Avropada Mühafizəkarlar və
İslahatçılar Alyansının Bakı sammiti
keçirilib
İyunun 9-da Avropada Mühafizəkarlar
və İslahatçılar Alyansının Bakı sammiti
keçirilib.
AZƏRTAC xəbər verir ki,
“Ortaq gələcəyin qurulması” mövzusunda keçirilən
sammitdə Avropanın müxtəlif ölkələrindən
rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər,
elm və iş adamları, qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan
barədə təqdimatla başlayıb.
Sonra Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov dövlətimizin
başçısı İlham Əliyevin Avropada Mühafizəkarlar
və İslahatçılar Alyansının Bakı sammitinin
iştirakçılarına ünvanladığı təbrik
məktubunu oxuyub.
Milli Məclis sədrinin birinci
müavini Ziyafət Əsgərov çıxış edərək
Avropanın ən nüfuzlu siyasi qurumlarından biri olan
Avropada Mühafizəkarlar və İslahatçılar
Alyansının sammitinin Bakıda keçirilməsinin ölkəmizin
həyatında əlamətdar hadisə olduğunu deyib. O,
burada aparılacaq müzakirələrin Alyansın məqsədlərinin
həyata keçirilməsinə kömək edəcəyinə
əminliyini bildirib. “Bu gün biz elə bir dünyada
yaşayırıq ki, qlobal dəyişikliklər nəticəsində
dünyanın siyasi modeli və geosiyasi xəritədə əsas
qüvvələrin nisbəti göz önündə dəyişir.
Dünya birliyi beynəlxalq terrorizm, təcavüzkar separatizm,
qaçqınlar, məcburi köçkünlər, mütəşəkkil
cinayətkarlar, insan alveri, narkotik vasitələrin qanunsuz
dövriyyəsi kimi problemləri, yoxsulluq, iqlim dəyişiklikləri,
təbii fəlakətlər, epidemiyalar kimi təhlükələri
aradan qaldırmağın səmərəli yollarını
tapmaq zərurəti ilə üz-üzə qalıb. Hər kəsə
aydındır ki, müasir dövrün
çağırışlarının həlli beynəlxalq
münasibətlərin bütün
iştirakçıları arasında hüquq bərabərliyinə
əsaslanan davamlı dialoqdan çox asılıdır.
Bununla əlaqədar mən parlamentlərarası əməkdaşlığın
və onun keyfiyyətcə yeni mərhələsi olan parlament
diplomatiyasının əhəmiyyətini xüsusilə qeyd
etmək istəyirəm”, - deyə Ziyafət Əsgərov əlavə
edib.
Milli Məclis sədrinin birinci
müavini diqqətə çatdırıb ki, hökumətlərin
xarici siyasət qərarlarına təsir göstərmək
üçün spesifik siyasi mexanizm və alətlərə
malik olan parlament demokratiyası dövlətlərarası əməkdaşlığın
inkişafında mühüm rol oynayır. Müstəqil
institut olan parlament diplomatiyası klassik diplomatiyanın
bütün komponentləri ilə üzvi surətdə
bağlıdır. Araşdırmalar göstərir ki, beynəlxalq
münasibətlər çərçivəsində
parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi
meyli universal xarakter daşıyır. Bu meyil dünyanın
demək olar bütün dövlətlərini və
onların yaratdıqları parlamentlərarası qurumları əhatə
edir. Öz xalqlarında mandat alan müxtəlif siyasi qüvvələri
və cərəyanları təmsil edən parlament üzvlərinin
beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı
müasir dünya siyasətinin önəmli cəhətlərindən
biridir.
