Müasir Azərbaycanın
xilaskarı və qurucusu
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünya miqyaslı dövlət xadimi və dahi siyasət korifeyi Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində ölkəmiz tərəqqi yoluna qədəm qoydu, suverenliyimiz əbədi və sarsılmaz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi ruhu yüksəldi, Azərbaycanda ümumbəşəri dəyərlərə əsaslanan demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideya əsasları və strateji inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin liderlik keyfiyyətləri, fədakar və yorulmaz fəaliyyəti sayəsində ölkəmiz müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirdi.
Müstəqil Azərbaycanın qurucusu kimi gördüyü misilsiz işlər Heydər Əliyevə çağdaş tariximizdə xalqımızın xilaskarı və müasir dövlətçiliyimizin banisi kimi əbədiyaşarlıq qazandırdı. Dövlət suverenliyinin əldə edilməsini Azərbaycan üçün müstəsna dərəcədə önəmli hesab edən və xalqın yüksəlişi, dünyəvi, demokratik dəyərlərə yiyələnməsi yolunda əsas amil sayan ümummilli lider bu tarixi nailiyyəti yüksək qiymətləndirirdi: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir”.
Milli iqtisadiyyatı formalaşdıran və gələcək
uğurları təmin edən islahatlar
Ulu öndər Heydər Əliyev müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatlara böyük önəm verirdi. Azad bazar iqtisadiyyatının formalaşdırılması, istehsalın artırılması, sənayenin inkişafı, mülkiyyətin özəlləşdirilməsi, torpaq islahatının həyata keçirilməsi, sahibkarlığın formalaşması bu baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Ümummilli lider iqtisadiyyatın inkişafını dövlət siyasətinin prioritetlərindən hesab edirdi: “İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı formalarını tətbiq etməkdən ibarətdir”.
Qeyd edək ki, islahatlar vasitəsilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ 1969-cu ildə Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başlanan şərəfli və mühüm missiyanın əsas istiqamətlərindən idi. Məhz həmin dövrdən etibarən ölkəmizin milli iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialın və təbii sərvətlərin ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi üçün ciddi addımlar atıldı. Milli inkişaf ideyasından doğan və Azərbaycan iqtisadiyyatını bütün parametrlər baxımından Sovet İttifaqında ən öncül yerlərdən birinə çıxarmağı hədəfləyən bu islahatlar ümummilli liderin yüksək dövlət idarəçiliyi bacarıqları və liderlik keyfiyyətləri sayəsində o dövrdə Azərbaycanda tarixi dönüş yaratdı, köklü müsbət dəyişikliklərə səbəb oldu. Ulu öndərin səyi, əzmkarlığı və ittifaq miqyasında güclü nüfuzu sayəsində siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində Azərbaycanın inkişafını təmin edəcək əlverişli qərarlar qəbul edildi, bütün sahələrdə uzunmüddətli və sistemli proqramların icrasına, iqtisadiyyata dövrün yeni və mütərəqqi texnologiyalarının uğurla tətbiqinə başlandı.
Nəticədə Azərbaycan xammal ölkəsi və aqrar respublikadan qabaqcıl sənaye ölkəsinə çevrildi, kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, ölkəmiz ittifaq respublikaları arasında iqtisadi uğurları və əldə etdiyi konkret nəticələri ilə önə çıxmaq imkanı əldə etdi. Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sahələr, 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı. Həmin illər neft-kimya sənayesinin yeni dövrün tələblərinə uyğun inkişafı baxımından da önəmlidir. Ümummilli liderin böyük diqqəti sayəsində tam modernləşdirilmiş neft-kimya sənayesi ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadı, Azərbaycan neft məhsulları və avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal sahələri üzrə Sovet İttifaqında aparıcı respublikalardan birinə çevrildi.
Əvvəllər kənd təsərrüfatının inkişafı baxımından da geridə qalan Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə səmərəli idarəçilik və mütərəqqi texnologiyaların uğurlu tətbiqi sayəsində sovetlərin qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük, ümumilikdə aqrar-sənaye üzrə əsas respublikalardan biri oldu. O dövrdə Azərbaycanda istehsal edilən müxtəlif sahələr üzrə 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başladı.
