88
illik tarixə malik möhtəşəm futbol bayramı
İki gündən sonra Rusiyada futbol
üzrə sayca 21-ci Dünya çempionatı start
götürəcək. “Jül Rime kuboku”
adlandırılan turnir ilk dəfə 1930-cu ilin iyul ayında
Uruqvayın paytaxtı Montevideoda keçirilib. Dünya çempionatı yarışlarının
qaydaları isə daha əvvəl, 1920-ci ilin aprelində
FİFA-nın Antverpen (Brüssel) konqresində
razılaşdırılmışdı. Turnirin ideya
müəllifi və təşkilatçısı Fransa
Futbol Federasiyasının prezidenti, həm də o vaxt Antverpendə
FİFA-nın prezidenti
seçilmiş Jül Rime idi. Elə dünya
çempionatının əsas mükafatı da 1970-ci ilədək
onun adını daşıyıb (“Qızıl ilahə” kimi
də tanınırdı).
Uzun yolun
başlanğıcı
Futbol üzrə ilk dünya
çempionatının keçirilməsi haqqında yekun qərar
1928-ci ildə FİFA-nın Amsterdamdakı (Hollandiya) konqresində
qəbul edilib.
Olimpiya oyunlarında bütün komandalar, demək
olar ki, gizli peşəkarlıq nümayiş etdirdiyindən
dünyanın bütün yığma komandalarının həvəskar
statusu formal xarakter daşımağa başlamışdı.
Müntəzəm dünya çempionatlarının
keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli
assosiasiyaların rəhbərləri dünya
çempionatında çıxış etməkdə
maraqlı oldular və peşəkar oyunçuları
yığma olimpiya komandalarına göndərmədilər.
Peşəkar və həvəskar
futbolçular üçün açıq olan belə çempionatların
təşkili o vaxtlar riskli iş idi. Həm də
FİFA elə bir ölkə axtarırdı ki, bu işə
tamahkarlıq məqsədilə girişməsin. Olimpiya turnirləri, demək olar ki, gəlir gətirmirdi.
Beynəlxalq Futbol Federasiyası dünya
çempionatlarının keçirilməsinə rəhbərlik
etməklə gəlirin bölüşdürülməsində
iştirak edə bilər və borca düşməzdi.
1930-cu ildə dünya
çempionatının Uruqvayda keçirilməsi təklifi
yerinə düşmüşdü. Əvvəla, bu
çempionat ölkənin İspaniya müstəmləkəçiliyindən
azad olmasının 100 illik yubileyinə həsr edilmiş
bayram tədbirlərinin tərkib hissəsi olacaqdı. İkincisi isə, turnir futbolun La-Plata sahillərində
böyük şöhrət tapmasına yol açacaqdı.
Olimpiya oyunlarında iki dəfə qələbə
qazanmış bu kiçik ölkədə ən
yaxşı futbolçuları az qala
ilahiləşdirirdilər. Təkcə futbol
azarkeşlərinin təşəbbüsü ilə
uruqvaylılar 400 min dollar toplayıb qısa müddətə
o vaxtlar dünyada ən böyük stadionu - “Sentenario”nu
tikmişdilər. Lakin Avropa turnirə
qatılmaq dəvətini qəbul etməyə tələsmirdi.
Uruqvaylılar yarış
iştirakçılarının gəmi ilə gəlmək
haqlarını və başqa xərcləri ödəməyə
hazır olsalar da, məsafə uzaq olduğundan bu, müəyyən
dərəcədə riskli idi.
Digər tərəfdən,
dünya çempionatlarında iştirak etmək vətəndəki
yarışlara bir neçə ay fasilə vermək və ya ən
yaxşı komandaların tərkibini zəiflətmək,
bununla da yerli oyunlara marağı azaltmaq, klubların və
milli futbol ittifaqlarının onsuz da ağır olan maliyyə
vəziyyətini daha da pisləşdirmək demək idi.
İlk dünya
kubokunu Uruqvay qazandı
Yalnız Jül Rimenin işə
qarışması ilə I Dünya çempionatı baş
tutdu. O,
heç olmasa 4 Avropa komandasının çempionatda
iştirakını təmin etmək üçün
bütün nüfuzundan istifadə etdi. İyunun
21-də Fransa, Rumıniya və Belçika yığma
komandaları “Konte Verde” gəmisində Cənubi Amerika sahillərinə
yola düşdü. Bir neçə
gündən sonra Marseldən daha bir gəmi
çıxdı. Bu, Yuqoslaviyanın
yığma komandasını aparan “Florida” gəmisi idi.
