Vergilər Nazirliyi ilə Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında razılaşma
protokolları imzalanıb
İyunun 13-də XVII Xəzər
Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika və VIII Xəzər
Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgiləri
çərçivəsində Azərbaycan Respublikası
Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi arasında iki razılaşma protokolu
imzalanıb.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən açıqlama verilib.
Vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yükdaşımaları sahəsində vergilərin yığılması və mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.
Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda, vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişlərdirilməsidir.
Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.
Protokolların
imzalanması mərasimində bildirilib ki, qeyd olunan
sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyinin
artırılmasına xidmət edəcək.
Azərbaycan.-
2018.-14 iyun.- S.4.