsində, 1997-ci ildə mədəniyyətimizin böyük təəssübkeşi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq Sərəncamı ilə keçirilib və o vaxtdan müsabiqə ənənə halını alıb. Mən möhtərəm Prezidentimiz İlham Əliyevə ailəmiz adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Mədəniyyət Nazirliyi də öz növbəsində böyük işlər görüb. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Tədbirdə Bülbülün sənət aləmindən videolentlər nümayiş olunub, sənətkarın repertuarından mahnılar səsləndirilib və ona həsr olunmuş şeirlər oxunub. Müsabiqə qaliblərinin ifaları gecəyə xüsusi rəng qatıb.
Azərbaycan.- 2018.-9 iyun.- S.5.