Çempionat 1930-cu il
iyulun 13-də Fransa-Meksika matçı ilə start
götürdü. Bu, fransızlar
üçün xüsusi gün idi. Çünki
futbolçular uzaq Montevideoda “Pokitos” stadionunun yaşıl
meydanına çıxanda vaxt fərqinə görə
Fransada artıq iyulun 14-ü, yəni Bastiliyanın
alınmasının başladığı gün idi. Sanki Lüsyen Loran milli bayram şərəfinə
artıq görüşün 10-cu dəqiqəsində topu
meksikalıların qapısına vurdu və adını
dünya çempionatlarının sərrast
futbolçuları siyahısının birinci sətrinə
yazdırdı. Final matçında isə
Argentinanı 4:2 hesabı ilə məğlub edən Uruqvay
dünya çempionatının ilk qalibi oldu.
II Dünya çempionatı
isə 1934-cü ildə İtaliyada keçirildi. Final matçında
Çexoslovakiya üzərində qələbə qazanan
italyanlar kubokun sahibi oldular.
Futbol üzrə dünya
çempionatı üçüncü dəfə yenə
Avropa ölkəsində, 1938-ci ildə Fransada təşkil
edildi. O
dövrdə yüksək futbol nümayiş etdirən
İtaliya yığması finalda Macarıstan millisini məğlub
edərək ikinci dəfə çempion adını
qazandı.
Dünya
çempionları
1942-ci ildə növbəti
dünya çempionatı baş tutmadı. İkinci
Dünya müharibəsi bütün sahələrə təsir
etdiyi kimi, futboldan da yan ötmədi. Stadionların
bəziləri dağıdılmış, bir çox futbolçular
torpaqlarının azadlığı uğrunda
könüllü olaraq müharibəyə getmişdilər.
Müharibə başa
çatdıqdan sonra Avropada vəziyyət yaxşı
olmadığından qərara alındı ki, növbəti
çempionat başqa bir materikdə keçirilsin.
1950-ci ildə IV dünya
çempionatını Braziliya qəbul etdi. Finalda ev
sahibi Braziliya millisini məğlub edən uruqvaylılar ikinci
dəfə dünya çempionu adını qazandılar.
1954-cü ilin dünya
çempionatı İsveçrədə keçirildi. Final oyununun
qalibi Macarıstan yığmasını 3:2 hesabı ilə məğlub
edən Almaniya Federativ Respublikası (AFR) oldu.
1958-ci il
mundialı İsveçdə təşkil olundu. Həlledici matçda Braziliya yığması
meydan sahiblərini 5:2 hesabı ilə məğlub edərək
ilk dəfə mundialın qalibi oldu.
1962-ci ildə çempionat
Çilidə keçirildi. Finalda Braziliya Çexoslovakiyaya
3:1 hesabı ilə qalib gələrək ardıcıl ikinci
dəfə kubokun sahibi oldu.
1966-cı il hər
bir ingilis üçün tarixi ilə çevrilir. Həmin il İngiltərə finalda AFR-ə 4:2
hesabı ilə qalib gələrək kuboku qazanıb.
1970-ci ildə Meksikada
keçirilən DÇ-nin finalında Braziliya İtaliya
yığmasına 4:1 hesabı ilə qalib gələrək
3-cü dəfə kuboka sahib olub.
1974-cü ildə AFR
çempionata evsahibliyi edirdi. Finalda Hollandiya
yığmasına 2:1 hesabı ilə qalib gələn
almanlar 2-ci dəfə dünya çempionu titulunu
qazandılar.
1978-ci ildə Argentinada
keçirilən çempionatın qalibi yenə də meydan
sahibləri oldular. Hollandlara 3:1 hesabı ilə qalib gələn
Argentina kubokun sahibi oldu.
1982-ci ildə İspaniya
mundialı qəbul etdi. Finalda İtaliya yığması AFR-i 2:1
hesabı ilə üstələdi və kuboka yiyələndi.
1986-cı ildə dünya
çempionatı ikinci dəfə Meksikada keçirildi.Turnir
ilk dəfə idi ki, ikinci dəfə eyni ölkədə
baş tuturdu.
Final Argentina-AFR qarşılaşması və
Argentinanın 3:2 hesablı qələbəsi ilə tarixə
düşdü.
1990-cı ildə
İtaliyada təşkil olunan turnirin finalında AFR Argentina
yığması ilə qarşılaşır. Görüşdə
almanlar 1:0 hesablı qələbə sayəsində 3-cü dəfə
kubokun sahibi olurlar.
1994-cü ildə ABŞ-da
Braziliya 4-cü dəfə çempionluq qazandı. Final oyununda əsas
və əlavə vaxtda qapılara qol vurulmadı, penaltilər
seriyasında isə Braziliya İtaliyanı üstələdi
- 3:2.
1998-ci ildə mundialın ev sahibi - Fransa millisi finalda Braziliya
yığmasını 3:0 hesabı ilə məğlub edərək
1-ci dəfə kuboku başı üzərinə
qaldırdı.
2002-ci ilin dünya kuboku ilk dəfə
iki ölkədə - Cənubi Koreya və Yaponiyada təşkil
olundu. Finalda Braziliya Almaniyanı 2:0 hesabı ilə məğlub
edərək 5-ci dəfə dünyanın ən yaxşı
yığma komandası olduğunu nümayiş etdirdi.
