Qurtuluşla başlanan güclü dövlətçilik

 

1993-cü ilin iyun günlərində Azərbaycanda baş qaldıran siyasi-hərbi böhran ilk növbədə, AXC-Müsavat iqtidarının yarıtmaz fəaliyyətinin məntiqi yekunu idi. Artıq Gəncədə baş verən hadisələrə qədər ölkə idarəolunmaz vəziyyətə gəlib çıxmışdı. Hər yerdə xaos, anarxiya baş alıb gedirdi, vətəndaş müharibəsi və ölkənin parçalanması üçün zəmin yaranmışdı. Beləliklə, Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı.

Respublikamızın başı üstünü təhlükə aldığı həmin qanlı-qadalı günlərdə bütün nəzərlər Naxçıvana dikilmişdi. Çünki yaranmış vəziyyəti təhlil edən hər kəs yaxşı anlayırdı ki, ölkənin və xalqın xilası yalnız dahi siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevdən asılıdır. O zaman Naxçıvanda Heydər Əliyevin müstəqil və cəsarətli siyasət yeritməsi bütün xalqın diqqətini cəlb edir, ümidləri artırırdı. İqtidar isə Heydər Əliyevin siyasətini separatçılıq kimi qiymətləndirir və muxtar respublikada hakimiyyət çevrilişi etməyə, ulu öndəri rəhbərlikdən uzaqlaşdırmağa cəhd edirdi. Ümumiyyətlə, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlikdə bir-birini əvəzləyən səriştəsiz iqtidarların hamısı Heydər Əliyevin xalq arasında nüfuzundan qorxurdu. Lakin bu, elə bir dövr idi ki, Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu itirmək üzrə idi. Azərbaycan parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə ictimaiyyətin bütün nümayəndələri təkidlə ulu öndəri Bakıya çağırır, israrla hakimiyyətə gəlməsini tələb edirdilər. Hətta ölkənin ağır vəziyyətə salınmasına birbaşa günahkar olan və başlanmış təhlükəli proseslərin qarşısını ala bilməyən iqtidar da son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Çünki böhran dərinləşdikcə başlarını itirmiş iqtidar təmsilçiləri də dərk edirdilər ki, Heydər Əliyev təcili Bakıya gəlib işə qarışmasa, ölkəni və dövləti bu fəlakətdən qurtarmaq mümkün olmayacaq.

Təkidli xahişləri nəzərə alan xalqımızın dahi oğlunun 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi insanların məhv olmuş ümidlərini özünə qaytardı, hər birimizin sabaha inamını bərpa etdi. Yadımdadır ki, həmin ağrı-acılı günlərdə hər kəs necə sevinirdi. Ağır sarsıntılar içərisində üzülən insanlar həmin gün dərindən nəfəs aldılar, çiyinlərdən sanki ağır yük gotürüldü. Çünki Heydər Əliyevin gəlişindən sonra hər kəs ölkənin başı üzərini almış təhlükələrin tezliklə sovuşacağından, hərbi-siyasi böhranın başa çatacağından əmin idi. Heydər Əliyev də Bakıya gəlişinin əsas qayəsini, mənasını ilk növbədə, xalqın ən böyük sərvəti saydığı müstəqilliyin qorunub saxlanmasında, ölkəni başına götürmüş böhranın aradan qaldırılmasında görürdü. Belə də oldu. Çünki Heydər Əliyev kimi siyasət nəhəngi, zəngin idarəçilik təcrübəsi olan bir insan üçün həlli mümkün olmayan heçyox idi. Ulu öndər isə bütün problemlərin həllində özünün zəngin siyasi dünyagörüşünə, idarəçilik təcrübəsinə və xalqın ona olan məhəbbətinə söykənirdi.

1993-cü il iyunun 9-dan xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Heydər Əliyevin məhz Gəncə səfəri, hadisələrlə yerində tanış olması və böyük siyasətçi kimi vəziyyətə müdaxiləsi ölkədəki vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.

1993-cü il iyunun 15-də isə hər kəsin gözlədiyi mühüm siyasi hadisə reallaşdı. Xilaskarlıq missiyasını öz üzərinə götürmüş Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da ölkədə hakimiyyət sükanı etibarlı ələ keçdi. Azərbaycan vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı.

Ali Sovetin Sədri seçildikdən bir neçə gün sonra isə Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Avqust ayında isə referendum yolu ilə Əbülfəz Elçibəyə etimadsızlıq göstərildi. Bundan sonra Azərbaycan xalqı onu bəlalardan qurtaran xilaskarını - Heydər Əliyevi 1993-cü il oktyabrın 3-də görünməmiş siyasi fəallıq və ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi. Bununla da ölkədəki siyasi hakimiyyət böhranı tam aradan qaldırıldı.

1993-cü ilin iyununda baş vermiş hadisələr xalqımızın gələcək taleyini müəyyən etdi. Azərbaycanın ötən 25 ildə inkişaf edərək bugünkü səviyyəyə gəlib çatması öz başlanğıcını Milli Qurtuluş Günündən götürdü. O zaman proseslər başqa cür cərəyan etsəydi, yəqin ki, bu gün müstəqil və güclü Azərbaycan barədə də söhbət aça bilməzdik. O zaman heç təsəvvür də etmirdik ki, tezliklə respublikamızın inkişafı ilə qürrələnəcəyik. Ancaq biz bu gün dövlətimizin qüdrəti, Cənubi Qafqazdadünyada söz sahibi olması ilə fəxr edirik. Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 1993-cü ilin iyunundan başlanan bu siyasəti layiqincə həyata keçirməsinin nəticəsidir ki, Azərbaycanla hesablaşır, mövqeyini bölüşür, diktəsini qəbul edirlər. Bugünkü dövıətimizin tarixin ən güclü Azərbaycanı olması cənab İlham Əliyevin böyük siyasətçi kimi uğuru, ölkə və xalq qarşısında tarixi xidmətləridir.

Qurtuluşla başlanan güclü dövlətçilik xalqımızın böyük tarixi nailiyyətidir. İndi Azərbaycan Heydər Əliyevin 1993-cü ilin iyunundan sonra yaratdığı tarixin yeni mərhələsini yaşayır. Qarşımızda böyük ideallardan qaynaqlanan əzəmətli hədəflər dayanır. Həmin hədəflərə çatmaq üçün atılan iri addımlar ümummilli lider Heydər Əliyevin qoyduğu böyük yolun davamıdır. Prezident İlham Əliyev bu yolla Azərbaycanı inamla böyük nailiyyətlərə və inkişafa doğru aparır. Xüsusən, son illərdə baş verən mühüm hadisələr, Azərbaycanın kosmos dövlətinə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, yeni neft müqaviləsinin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Ələtdə, yeni limanın, “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi və dünən TANAP kəmərinin açılış mərasiminin keçirilməsi Azərbaycan dövlətinin böyük uğurlarıdır. Əminik ki, əsasını Milli Qurtuluşdan götürən uğurlarımız bundan sonra da bol olacaq və müstəqil Azərbaycan daim dünyanın sayılıb-seçilən dövlətləri sırasında yer tutacaq.

 

Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

 

Azərbaycan.- 2018.- 13 iyun.- S.4.