“Torpaq icarəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1.Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanunun 10-1.2.4-cü maddəsinə uyğun olaraq torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırmasının formasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;
1.5. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 168; 2001, ¹ 10, maddə 640, ¹ 12, maddə 755; 2003, ¹ 10, maddə 577; 2005, ¹ 11, maddə 1016; 2006, ¹ 7, maddə 590; 2007, ¹ 11, maddə 1110; 2010, ¹ 7, maddə 610; 2014, ¹ 11, maddə 1418; 2016, ¹ 2, maddə 254, ¹ 11, maddə 1818) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1.ikinci abzasa “hissəsində” sözündən sonra “, 10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.2.4-cü, 10-1.3-cü, 10-1.3.2-ci, 10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 10-1.6-cı (hər iki halda) və 10-1.7-ci maddələrində” sözləri əlavə edilsin;
2.2. altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci, səkkizinci və doqquzuncu abzaslar əlavə edilsin:
“həmin qanunun 10-1.2.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
həmin qanunun 10-1.3.2-ci maddəsində, 10-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində və 10-1.6-cı (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;
həmin qanunun 10-1.1-ci maddəsinin birinci cümləsində, 10-1.3-cü maddəsində, 10-1.4-cü maddəsinin birinci cümləsində, 10-1.6-cı (ikinci halda) və 10-1.7-ci maddələrində “orqan (qurum)” dedikdə rayon (şəhər) icra hakimiyyəti orqanları nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun
2018-ci il
Azərbaycan.-
2018.-12 iyun.- S.3.