2006-cı ildə dünya
çempionatı Almaniyada təşkil olundu. Finalda
İtaliya-Fransa qarşılaşmasının əsas
vaxtı heç-heçə (1:1) başa
çatdığından qalib penaltilər seriyasında
müəyyənləşdi. Daha dəqiq
olan italyanlar 5:4 hesabı ilə qələbə qazanıb
4-cü dəfə dünya çempionu oldular.
2010-cu il dünya
çempionatı Cənubi Afrika Respublikasında təşkil
olundu. Finalda İspaniya Hollandiyanı 1:0
hesabı ilə məğlub edərək tarixində ilk dəfə
kuboku başı üzərinə qaldırdı.
2014-cü ildə dünya
çempionatı Braziliyada keçirildi. Həlledici
qarşılaşmada Argentinaya 1:0 hesabı ilə qalib gələn
Almaniya millisi mundialın qızıl medallarına sahib oldu.
Beləliklə, Braziliya 5 dəfə
(1958, 1962, 1970, 1994, 2002-ci illər), İtaliya 4 dəfə
(1934, 1938, 1982, 2006-cı illər), Almaniya 4 dəfə (1954,
1974, 1990, 2014-cü illər), Uruqvay 2 dəfə (1930, 1950-ci
illər), Argentina 2 dəfə (1978, 1986-cı illər),
İngiltərə bir dəfə (1966-cı il), Fransa bir dəfə
(1998-ci il) və İspaniya bir dəfə (2010-cu il) dünya
çempionu olublar.
Mundialın
rekordları
Dünya çempionatları
həm də rekordları ilə diqqət mərkəzində
qalır.
* Ən böyük hesablı qələbələr:
Macarıstan-Cənubi Koreya - 9:0 (1954-cü il),
Yuqoslaviya-Əlcəzair - 9:0 (1974-cü il),
Macarıstan-Salvador - 10:1(1982-ci il), Braziliya - Almaniya - 1:7
(2014-cü il).
* Ən erkən qolun müəllifi:
2002-ci il dünya çempionatının
3-cü yer uğrunda qarşılaşmasında Türkiyə
meydan sahibi Cənubi Koreyanı 3:2 hesabı ilə məğlub
edir. Görüşün 11-ci saniyəsində
Hakan Şükür vurduğu qolla tarixə düşür.
* Ən çox iştirak edən
futbolçular: Antonio Karbaxal (Meksika, 1950-1966-cı illər),
Lotar Matteus (Almaniya, 1982-1998-ci illər). Hərəsi
5 dəfə mundialda iştirak edib.
* Ən çox oyun
keçirən futbolçu: Lotar Matteus - 25 oyun.
* Ən çox qol vuran:
Ronaldo (Braziliya, 1998-2006-cı illər) - 15 qol.
* Bir turnirdə ən çox qol
vuran: Jüst Fonten (Fransa, 1958-ci il) - 13 qol.
* Bir oyunda ən çox qol vuran: Oleq
Salenko (Rusiya) - 5 qol. 1994-cü il.
Rusiya-Kamerun - 6:1.
* Ən gənc futbolçu:
Pele (Braziliya), 17 yaş 249 gün. Futbol kralı bu
yaşda qol vurmaqla da rekordçudur.
* Ən yaşlı
futbolçu: 42 yaşlı Roje Milla (Kamerun). O, bu yaşda qol vurmaqla həm
də ən qoca bombardirdir.
* Futbolçu kimi ən çox
dünya çempionu: Pele (Braziliya) üçqat dünya
çempionudur (1958, 1962, 1970-ci illər).
* Futbolçu və məşqçi
kimi ən çox dünya çempionu: Mario Zaqallo (Braziliya),
1958-ci və 1962-ci illərdə futbolçu, 1970-ci ildə
baş məşqçi, 2002-ci ildə ikinci məşqçi
kimi bu titula sahib olub.
* Finalda ən çox oynayan
yığma: Braziliya və Almaniya - hər ikisi 7 dəfə
(ümumilikdə 92 oyun).
* Ən çox oyun idarə
edən hakim: Jozel Kinyo (Fransa, 1986-1994-cü illər) - 8 dəfə.
* Ən çox sarı və
qırmızı vərəqə olan mundial: DÇ-2006 - 56
oyunda 310 sarı, 25 qırmızı vərəqə qeydə
alınmışdır. Bir matçda ən çox sarı və
qırmızı vərəqə həmin mundialda göstərilmişdi.
Rusiyalı hakim Valentin İvanov Portuqaliya-Hollandiya
görüşündə hər komandanı 2
qırmızı vərəqə ilə cəzalandırmışdı.
O, Portuqaliya futbolçularına 9 sarı vərəqə
göstərmişdi.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.- 12 iyun.- S.11.