Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından
Moskvada “Ramazan çadırı”nda “Azərbaycan Günü”
təşkil edilib
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada, “Poklonnaya
qora”dakı “Ramazan çadırı”nda “Azərbaycan Günü”
təşkil edilib və iftar süfrəsi
açılıb. Tədbir Moskva Müsəlmanları Dini
İdarəsi tərəfindən Rusiya Müsəlmanları
Dini İdarəsinin və Moskva hökumətinin dəstəyi
ilə təşkil olunub.
Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyinin əməkdaşı
Ayan Həsənova AZƏRTAC-a bildirib ki, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə “Poklonnaya qora”da hər il təşkil edilən “Ramazan
çadırı” Rusiya Müftilər Şurasının
mühüm layihəsi olub, xalqlar arasında dostluğun
möhkəmləndirilməsi, Moskvada yaşayan və
İslam dininə etiqad bəsləyən çoxsaylı
xalqların nümayəndələrinin birləşməsi məqsədi
ilə həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyi Leyla Əliyevanın
rəhbərliyi ilə hər il bu layihədə fəal
iştirak edir, dindarlar üçün iftar süfrəsi
açır.
Azərbaycanın Rusiyadakı səfirliyinin
müşaviri Vüqar İmaməliyev “Azərbaycan
Günü”nü açıq elan edərək tədbir
iştirakçılarını səfir Polad
Bülbüloğlunun adından salamlayıb. Diplomat “Ramazan
çadırı” məkanının təşkil edilməsinə
görə Heydər Əliyev Fondunun Rusiya
Federasiyasındakı nümayəndəliyinin rəhbəri
Leyla Əliyevaya, Moskva Müsəlmanları Dini İdarəsinə
və Moskva hökumətinə təşəkkürünü
bildirərək vurğulayıb ki, keçən il Azərbaycanda
qeyd edilən “İslam Həmrəyliyi İli” çərçivəsində
Bakıda və digər şəhərlərdə, o cümlədən
Sankt-Peterburqda da konfranslar və görüşlər
keçirilib. Bu tədbirlərdə müsəlman ruhanilərlə
yanaşı, pravoslav kilsəsinin nümayəndələri də
iştirak ediblər.
Tədbirdə M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin tələbəsi Ələkbər
Qasımov, “Əhli-beyt” dini təşkilatının sədri
Nizami Baloğlanov və başqaları da
çıxış ediblər.
İftardan əvvəl Azərbaycan
ruhanilərinin nümayəndəsi müqəddəs Qurandan
surə və iftar duası oxuyub.
Sonra Moskva müsəlmanları
iftarlarını açıb, Azərbaycan milli mətbəxinin
yeməklərini və şirniyyatını dadıblar.
İftar mərasimində Azərbaycanda
multikulturalizm mövzusuna həsr olunmuş “Bir günəş
altında” filmi nümayiş etdirilib. “Bakı”
ansamblının və müğənni Samir Salamın
ifasında milli musiqi nömrələri səslənib, Azərbaycanı
daha yaxşı tanımaq mövzusunda viktorina keçirilib.
Gecənin iştirakçıları Azərbaycan tarixinə
dair suallara cavab veriblər. Qaliblərə xatirə hədiyyələri
təqdim edilib.
Azərbaycan - 2018.-13 iyun.- S.7.