Qürur hissi doğuran “Nəriman Nərimanov”
Kitab rəfi
Həkim, yazıçı, ictimai-siyasi
xadim Nəriman Nərimanovun həyat və yaradıcılığı,
Azərbaycanın dövlətçilik
tarixində yeri və rolu, ədəbi
irsi həmişə tədqiqatçı alimlərin
diqqət mərkəzində
olmuşdur. Mirzə İbrahimov, Mir Cəlal, Cəmil Quliyev, Vəli Məmmədov, Qılman İlkin, Qulam Məmmədli, Həsən Həsənov,
Mikayıl Rəfili, Şamil Qurbanov, Firdovsiyyə Əhmədova,
Akif Aşırlı və digər tədqiqatçı-alimlər Nəriman Nərimanovun çoxşaxəli yaradıcılığının
müxtəlif sahələrini
tədqiq edib kitab yazmışlar. Onların arasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri,
professor, Özbəkistan Respublikası
“Turan” Elmlər Akademiyasının akademiki
Teymur Əhmədov da var.
Onun Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman
Nərimanov həyatı,
mühiti və yaradıcılıq yolu” kitabları Azərbaycan, rus, alman, ingilis,
fransız dillərində
kütləvi tirajla çap olunub. Bu əsərlər Nəriman
Nərimanov irsini ədəbiyyatşünaslara və
oxuculara daha yaxından tanıtmış,
respublikamızdan kənarda
da müəllifə rəğbət qazandırmışdır.
Teymur Əhmədovun belə əsərlərindən biri
bu günlərdə
“Nurlar” Nəşriyyat-Poliqrafiya
Mərkəzi tərəfindən
nəfis şəkildə
buraxılmış “Nəriman
Nərimanov” kitab-albomdur.
“Ön söz”də Nəriman Nərimanovun həyatı
- uşaqlıq, gənclik,
tələbəlik, həkimlik,
yazıçılıq, habelə
qəzetçilik işindən
tutmuş ictimai-siyasi sahədəki gərgin fəaliyyəti yığcam,
dolğun və xronoloji ardıcıllıqla
öz əksini tapıb. Bu kitab Teymur Əhmədovun ötən
əsrin 70-ci illərində
nəşr edilən Nəriman Nərimanova aid albom-kitabının yenidən
işlənmiş, təkmilləşdirilmiş
və təzə arxiv tapıntıları ilə zənginləşdirilmiş
variantıdır.
Qeyd etmək yerinə düşər ki, Teymur Əhmədov
bundan bir neçə il öncə nəşr etdirdiyi “Mirzə İbrahimov, “Mir Cəlal”,
“Zəlimxan Yaqub” albom-kitabları ilə Azərbaycan kitabşünaslığında
və ədəbiyyatşünaslığında
bu janrın yaradıcısı kimi də tanınmışdır.
Müəllif arxiv sənədlərini və nadir fotoşəkilləri
qruplaşdıraraq XX əsr
Azərbaycan ədəbiyyatı
tarixində intibah dövrünün, üsyanlar
və inqilablar dalğasının ictimai-siyasi,
ədəbi-mədəni mənzərəsini
dolğunluğu ilə
əks etdirmişdir. Oxucu N.Nərimanovun böyük
amallar uğrunda mübarizə yolu və tarixi hadisələr barədə
ətraflı tanış ola bilir. Ötən əsrin əvvəllərində
bolşeviklər partiyasının
görkəmli xadimi kimi tanınan Nəriman Nərimanov gənclik dövründən
imkansız insanlara kömək etməyi qarşısına məqsəd
qoymuş şəxs kimi xarakterizə edilir. 1920-ci ildən
Azərbaycan SSR Xalq Komissarları Sovetinin ilk sədri vəzifəsində
işlədiyi müddətdə
Zaqafqaziyada bütün
Şərq üçün
nümunə ola biləcək dövlət yaratmağa çalışmışdır. Azərbaycanda yüz illərlə
hökm sürən müstəmləkəçilik siyasətini, köhnə üsul-idarəni tamamilə
yeni ictimai şəraitin tələblərinə
uyğun qurmaq istəmişdi. N.Nərimanov istəyirdi ki, Azərbaycan SSRİ-nin tərkibinə həqiqi müstəqil dövlət
kimi daxil olsun. Azərbaycan iqtisadi imkanlarına
və milli sərvətinə tam və
müstəqil şəkildə
sahiblik etsin. Lakin Nərimanovşünas
alimlərin yazdıqları
və albom-kitabda qeyd edildiyi kimi,
Nərimanovun Azərbaycanda
bu istiqamətdə dəyişiklik etmək cəhdi, nəhəng Rusiya dövlətinin rəhbərlərinin və
onların ermənipərəst
əlaltılarının fikri
ilə üst-üstə
düşmədiyindən onu
aradan götürməyə
nail oldular.
Albom-kitabda fotoların dili ilə oxuculara çatdırılan bir məqam da diqqət
çəkir. İstər sovetlər dönəmində,
istərsə də müstəqillik illərində
Nəriman Nərimanovun
ictimai-siyasi fəaliyyətini
və xalqı qarşısında xidmətlərini
yüksək qiymətləndirən
ümummilli lider Heydər Əliyev olmuşdur. Ədibin
anadan olmasının
100 illiyi münasibətilə
Bakıda heykəlini qoydurmaq istəyəndə
kommunist maskalı ermənilər və onların havadarları “millətçi” Nərimanova
heykəl qoyulmasına
qarşı etiraz məktubları ilə Moskvanı təngə gətirirdilər. Bu məsələdə milli
təəssübkeşlik göstərən,
əsl həqiqəti
ortaya qoyan Heydər Əliyev Nəriman Nərimanovun əzəmətli heykəlinin
ucaldılmasına nail oldu
və təntənəli
yubileyini keçirdi, doğma xalqına əbədi qovuşdurdu.
Nəfis tərtibatla
hazırlanmış 448 səhifəlik
albom-kitabda böyük
ictimai-siyasi xadimin “həyatı, mühiti, ictimai-siyasi fəaliyyəti
(1870-1918)”, “bədii yaradıcılığının
tarixi”, “dramaturgiyası”,
“nəsr əsərləri”,
“teatr mədəniyyəti”,
“ədəbi-nəzəri görüşləri”,
“publisistikası”, ən
nəhayət, “maarifçilikdən
inqilabi demokratizmə doğru” fəaliyyəti dolğunluğu ilə oxuculara çatdırılır.
Professor Teymur Əhmədov
hər bir azərbaycanlının qəlbində
iftixar və qürur hissi doğuracaq “Nəriman Nərimanov” albom-kitabını
gənc nəslə yeni redaksiyada təqdim etməklə ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim
Nərimanovun zəngin
irsini bir daha xalqımızın yaddaşında təzələmişdir.
Rəhman SALMANLI
Azərbaycan.- 2018.- 14 iyun.-
S.13.