Ziyafət Əsgərov qeyd edib ki,
Azərbaycan parlamenti dövlətimizin xarici siyasətinin
parlament ölçüsünü təmin etmək
üçün bütün imkanlardan istifadə edir. Milli Məclisin
deputatları beynəlxalq təşkilatlarda digər məsələlərlə
yanaşı, ölkəmiz barədə həqiqətləri
də həmkarlarına çatdırırlar. Biz
inanırıq ki, qarşılıqlı hörmətə və
etimada əsaslanan siyasi dialoq və əməkdaşlıq
dünya birliyinin qarşılaşdığı problemlərin,
o cümlədən dövlətimizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək
göstərə bilər. Ermənistanın silahlı təcavüzü
nəticəsində 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin
20 faizi işğal edilib, bir milyondan çox
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Uzun
illərdən bəri Azərbaycan beynəlxalq birliyə
çağırışlar edərək ədalətin bərpa
olunmasını, beynəlxalq təşkilatların qəbul
etdikləri sənədlərin həyata keçirilməsini
tələb edir. Milli Məclis sədrinin birinci müavini
münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsinin, BMT Baş Məclisinin
qərarının, Avropa Şurası Parlament
Assambleyasının qətnaməsinin, habelə Avropa
Parlamentinin və digər beynəlxalq qurumların sənədlərinin
yerinə yetirilməsinin zəruriliyini qeyd edib. Bu
münaqişənin, eləcə də digər oxşar
münaqişə və problemlərin beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş norma və prinsipləri,
xüsusən dövlətlərin sərhədlərinin
toxunulmazlığı və ərazi bütövlüyü
prinsipi əsasında nizama salınması Avropada və
dünyada sülhün, sabitliyin, ədalətin və təhlükəsizliyin
təmin edilməsinə xidmət etmiş olar.
Avropada Mühafizəkarlar və
İslahatçılar Alyansına üzv olan Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin
deputatı Qüdrət Həsənquliyev Alyansın sammitinin
Bakıda keçirilməsini mühüm hadisə
adlandırıb. O, bu günlərdən ölkəmizdə və
xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 100 illiyinin qeyd edildiyini, Şərqdə ilk
dəfə Azərbaycanda qadınlara səsvermə
hüququnun verildiyini bildirib.
Qüdrət Həsənquliyev Azərbaycanda
korrupsiyaya qarşı mübarizə sahəsində
görülən işlərdən, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən,
ağır nəticələrindən, söhbət
açıb. Vurğulayıb ki, Azərbaycanın
qarşısında duran ən ciddi problem ölkəmizin ərazi
bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal olunub. Azərbaycanın ərazi
bütövlüyünün pozulması, azərbaycanlılara
qarşı etnik təmizləmənin aparılması Ermənistanın
“böyük Ermənistan” yaratmaq siyasətinin tərkib hissəsidir.
“Ermənistan beynəlxalq hüquqa riayət edərsə,
münaqişə həllini tapacaq. Bu münaqişə
regionda böyük humanitar fəlakətə gətirib
çıxarıb. Əgər münaqişə həllini
taparsa, ölkəmizdə hərbi sahəyə qoyulan vəsait
digər sahələrə yönəldilə bilər. Biz
Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının
çatdığını düşünürük. Azərbaycanın
ərazi bütövlüyünün bərpası
üçün BMT Təhlükəsizlik Şurasının
və digər təşkilatların sənədlərinə
əməl etmək lazımdır”, - deyə o əlavə
edib.
Qüdrət Həsənquliyev, həmçinin
bu gün dünyada bir sıra terror qruplaşmalarının
İslam dini adından törətdikləri cinayətlərdən
danışıb, iştirakçıları bu proseslərə,
o cümlədən Cənubi Qafqazda baş verən
münaqişələrə səssiz qalmamağa, hüquq və
ədaləti dəstəkləməyə
çağırıb.
Avropada Mühafizəkarlar və
İslahatçılar Alyansının prezidenti, Avropa
Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti,
Avropa Parlamentinin üzvü Yan Zahradil
çıxışında sammitin
iştirakçılarına ünvanladığı təbrik
məktubuna görə Azərbaycan Prezidenti İlham Əliyevə
minnətdarlığını bildirdi. O, Avropa ilə Azərbaycan
arasında əlaqələri yüksək qiymətləndirib.
