Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinin təqdimatı olub

 

Təqdimat Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında keçirilib

 

İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.

Təqdimat Azərbaycanın Baş naziri Novruz Məmmədovun çıxışı ilə başlayıb.

Baş nazir çıxışında Bakının namizədliyinin hökumətimiz və cəmiyyətimiz tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Bildirib ki, bu dəstək Bakının doğru zamanda doğru məkan olduğunu göstərir.

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə tam hazır olduğunu bildirən Azərbaycanın Baş naziri deyib: “Universal sərgilər beynəlxalq əməkdaşlıq üçün böyük fürsət yaradan müxtəlifliyin nadir nümayişidir. Azərbaycan Respublikası Beynəlxalq Sərgilər Bürosunun dəyərlərini və görüşlərini bölüşür. Azərbaycan Ümumdünya Sərgisi və Beynəlxalq Sərgilər Bürosu ilə birgə tarix yazmağa hazırdır. Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun ən etibarlı tərəfdaşı olacağına təminat verir. Bu məsuliyyəti asan hesab etmirik. Ümumdünya Sərgisinə ev sahibliyi etmək Azərbaycan üçün prioritetdir. “Ekspo 2025”ə ev sahibliyi xalqımızın potensialının reallaşması üçün yaxşı fürsət olacaq.

Azərbaycan qitələrin və sivilizasiyaların kəsişməsində yerləşir. Ölkəmiz əsrlər boyu Qərb və Şərq, Şimal və Cənub arasında siyasət, iqtisadiyyat və ticarət körpüsü olub. İki min il ərzində qədim İpək Yolu müasir Azərbaycan torpaqlarından keçibkeçir. Ümumdünya Sərgisini keçirməklə ölkəmiz mədəniyyətlərarası dialoqa, tolerantlığa daha böyük töhfə verə bilər. Əsrlər boyunca Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayıblar. Cəmiyyətimiz, dövlətimiz dünyəvidir və biz bundan qürur duyuruq.

Bu gün Azərbaycan mədəniyyətlərarası və dinlərarası beynəlxalq mübadilələr mərkəzinə çevrilib. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ən yaxşı qarşılıqlı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaratmışıq. Bu platforma bu gün dünyanın üzləşdiyi bəzi problemləri həll etməyə imkan verir. Belə platformalara BMT, UNESCO, Avropa Şurası tərəfindən dəstəklənən, iki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik.

“Bakı Ekspo 2025” milli inkişafın aparıcı amili olan insan kapitalının inkişafına sərmayə yatırmaq kimi milli strategiyamıza tam uyğundur. 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan fövqəladə bir inkişaf yolu keçib. İnklüziv və davamlı inkişaf ölkəmizin forma və istiqamətini dəyişib. “Ekspo” sərgisi bu müstəsna inkişafı dünyaya təqdim etməyə imkan verəcək.

İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu təklif etmək qərarına gəldikdə isə o, təcrübəmizə və daha da inkişaf etmək istiqamətində gördüyümüz işlərə əsaslanır.

Səylərimiz dərin izlər qoyub. 2015-ci ildə əhalinin rifahının yaxşılaşdırılmasına, eləcə də BMT-nin Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirməsinə görə Azərbaycan Cənub-Cənub mükafatına layiq görülüb.

Tariximiz boyunca İpək Yolu səyahətçilərinin axını Azərbaycana misilsiz tolerantlıq, zəngin mədəniyyət və əsl yaradıcılığı ilə tanınan nadir bir ölkə nüfuzu qazandırıb. Namizədliyimiz qəbul olunduğu təqdirdə, Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında Bakı Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq.

“Bakı 2025” sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni məkanda yeni auditoriya cəlb etmək imkanı yaradacaq, yeni regionda, yeni bir dövrdə yeni tarixlər yazmaq şansı verəcək. Bu, Azərbaycan xalqına Beynəlxalq Sərgilər Bürosuna onun ən yaxşı tərəfdaşlarından biri olduğunu göstərməyə imkan verəcək.

Bakı ölkəmizin dünyaya təqdim etdiyi töhfələrin qürurlu simvolu kimi daim inkişaf edir. Şəhər dəniz sahilində və sivilizasiyaların qovuşduğu bir məkanda sürətlə inkişaf edir. Bakı Şərq ilə Qərbin görüşdüyü, keçmişin gələcəklə qarşılaşdığı şəhərdir, yeni tarixi yazmağa hazır olan məkandır. Bakı yeni dövrdə Qafqaz regionunun ən böyük və ən sürətlə inkişaf edən şəhəridir.

Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək istəyimiz səmimidir və qəlbimizin dərinliyindən gəlir. Təklif etdiyimiz mövzu vacibdir və əsl qlobal əhəmiyyət daşıyır. Azərbaycan sərgi məkanının tikintisi və idarə olunması üçün bütün lazımi vəsaitləri təmin etməyə və Beynəlxalq Sərgilər Bürosunun qaydalarına riayət etməyə hazırdır. Əminik ki, Bakı Ümumdünya Sərgisi üçün ən yaxşı şəhərdir. Bakının qələbə zamanı çatıb”.

Sonra Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov sərgi iştirakçılarının rahatlığı, xarici vətəndaşlar üçün yaradılan şəraitdən, “ASAN Viza” rejimindən, ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən danışıb, 40 mindən çox könüllünün həmin tədbirlər zamanı göstərdiyi xidməti diqqətə çatdırıb.

“Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının Parisdə keçirilən sessiyasında Büronun üzvü olan bütün dövlətlərin səlahiyyətli nümayəndələrinə 2025-ci ildə Ümumdünya Sərgisinə Bakının ev sahibliyinə namizədliyi ilə bağlı təqdimata ayırdıqları vaxta, göstərdikləri maraq və diqqətə görə minnətdarıq. Baş nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətimiz üçün bu təqdimat azərbaycanlıların, xüsusilə gənclərimizin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək arzusunu əyani şəkildə çatdırmaq baxımından vacib bir imkandır. Biz namizədlik kampaniyasının həlledici mərhələsinin başlanmasını səbirsizliklə gözləyirik”, - deyə Samir Şərifov diqqətə çatdırıb.

“Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə Bakı şəhərinin “Ekspo 2025” sərgisinə seçdiyi mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın paytaxtı namizəd şəhər kimi bu sərgidə əsasən insan amilinə üstünlük verir. Bu cür sərgilər bütün insanları bir millət kimi birləşdirir. “Sərginin əsas mövzusuİnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması”dır”, - deyən Məryəm Qafarzadə Azərbaycanda həyata keçirilən dövlət siyasəti sayəsində insan kapitalının inkişafı sahəsində qazanılan uğurlardan danışıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov “Ekspo” hərəkatının fəal üzvü olan Bakıda “Ekspo 2025” üçün seçilən məkan haqqında ətraflı məlumat verib. Bildirib ki, Bakının beynəlxalq hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyükEkspo” kəndi salınacaq. “Bakı Ekspo 2025” sərgisinin qurulacağı sahə barədə danışan Birinci vitse-prezidentin köməkçisi deyib ki, ərazi rəmzi olaraq səkkizguşəlidir. Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir.

Azərbaycana etimad göstərilməsinin vacibliyini vurğulayan Elçin Əmirbəyov “Bakı Ekspo 2025” üçün nəzərdə tutulan məkanda müxtəlif növ tədbirlərin keçirilməsi üçün geniş imkanların yaradılacağını bildirib. O, “Ekspo” hərəkatının sadiq tərəfdaşı kimi Azərbaycanın bu məsələyə böyük məsuliyyətlə yanaşdığını vurğulayıb.

Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş etdirilib. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənib.

Təqdimatlarda “Ekspo 2025” Ümumdünya Sərgisi üçün Bakının təklif etdiyi layihənin əhatəli və ümumbəşəri mahiyyət daşıdığı, inkişaf etməkdə olan ölkələrin iştirakının təmin olunmasının xüsusi əhəmiyyəti vurğulanıb.

Azərbaycanın sərgi üçün təklif etdiyiİnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraqmövzusunun səhiyyə, təhsil və məşğulluğu əhatə etməklə bütün ölkələr, bütün mədəniyyətlər və insanlar üçün maraq kəsb etdiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada Beynəlxalq Sərgilər Bürosuna üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcəklər.

 

***

 

Azərbaycanın Baş naziri Novruz Məmmədov 163-cü sessiya çərçivəsində Beynəlxalq Sərgilər Bürosunun prezidenti Stin Kristensen, baş katibi Visente Lossertales, baş katibin müavini Dimitri Kerkentzes, Bürodakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Baş nazir Novruz Məmmədov, həmçinin Fransanın M6 və Euronews televiziya kanallarına müsahibə verib.

 

Azərbaycan.- 2018.-14 iyun.- S.4.