Xalqın bağrından qopan nəfəs
Bulaqların
şırıltısıdır, yarpaqların
pıçıltısıdır, xəzəllərin
xışıltısıdır şeir. Şeir çayda
güzgülənən ay işığının səsidir...
Gözlərimizin önündə, yan-yörəmizdə minlərlə
bu cür səslər dolaşır ki, onları sayıb
qurtarmaq da mümkün deyil. Bu səslərin sirri ondadı
ki, onları hamı eşitmir. Hər səsin arxasında bir
nəfəs durur. Bu nəfəslər ya haqqın, ya da
xalqın bağrından qopur.
Səksən il bundan
öncə qədim Azərbaycan torpağı olan
Göyçənin bağrından bir körpə nəfəs
qopdu. Onun adını Əli qoydular. Əlinin qəlbində
anadangəlmə bir vətən sevgisi vardı. Bu sevgi
şair Əli Vəkilin xəyallarının qanadında Təbrizi,
Urmiyanı, Dərbəndi, Borçalını, İrəvanı,
Zəngəzuru, Naxçıvanı, Bakını, Gəncəni,
Bərdəni, Şuşanı - bütün Qarabağı,
Mili, Muğanı, Şirvanı dolaşdı. Bu sərhədlər
də Əli Vəkilin vətən sevgisinə dar gəldi.
Şair qollarını açıb Türkiyəni, Orta
Asiyanı, Volqaboyunu, Sibiri qucaqladı və sözlə
bütöv bir Turan xəritəsini yaratdı.
Əli Vəkil
Göyçənin, İrəvanın, Zəngəzurun Azərbaycandan
ayrıldığını duyunca onun qəlbində bir vətən
dərdi, yurd həsrəti cücərdi. Şairin bu dərdlə,
bu həsrətlə qovrulan qəlbi “Bölünməmiş
torpaq hanı? Əkəm dərdimi-dərdimi”
misralarını pıçıldadı. Bunlar Azərbaycan
torpaqlarının parça-parça
bölündüyünü, tala-tala olub onun-bunun
tapdağı altında qaldığını duyan şairin
qəlbinin harayıydı. Əli Vəkil “fillər çəkəmməyən”
dərdini əkməyə bölünməmiş torpaq
axtarır, yəni düşmən tapdağı altında
qalmış torpaqlara dərdini də əkmək istəmir və
bununla “o torpaqları düşmənlərdən alıb birləşdirin,
bütövləşdirin ki, mən ona öz dərdimi əkim”
deyir. Şair yaxşı bilir, yaxud Tanrı qulağına
pıçıldayır ki, yalnız bu halda onun dərd əkdiyi
vətən torpağında sevinc göyərəcək. Vətən
torpağı nə qədər ki parça-parçadır,
ona sevinc də əksən, qəm dərəcəksən.
Qarabağın qara
taleyi Əli Vəkilin dərdinin üstünə dərd
qalaqladı. Qarabağın işğalından sonra erməniləri
yaxşı tanıyan, onların bütün
murdarlıqlarına, zalımlıqlarına, qaniçənliklərinə
çoxdan bələd olan şairin qəlbində
şimşəklər çaxdı, ürəyi dəmirçi
körüyü kimi od püskürdü. Ancaq
Qarabağdakı talanları, ölüm-itimləri,
qan-qadaları görüb ruhdan düşmədi, ümidini
itirmədi, qələmini bir az da itiləyib bütün
gücünü sözə verdi:
Dünya
fırlandıqca başlar fırlanır,
Gör neçə
sapandda daşlar fırlanır.
Qurunun başına
yaşlar fırlanır,
Doğma Qarabağda
talana bax-bax.
Əli Vəkilin
“Göyçə bənövşəsi” şeirinin
maraqlı yazılma tarixçəsi var. Dostumuz Əlövsət
Ağalarov Kəlbəcərin ağır günlərində
onun harayına gedir, ürəyi durmur, oradan Göyçə
tərəfə adlayıb bir dəstə bənövşə
yığır. Onu Bakıya gətirib Əli Vəkilə
verir və Göyçə ətirli bir dəstə bənövşə
şairin neçə illərdi həsrət
yanğısıyla sızım-sızım sızıldayan
yaralarının qaysağını qoparır. İndi gəl
Göyçə həsrətilə yanan ürəyin
sızıltılarına döz görüm necə
dözürsən?! Burada ürəyi sözdən başqa
heç nəylə ovutmaq olmur:
Təzə-tər
olardın yaz havasıyla,
Yuxuya dalardın saz
havasıyla.
Qoşma havasıyla,
söz havasıyla
İndi qəm
sazını çalan bənövşəm.
Bu qoşmanın
bütün misraları Əli Vəkil
yaradıcılığının mayasına, ruhuna, iliyinə-qanına
hopmuş vətən sevgisiylə yoğrulmuşdur.
Aşıq Ələsgər
deyirdi ki, ustadına kəm baxanın gözünə ağ
damar. Əli Vəkilin ürəyindəki vətən sevgisi
o qədər güclüdür ki, onun bütün şeirlərinin
hər bir misrasının altından bu sevgi boy göstərir.