Yan Zahradil Alyansın Bakı sammitinin Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu günlərə
təsadüf etməsinin, ilk parlamentli respublikanın məhz
Azərbaycanda yaradılmasının sevindirici hal olduğunu
deyib.
“Təəssüf ki, Azərbaycan
müxtəlif oyunların qurbanına, Avropa Parlamentinin və
Avropa Şurası Parlament Assambleyasının birtərəfli
və qərəzli qərarlarının predmetinə
çevrilib. Buna son qoyulmalıdır. Azərbaycan çox
vacib və nadir ölkədir. Bunun bir neçə səbəbi
var. Azərbaycan sabit, proqnozlaşdırıla bilən və
etibarlı ölkədir. Bu, əməkdaşlıq
üçün mühüm amildir. Bu xüsusiyyətlər əsasında
biz birgə gələcəyimizi qurmalıyıq. Əminliklə
deyə bilərəm ki, bütün bunlara görə Azərbaycan
dünyada öz layiqli yerini tutmalıdır”, - deyə Avropada
Mühafizəkarlar və İslahatçılar
Alyansının prezidenti bildirib.
Sonra birgə foto çəkdirilib.
Sammit işini panel iclasları ilə davam etdirib.
Enerji təhlükəsizliyi
Birinci panel iclası enerji təhlükəsizliyi mövzusunda olub.
İclasdan əvvəl çıxış edən Boliviyanın sabiq Prezidenti Xorxe Kiroqa Latın Amerikasındakı enerji, xüsusilə də neft və təbii qaz resurslarının iqtisadiyyata təsirlərindən, enerji təhlükəsizliyindən və karbohidrogenlərin ixrac coğrafiyasından danışıb. Bildirib ki, dünyada ən böyük neft ehtiyatlarına malik olan Venesuela məhz Amerika qitəsində yerləşir. Lakin son dövrlərdə Venesuela iqtisadiyyatındakı zəifləmə, ölkədə gedən siyasi proseslər və bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar fonunda neft hasilatı və ixracında geriləmələr yaşanıb.
Panel iclasının moderatoru Böyük Britaniya hökumətinin naziri Ceyms Varton qlobal enerji mənbələrinə tələbatdan, neft və təbii qazın ölkələrarası münasibətlərə təsirindən bəhs edib.
SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı Azərbaycanın enerji resurslarının zənginliyindən və ölkəmizin neft tarixindən danışıb. Bildirib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft Bakıda hasil edilib.
Emil Qasımlı Azərbaycanın liderliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, bu boru kəməri zəncirinin Avropanın enerji təhlükəsizliyinə və mənbələrin şaxələndirilməsinə verəcəyi töhfələrdən bəhs edib. Diqqətə çatdırıb ki, layihənin ilk iki seqmenti artıq tamamlanıb, üçüncü seqmenti - TANAP isə yaxın günlərdə istismara veriləcək.
Siyasi analitik Alberto de Santis Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP boru kəməri layihəsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Avropa İttifaqı, xüsusilə də ABŞ bu layihəyə öz dəstəyini ifadə edib. Çünki bu boru kəməri Avropaya yeni mənbədən təbii qazı çatdıracaq, bir mənbədən asılılığı azaltmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. O deyib: “Bu boru kəməri Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. TAP-la Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. Bununla da Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan qaz həcmləri Aralıq dənizi sahillərinə çatacaq. Bu həcm qitənin tələbatını əhəmiyyətli dərəcədə ödəyəcək”.
Qazaxıstandan olan ekspert Qani Abadildinov isə Mərkəzi Asiya regionunun enerji resurslarından və ixrac marşrutlarından danışıb. Bildirib ki, bu regiondakı ölkələrdə hasil edilən təbii qazın əsas alıcısı Rusiyadır. Mərkəzi Asiyanın təbii qaz resurslarının Avropaya da nəqli hər zaman gündəmdə olub. Hazırda isə Çinin enerji, xüsusilə də təbii qaz tələbatı durmadan artır. Bu da regiondakı ölkələrin öz qazını yeni bazara ixracına imkan yaradır.
