Konsert əsl mədəniyyət bayramına çevrilib

 

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün anadan olmasının 120 illik yubileyi münasibətilə Gəncədə keçirilmiş təntənəli konsert proqramı şəhərin ictimai həyatı üçün əsl mədəniyyət bayramına çevrilib.

AZƏRTAC xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, professor Polad Bülbüloğlu, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, respublikanın tanınmış mədəniyyət, incəsənət xadimləri və musiqisevərlər iştirak ediblər.

Konsert dirijor Murtuza Bülbülün bədii rəhbərliyi ilə Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasının səsləndirilməsi ilə başlayıb.

Sonra Azərbaycan peşəkar vokal sənətinin banisi, pedaqoqmusiqişünas-alim, ictimai xadim, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr edilən Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin qalibləri Mahir Tağızadə, Elnarə Məmmədova, Umid İsrailov (Özbəkistan), Minə Kurtoğlu (Türkiyə), Beynəlxalq münsiflər heyətinin sədri Sergey Leyferkus, Anastasiya Barun (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan), həmçinin xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış ediblər.

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin diplomant və qaliblərinin çıxışından sonra konsert proqramı Azərbaycanın tanınmış musiqiçilərinin, xanəndə və vokalçılarının ifası ilə davam edib.

Konsertdə əməkdar artistlər Elçin Həşimovun (tar), Elnur Əhmədovun (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayevArzu Əliyeva “Qarabağ şikəstəsi”ni ifa ediblər.

Azərbaycanın məşhur vokal ifaçıları xalq artisti Azər Zeynalov (tenor) və əməkdar artist Anar Şuşalı bəstəkar və xalq mahnılarını ifa ediblər. Vokalçılar xalq artisti Siyavuş Kərimi tərəfindən müşayiət olunub.

Xalq artisti, özünəməxsus ecazkar səsi olan Polad Bülbüloğlunun səhnəsindəki ifası musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb. Hər bir ifası böyük alqışlarla qarşılanan Polad Bülbüloğlu səhnədən enərək mahnılarını tamaşaçılarla birlikdə ifa edib.

Konsertdən sonra tədbirdə çıxış edən Polad Bülbüloğlu atası Bülbülün yaradıcılığına və xatirəsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Görkəmli sənətkarın yaradıcılığına hələ sağlığında ikən böyük diqqət göstərildiyini deyən Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra atasının mədəni irsi, xüsusən doğma xalqı qarşısındakı xidmətləri ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Polad Bülbüloğlu Gəncədə yüksəksəviyyəli konsertlərin və digər mədəni tədbirlərin keçirilməsi üçün ən müasir tələblər səviyyəsində inşa edilən Gəncə Dövlət Filarmoniyasının şəhərin mədəni həyatı üçün əvəzsiz töhfə olduğunu bildirib.

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi çərçivəsində Gəncədə təşkil olunan konsertdə çıxış etmək üçün 120-dən çox sənətçinin gəldiyini deyən Polad Bülbüloğlu həm Gəncə Dövlət Filarmoniyasında yaradılan şəraiti, həm də təşkilati işləri yüksək qiymətləndirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, musiqi və ifaçılıq yaradıcılığı ilə Azərbaycan və dünya mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş Bülbülün zəngin irsi, respublikamızın hər yerində olduğu kimi, Gəncədə də əziz tutulurbu diqqət bundan sonra da davam edəcək.

Beləliklə, Gəncənin mədəni həyatı üçün böyük hadisəyə çevrilən möhtəşəm konsert proqramı musiqisevərlər üçün unudulmaz xatirəyə çevrilib.

 

 

Azərbaycan.- 2018.-12 iyun.- S.8.