Xalxal turistlərə gəl-gəl deyir
Oğuz ölkəmizin füsunkar təbiəti ilə seçilən bölgələrindəndir. Rayonun Xalxal bələdiyyəsinin tərkibinə daxil olan Xalxal, Ərmənət və Xalxal-Qışlaq kəndləri özünəməxsus iqlimi ilə bu gözəlliyə fərqli rəng qatır. Elə bu səbəbdən də şimal-qərb bölgəsinə üz tutan turistlər mütləq həmin məkanları ziyarət edirlər. O yerlərin havası, suyu, gələnlərə yetirilən diqqət məmnunluq doğurur.
Həmin kəndlər arasında Xalxal xüsusilə seçilir. Xalxal bələdiyyəsinin sədri Nəriman Ramazanov deyir ki, Xalxal Oğuzun ən qədim kəndlərindəndir. Bu kənddə hələ lap qədim dövrlərdən sənətkarlıq inkişaf edib. Kənddə kəl arabalarının təkər hissəsini istehsal edən sex fəaliyyət göstərib. Xüsusi dəmirçilər isə həmin sexin davamlı fəaliyyəti üçün avadanlıqlar istehsal ediblər. Su ilə işləyən taxıldöyən ding də bu kənddə istifadə olunub. Buradakı su dəyirmanları lap son illərə kimi səmərəli şəkildə istifadə olunub. Hətta keçən əsrin əvvəllərində Xalxalda yaşayan Hacı Vahab oğlu Hidayət adı ilə tanınan məşhur insan baramanın ilkin emalını təşkil etmək üçün Türkiyədən sex gətirərək işlədib. Sexin qalıqları son illərə kimi qalıb.
Xalxal coğrafi baxımdan elə bir ərazidə yerləşir ki, qərbdən şərqə doğru bir qədər açıqlıq, şimaldan dağlar və qayalıqlarla əhatə olunur. Hətta dağlıq hissədən Dağıstanın Axtı rayonunun Fıy kəndinə yol da var. Xalxalın fauna və florası zənginliyi ilə seçilir. Burada dağ keçisi, ayı, qaban, cüyür, canavar və digər heyvanlar çoxluq təşkil edir. Eyni zamanda, Şahdağ milli parkının bir hissəsi bu kəndin ərazisinə düşür.
Kəndin abadlığı və normal infrastrukturun yaradılması daim diqqət mərkəzində olub. Bu baxımdan kəndə gedən yol qeyd edilməlidir. Belə ki, Prezident
İlham Əliyevin ayırdığı 4,5 milyon manatlıq vəsait hesabına 2012-ci ildə Xalxala müasir tələblərə cavab verən yol çəkilişi həyata keçirilib. Yol turistlərin daha çox ziyarət etdikləri ən ucqar şəlaləyə kimi çəkilib. Halbuki əvvəllər həmin yerlərə qalxmaq üçün xeyli əziyyət çəkməli olurdular.
Həmçinin Dünya Bankının maliyyələşdirdiyi Kənd İnvestisiya Layihəsi çərçivəsində Aqçayın mənbəyindən su götürülərək kəndin tam şəkildə içməli suya olan tələbatının təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Ərmənət kəndinin yuxarı hissəsinə 2 kilometrlik məsafədən keçən Türyançaydan su çəkilir. Aşağı hissəsinə isə 2014-cü ildə qazılmış artezian quyusu vasitəsilə suyun verilişi təmin olunur. Hər 3 kənddə elektrik enerjisi təminatı və ümumiyyətlə, işıqlandırma məsələləri öz həllini tapıb. Ərmənət kəndində 180 yerlik tam orta məktəb inşa edilib və kəndarası yollar təxminən 20 kilometr uzunluğunda təmir olunub. Xalxal kəndində isə məktəb üçün yardımçı bina tikilib. Xalxal-Qışlaq kəndində 2 artezian quyusu qazılıb və 50 nəfər şagird tutumu olan modul tipli məktəb inşa edilib.
Qeyd olunan kəndlərin sakinlərinin çətinlikləri əsasən təbii qazla təmin olunmamalarıdır. N.Ramazanovun sözlərinə görə, artıq aidiyyəti strukturlar tərəfindən müvafiq istiqamətdə addımlar atılmaqdadır. Layihə sənədlərinin hazırlanması istiqamətində görülən işlər də yekunlaşıb.
Kənddə süni qızılbalığın saxlanıldığı şəlalə də yaradılıb. Zamanında isə Xalxal çayının hündür hissələrində yetəcək qədər qızılbalıq olub. Hazırda bu qiymətli balıq növü tükənmək üzrədir.
Kənddə “Qreland”, “Xan bağı”, “Şəlalə” və sair turizm istirahət mərkəzləri fəaliyyət göstərir. Buradakı istirahət mərkəzlərinə yerlilərlə yanaşı, xarici turistlərin də axını artmaqdadır. Son illər kəndi ziyarət edən xarici turistlər arasında ərəblər daha çox üstünlük təşkil edirlər.
Hər 3 kənd üzrə
ümumilikdə 370 təsərrüfat və 2 min nəfərə yaxın sakin
məskunlaşıb. Onların başlıca məşğuliyyətləri
heyvandarlıq, əkinçilik və tütünçülükdür.
Keçən ildən isə burada
baramaçılığa start verilib. Bundan başqa, kənddə
fındıqçılığa da ciddi diqqət göstərilir. Təkcə son 2 ildə burada 170 hektara yaxın fındıq bağı
salınıb. Əkinəyararlı sahələr ümumilikdə
800 hektara yaxındır.
Baramaçılığın
inkişaf etdirilməsi ilə bağlı tut
bağlarının salınması da gündəlikdə
dayanan məsələlər sırasındadır.
Qeyd olunan kəndlər ziyalıları ilə də seçilirlər. Məsələn, Xalxal-Qışlaq kəndinin ən məşhur şəxsiyyətlərindən biri tibb elmləri namizədi, uzun illər mavi ekrandan izlədiyimiz Əlfəddin Abdullayevdir. O, 30 il 4 saylı xəstəxananın baş həkimi işləyib. Oğlu Nazim Abdullayev isə tibb elmləri doktoru və professordur. Hazırda Kardiologiya İnstitutunda şöbə müdiridir. Hacı Vahab oğlu Hidayət isə bütün Xalxal sakinlərinin qəlbində özünün dərin izini buraxıb. Çətin günlərdə insanlara dayaq olub. Lakin o da 1937-ci ildə həbs edilərək Şəki türməsində güllələnib. Hacı Məcid də kəndin məşhurları arasındadır.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, cari ildə Ərmənət kənd tam orta məktəbində təhsil alan 12 nəfərdən ibarət sinfin bütün şagirdləri ali məktəblər üçün keçid balını toplayıblar. Hətta 4 nəfərin balı 600-dən çoxdur. Bu fakt da bir daha həmin kəndlərin gələcəyinin etibarlı əllərdə olmasından xəbər verir.
Əli SƏLİMOV
Azərbaycan.-
2018.- 10 iyun.- S.4.