Siyasi ekspert Roger Evans isə dünyada, xüsusən də Avropada alternativ və bərpa olunan enerji mənbələrinə diqqətin artdığını deyib. Qeyd edib ki, hazırda bu sahə üzrə böyük potensialı olan ölkələr ənənəvi enerji mənbələri əvəzinə daha təmiz mənbələrə, yəni, bərpa olunan enerji növlərindən istifadəyə üstünlük verirlər. Çünki ənənəvi mənbələrdən asılılıq səmərəli deyil.
İqtisadi azadlıqlar
İkinci panel iclası iqtisadi azadlıqlar mövzusuna həsr edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda çıxış edərək ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. O deyib ki, bu ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul 1,2 faiz artıb. Ölkədə əsas diqqət qeyri-neft sektoru üzrə ixraca yönəlib. Ümumi ixrac 16 faiz, qeyri-neft ixracı isə 19,3 faiz artıb.
Nazir müavini qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya olunur: “Biz çoxtərəfli ticarət sazişləri imzalayır, eyni zamanda, hüquqi bazanı təkmilləşdiririk. Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankı ilə əməkdaşlıq edirik. İqtisadiyyatın şaxələndirilməsi neft və qaz ölkəsi üçün, eləcə də Azərbaycan üçün çox önəmlidir. Bunun üçün dəqiq strategiyaların olması önəmlidir. Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir və bu da uğurlu nəticələrini verməkdədir”.
Kanadada fəaliyyət göstərən Fraser tədqiqat institutunun nümayəndəsi Fred Makmahon iqtisadi azadlıq üçün açıq rəqabətin, əmlak hüquqlarının müdafiəsinin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O deyib ki, ölkələr hüquqi bazanın necə yaradılması haqqında düşünməlidirlər. İnnovasiyaların təşviqinə önəm verilməlidir. Fred Makmahon Azərbaycanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd edib.
Böyük Britaniyanın İqtisadi Məsələlər İnstitutunun beynəlxalq ticarət və rəqabət bölməsinin rəhbəri Şanker Sinqham iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin edilməsinin əhəmiyyətindən danışıb, bunun sahibkarlığın inkişafına da təkan verdiyini söyləyib. O, Azərbaycanda belə bir mühitin yaradıldığını bildirib.
Omanın İnvestisiyaların və İxracın Təşviqi qurumunun nümayəndəsi Azzan Al Busaidi bildirib ki, hər hansı bir ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün sərmayə qoyuluşu vacib şərtdir. Əsas məsələ dövlət və özəl sektor arasında tərəfdaşlığın təmin edilməsidir. Özəl sektorun dövlət tərəfindən dəstəklənməsi olduqca önəmlidir.
Rəqəmsal iqtisadiyyat
Sammit çərçivəsində rəqəmsal iqtisadiyyat mövzusunda üçüncü panel iclası keçirilib.
Panelin moderatoru Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının İdarə Heyətinin üzvü Daniel Cappezon iclasın rəqəmsal iqtisadiyyatda xarici investisiyaların yatırımı istiqamətində atılan addımların, ən yaxşı təcrübələrin təhlil edilməsi imkanı yaratdığını söyləyib. O, əminliyini bildirib ki, rəqəmsal sahədə uğurlu nümunənin araşdırılması istiqamətində müzakirələr səmərəli nəticələr verəcək. Daniel Cappezon Azərbaycan hökumətinin rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün önəmli addımlar atdığını vurğulayıb.