Bu sevgi şairin qəlbini dilləndirir ki, vətəninə,
yurduna, elinə, obasına xor baxanın ömrü bay ola bilməz.
Ona görə yazır ki: “Bu yurdu müqəddəs say, Əli
Vəkil, yoxsa ürəyində od olmaz-olmaz”. Hər bir
yaradıcı insanın ürəyi öz odunu doğma vətənindən,
torpağından, elindən, obasından alır. Bu odla
qürbət odunun doğma anayla ögey ana
qucağının istisi qədər fərqi var. Bəzən
ögey ana qucağının istisi adamı
üşütdüyü kimi, qürbətin odu adamı
qızdırmaq əvəzinə yandırır. Qürbətdə
nə qədər varın-dövlətin olsa da, günün
xoş keçsə də, vüqarın qürurun olmur, həmişə
qəlbisınıq gəzirsən. Əli Vəkil də bunu
duyduğuna görə yazır ki, “Elə bil ki,
çatışmayır hava da, qürbətdə vətənsiz
yaşamaq olmur” və yaxud “Ay Əli, vüqarın Azərbaycandır,
nə şöhrət, nə də ki, var istər
könlüm!”
İnsan yanında
olanı heç vaxt nə xatırlamaz, nə axtarmaz, nə də
soraqlamaz. Bunlar uzaqda olanlara - göz görməyənlərə,
əl çatmayanlara, ün yetməyənlərə aiddir. Əli
Vəkil haqqı, ədaləti, namusu, isməti, sədaqəti
ona görə soraqlayır ki, onlar günbəgün bizdən
uzaqlaşır, ilğım kimi əlçatmaz, ünyetməz
olur. Onun “Sorağındayam” qoşması məhz bu
duyğularla yoğrulmuşdur. Bütün bu işlərə
dünyanın nə qədər soyuqqanlı olduğunu
görən şair “Nə vecinə” gəraylısında
ürəyini ağrıdan həmin hisləri,
duyğuları qələmə almışdır:
Birinin başında
tacdı,
Biri çörəyə
möhtacdı.
Kimlər toxdu, kimlər
acdı,
Bu dünyanın nə
vecinə.
Şair burada dünya
deyəndə, sözsüz ki, onu dağıda-dağıda,
talaya-talaya acların aclığına, lütlərin
lütlüyünə baxmadan var-dövlət toplayanları nəzərdə
tutur. Dünyanı gözəlləşdirən insanlardır.
Onun bütün çirkinliklərini, eybəcərliklərini
də insanlar yaradırlar. Ona görə də dünyanın
poetik obrazının arxasında həmişə canlı
insan dayanır.
Əli Vəkilin zəngin
poetik irsi var. Onun bir-birindən gözəl məhəbbət
şeirlərini yaradıcılığının təzə-tər
gülləri adlandırmaq olar. Bu şeirlərin
hamısı milli ruhun pıçıltıları
olduğuna görə abırlı-həyalıdır və
oxuyanlara xoş təsir bağışlayır. Sevginin
saflığı, ülviliyi bu şeirlərin ruhuna hopmuş
başlıca duyğulardır. Əli Vəkilin vətənpərvərlik
şeirləri kimi, sevgi şeirlərini oxuyanda da onların
bir Azərbaycan şairinin qələmindən
çıxdığını, bir türk qəlbinin
pıçıltıları olduğunu o saat duyursan.
Əli Vəkilin
ilhamı öz mayasını xalq
yaradıcılığından almış, ürəyi saz
havaları üstündə köklənmişdir. Ona görə
də onun poeziyasında xalq ruhu çox güclüdür,
şeirlərinin bu ruhla yoğrulduğu aydınca
görünür.
Əli Vəkilin
yaradıcılığının böyük bir hissəsini
onun poemaları təşkil edir. Poema
yaradıcılığı şairin poetik imkanlarının
genişliyinin təsdiqidir. Onun “Ramiz sənətinin sehri”, “Ellərin
İsgəndəri”, “Çal, ay ustad”, “Əbədi
dünya”, “Ömür karvanı”, “Kişi ömrü”
poemalarının hər biri ayrı-ayrı mövzularda
böyük istedadla yazılmış əsərlərdir.
Onların hər biri haqqında ayrıca danışmaq olar.
Dünyanın gəldi-gedər
olduğunu gözəl bilir Əli Vəkil. Onu da gözəl
bilir ki, bu gəldi-gedər dünyada gəldi-gedər olmayan,
nəsildən-nəslə yadigar qalan bircə şey var - o da
yaratdıqlarındır. Səməd Vurğun gözəl
demişdir ki, “De gəlsin hər nəyin vardır, deyilən
söz yadigardır”. Əli Vəkil də zəngin bir xəzinə
yaradıb və yaratdıqları həm də gələcək
nəsillərə yadigardır.
İslam SADIQ,
şair, filologiya elmləri doktoru
Azərbaycan. - 2018.-10 iyun.- S.5.