“İctimai televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 888; 2006, ¹ 3, maddə 224, ¹ 12, maddə 1005; 2007, ¹ 5, maddələr 435, 442, ¹ 12, maddə 1218; 2009, ¹ 10, maddə 772; 2011, ¹ 2, maddə 70; 2012, ¹ 9, maddə 839; 2015, ¹ 5, maddə 493, ¹ 11, maddə 1281; 2016, ¹ 12, maddə 1988) aşağıdakı dəyişikliklər edilsin:
1. 13.10-cu maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sosial reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yayımlanır.”.
2. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.1. İctimai yayım proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və (və ya) akustik (səsli) şəkildə fərqlənməlidir.”.
3. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“15.1. Sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərtilə yayımlanır. Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında (verilişində) verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır.”.
4. 15.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“15.4. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
4 may 2018-ci il
Azərbaycan.- 2018.-14 iyun.- S.11.