Fransanın Telecom Paris Tech qurumunun iqtisadiyyat və menecment üzrə professoru Gerard Pagorel texnoloji inqilab nəticəsində dünyada rəqəmsal keçid mərkəzlərinin, rəqəmsal robotların, layihələndirmə üçün virtual mühitin, sürətli prototip sistemlərinin yaradılması prosesindən danışıb. O deyib ki, rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı ənənəvi iqtisadiyyatda da bir çox dəyişikliklərin, yeniliklərin yaranmasına gətirib çıxarıb.
Samsung şirkətinin baş meneceri Mişel Pastore rəqəmsal iqtisadiyyatda konkret iqtisadi aspektlərin müəyyən olunmasının vacibliyini bildirib. Əlavə edib ki, belə olan halda beynəlxalq platformalara çıxış imkanı yaranır və bu da strategiyaları inkişaf etdirməklə qarşılıqlı əlaqə yaratmağa və daha səmərəli layihələr həyata keçirməyə imkan verir.
Telekommunikasiya üzrə analitik Visiola Pula əsasən 5G xidmətinə diqqət çəkib. Qeyd edib ki, Avropada çox yayılan bu xidmət vasitəsilə genişzolaqlı internetlə ən ucqar yerlərdə belə iqtisadiyyata töhfə vermək mümkündür. 5G rəqəmli iqtisadiyyatın inkişafında da önəmli rol oynayır.
Finlandiyanın “Mavi İslahat” partiyasının qurucusu və lideri Simon Elo rəqəmsal iqtisadiyyatın sürətli və uğurlu inkişafı üçün birinci növbədə qanunvericilik bazasının təkmilləşdirilməsini vacib hesab etdiyini bildirib. Vurğulayıb ki, bu sahədə startapların və yeni layihələrin hazırlanıb həyata keçirilməsi üçün islahatlar aparılmalı və güclü baza olmalıdır. Rəqəmsal mühitin yaradılmasının əsasını dövlət orqanları, vətəndaşlar, o cümlədən biznes qurumları arasında səmərəli münasibətlərin formalaşdırılması təşkil edir. Bütün bunların reallaşması üçün isə təhlükəsizlik əsasdır.
Nəqliyyat və əlaqələndirmə
Azərbaycan regionda əsas nəqliyyat mərkəzinə çevrilib.
Bu fikir sammitin nəqliyyat və əlaqələndirmə mövzusuna həsr edilən dördüncü panel iclasında səsləndirilib.
İclasdan əvvəl Azərbaycanın beynəlxalq nəqliyyat sahəsində gördüyü işlərlə bağlı videotəqdimat olub.
Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə və bu sahədə uğurlu layihələr həyata keçirməklə dünyanın nəqliyyat xəritəsinə yeni imkanlar əlavə edib. Bu layihələr ölkəmizin əsas nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradıb. Həmin layihələrin ən əsası Azərbaycan, Gürcüstan və Türkiyənin reallaşdırdığı və ölkəmizin təşəbbüsü olan Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolunu daha əhəmiyyətli edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və həmin ərazidə yaradılmaqda olan Azad Ticarət Zonasıdır.
Nazir müavini Şimal-Cənub nəqliyyat dəhlizi barədə də məlumat verib. Bildirib ki, Astara (Azərbaycan) -Astara (İran) arasında yeni dəmir yolu körpüsü tikilərək istismara verilib. Həmçinin Azərbaycan İranda yük terminalı tikir. İlkin mərhələdə yaradılacaq infrastruktur sayəsində buradan quru yüklər, növbəti mərhələdə isə maye və dənli bitkilər daşınacaq.
Daha sonra panel iclasının moderatoru “Morgan Stanley” şirkətinin icraçı direktoru Tim Dier beynəlxalq nəqliyyat sahəsində baş verən yeniliklər barədə danışıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda nəqliyyatın bütün sahələrinin inkişaf etdiyini deyib. O, dəmir, avtomobil yollarının, gəmiçiliyin inkişafı ilə yanaşı, Azərbaycanın hava nəqliyyatı sahəsində də uğurlar əldə edildiyini söyləyib. Bildirib ki, Azərbaycanda 6 beynəlxalq hava limanı var və Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”ın maksimal “5 Ulduz” statusuna layiq görülüb.
“TRA” konsaltinq şirkətinin təsisçisi Andrea Giuricin və “Awan Marketing Plc”nin baş direktoru Nasir Avan nəqliyyat sahəsinin dünyada daim inkişaf tempi ilə yüksəldiyini, Azərbaycanın da bu sahəyə böyük töhfə verdiyini söyləyib.
Maldiv İnkişaf Alyansının nümayəndəsi Əhməd Şiyam isə nəqliyyatla turizm sahəsinin əlaqələrindən bəhs edib. Turizmin inkişafında bilavasitə nəqliyyatın əhəmiyyətli rolu olduğunu söyləyən Ə.Şiyam Azərbaycanın bu sahədəki fəaliyyətinin uğurlu olduğunu deyib.
Paneldə beynəlxalq nəqliyyat sahəsində görülən işlər və Azərbaycanın bu sahədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təhsilin transformasiyası
Sammitin təhsilin transformasiyası mövzusunda keçirilən beşinci panel iclasında təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. O deyib ki, təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.
Ölkəmizdə son beş il ərzində təhsil sahəsində görülən işlərdən söz açan F.Qurbanov deyib: “Təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nailolma, ibtidai təhsili başavurma səviyyəsi demək olar ki, yüz faizə çatdırılıb. Təhsilin keyfiyyətinə təsir göstərən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Təhsil Nazirliyi bu istiqamətdə lazımi addımlar atır”.
Nazir müavini
vurğulayıb ki, ölkədə cari ilin sonunadək 250-dək
modul tipli məktəbin tikilməsi nəzərdə tutulur.
“Ali təhsilə qəbul olunanların sayı 2013-cü ildəki
145 mindən artaraq 162 minə, ali təhsilin bakalavriat pilləsindən
magistratura pilləsinə qəbul olunanların sayı
2013-cü ildəki 35 mindən artaraq 44 minə çatıb.
Hazırda təhsildə qızların sayı artıb.
Müəllimlərin 82 faizini, tələbələrin isə
46 faizini qadınlar təşkil edir. Bu gün əsas məqsədimiz
universitetlərdə tələbələrin startap hərəkatlarına
töhfə vermək, iş yerləri yaratmaq
psixologiyasını formalaşdırmaqdır. Fikrimizcə, təhsilin
transformasiyası sosial-mədəni potensial xarakteri alıb.
Müasir dövrdə təhsildə transformasiyanı
informasiya- kommunikasiya texnologiyalarının təsiri olmadan təmin
etmək mümkün deyil. Onlar təhsil sisteminin daha dərin transformasiyası
üçün onun maddi-texniki bazasına çevrilir.
Ölkəmizdə bunları nəzərə alaraq təhsil
prosesində multimedia texnologiyaları tətbiq edilir. Ümid
edirəm ki, bu sammitdə qəbul edilən təklif və
tövsiyələr hamı üçün faydalı olacaq”,
- deyə nazir müavini bildirib.
F.Qurbanov diqqətə çatdırıb
ki, 2019-cu ildə informatika üzrə şagirdlər
arasında dünya olimpiadası Bakıda keçiriləcək.
Artıq ölkəmizdə bunun üçün
hazırlıq işlərinə başlanılıb.
Sonra Dini Azadlıq üzrə Avropa
Dinlərarası Forumunun nümayəndəsi Erik Rouks,
Polşanın Təhsil Nazirliyinin nümayəndəsi
Sebastian Keciek, İslandiya Universitetinin professoru Hannes Gissurarson
və Böyük Britaniyanın Aston Universitetinin nümayəndəsi
Asif Əhməd mövzu ətrafında müzakirələr
aparıblar.
Yerli idarəçilik
Bakı sammiti çərçivəsində
sonuncu panel iclası yerli idarəçilik mövzusuna həsr
edilib.
Panelin moderatoru Avropa Regionları Komitəsində
ECR Qrupunun baş katibi Neva Sadikoğlu-Novaki mövzu ilə
bağlı fikirlərini bildirib. O deyib ki, yerli idarəçilik
qərarların yerli səviyyədə olmasına
üstünlük verilməsidir. Siyasi partiyalar arasında
ortaq məxrəcə gəlmək önəmlidir. O
vurğulayıb ki, Azərbaycanda yerli idarəçilik sahəsinə
xüsusi diqqət yetirilir.
İclasda çıxış edən
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar Vəliyev ölkəmizdə idarəçilik
sisteminin yüksək səviyyədə qurulduğunu deyib. O
bildirib ki, Azərbaycan hökuməti yerli idarəçiliyi
inkişaf etdirmək üçün önəmli addımlar
atıb.
İcra başçısı
qonaqlara Gəncə şəhəri haqqında məlumat
verib. Bildirib ki, Gəncədə inkişaf və müasirləşmə
yeni mərhələyə qədəm qoyub. Mövcud təhsil,
səhiyyə məkanları yenidən qurulur, avtomobil
yolları çəkilir, infrastrukturun
yaxşılaşdırılması üzrə layihələr
həyata keçirilir. Turizmin inkişafı ilə əlaqədar
hazırda Gəncədə mühüm işlər
görülür. Yeni sosial-mədəni, infrastruktur layihələrinin
açılışı olur. Şəhərdə
çoxsaylı ticarət, sənaye obyektləri, istirahət
məkanları, mədəni mərkəzlər
yaradılır. Bu il beynəlxalq qatar yolu da istifadəyə
veriləcək ki, bu da ölkəmizə turist axınına əlverişli
şərait yaradacaq.
İtaliyanın Morazzone bələdiyyəsinin
sədri və parlament üzvü Matteo Biançi bildirib ki,
yerli hakimiyyət orqanlarının fəaliyyəti ondan ibarətdir
ki, lazım olan məqamda idarəçiliyi ələ
alsınlar və fəaliyyət göstərsinlər. Yerli
icmalar maraqlarını nəzərə alaraq müəyyən
qərarlar verə bilərlər. Bunun üçün yerli vətəndaşlara
daha çox imkan verilməlidir.
Slovakiya Respublikası Milli
Şurasının üzvü Juray Droba deyib ki, insanlar özləri
üçün qərarlar verə bilərlər. Bunun
üçün onlara lazımi şərait
yaradılmalıdır. Yerli qurumlar vətəndaşlara
öz işlərini aparmağa yardım etməlidir.
Müasir dövrdə cəmiyyətdə yerli idarəetməyə
daha çox önəm verilməlidir.
Böyük Britaniyanın Tees Valley
şəhərinin meri Ben Houçen qeyd edib ki, yerli idarəçiliyin
inkişafı dövlət idarəçiliyində rəhbər
şəxslər qarşısında mühüm vəzifələr
qoyur. Bu vəzifələri uğurla və səmərəli
icra etmək üçün müasir təlim
texnologiyalarından, yüksək bilik və təcrübədən
geniş istifadə olunmalıdır.
***
Panel iclaslarından sonra Alyansın
icraçı direktoru Riçard Milsom və “Yeni İstiqamət”
(Avropa İslahat Fondu) təşkilatının icraçı
direktoru Navid Xan yekun nitqi söyləyiblər. Onlar tədbirdə
faydalı müzakirələrin
aparıldığını, yeni fikir və təkliflərin
irəli sürüldüyünü bildiriblər. Qeyd edilib
ki, müasir dövrdə təcrübələr
bölüşülməli, biliklərdən birgə istifadə
edilməlidir. Bu baxımdan Bakıda keçirilən bu sammit
xüsusi önəm kəsb edir.
Bununla da Avropada Mühafizəkarlar və
İslahatçılar Alyansının Bakı sammiti başa
çatıb.
Azərbaycan.-
2018.-10 iyun.- S.1; 3.