Ulu öndərin Azərbaycanın hərtərəfli inkişaf strategiyası həm də infrastrukturun yenilənməsini, arxitekturaya yiyələnməsini şərtləndirirdi. Bunun nəticəsidir ki, paytaxta və regionlara gözəllik verən yüzlərlə müasir yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, su anbarları, müasir yollar tikildi, yaşıllıq zonaları, istirahət ocaqları yaradıldı. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə həyata keçirilən quruculuq siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri, formalaşmış böyük potensial Azərbaycanın gələcək inkişafı üçün önəmli amillər oldu.
Sovet İttifaqında müasir istehsal və sənaye üsullarının və texnologiyaların burada cəmləşməsi, ulu öndərin müdrik idarəetmə və uzaqgörən strategiyası nəticəsində ölkədə baş verən sosial-iqtisadi inkişaf bumu məqsədli şəkildə milli inkişafa yönəldilmişdi və ölkənin gələcək müstəqilliyinin davamlı olması baxımından mühüm tarixi əhəmiyyət kəsb edirdi. Ümummilli liderin dövlət quruculuğu strategiyası qabaqcıl iqtisadiyyat və infrastruktura, sosial-iqtisadi inkişafa nail olmaqla yanaşı, həm də milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi istiqamətində həyata keçirilən siyasətlə tamamlanırdı ki, bu da Azərbaycan xalqının müstəqil dövlətçilik ideyalarının reallaşmasında və xalqın milli-azadlıq mübarizəsinin uğurla nəticələnməsində həlledici rol oynadı. Ulu öndər Heydər Əliyev bu məqamı çox dəqiq ifadə etmişdir: “1970-ci illərdə görülən işlər, yaranan bu böyük iqtisadi, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Əgər onlar olmasaydı, biz bu gün dövlət müstəqilliyini əlimizdə bu qədər möhkəm saxlaya bilməzdik”.
Müasirləşmə və inkişaf
üçün yaradılan təməl
Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan XX əsrin sonlarında çox çətin sınaq qarşısında idi və bərpa edilmiş müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Belə ki, 1990-cı illərin əvvəllərində xalqımız suverenliyini yenidən bərpa etsə də, ölkədə yaranmış siyasi böhran, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, 1 milyondan artıq soydaşımızın doğma yurdundan didərgin düşməsi siyasi və sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş, ölkədə xaos yaranmış, iqtisadiyyat ciddi tənəzzülə uğramışdı. Müstəqilliyin ilk illərində bir ictimai-iqtisadi formasiyadan digərinə keçidin yaratdığı məhrumiyyətlər, yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın olmaması, yerli və ittifaq miqyasında müəssisələrarası əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi və informasiya baxımından təcrid edilməsi nəticəsində ÜDM-in, sənaye istehsalının və xarici ticarət dövriyyəsinin həcmi ciddi şəkildə azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İqtisadiyyatın iflic vəziyyətinə düşməsi, fabrik və zavodların fəaliyyətini dayandırması və sıradan çıxması nəticəsində işsizlik kütləviləşmiş, əhalinin gəlirləri azalmış, güzəranı ağırlaşmışdı.
Azərbaycan dövlətçiliyinin ciddi təhlükə ilə üzləşdiyi belə bir ağır zamanda xalqımız yenidən öz xilaskarına - dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın inkişafına həsr etmiş Heydər Əliyevə üz tutdu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdan ulu öndər ölkədə daxili çaxnaşmanın, vətəndaş müharibəsinin, xaos və hərc-mərcliyin qarşısını aldı, atəşkəsə nail oldu, xalqımızın itirilmiş inamını özünə qaytardı, ölkənin davamlı inkişafının əsasını qoydu, müstəqilliyimizi möhkəmləndirdi. Ümummilli lider Heydər Əliyev siyasi fəaliyyətinin əsas qayəsini təşkil edən milli istiqlal, milli birlik, müstəqil dövlətçilik məfkurəsinə sadiq qalmaqla “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir” prinsipinin özünün həyat və siyasi fəaliyyət kredosu olduğunu bir daha sübut etdi.
Ulu öndərin hakimiyyətə qayıdışından sonra ictimai-siyasi, sosial-iqtisadi, humanitar sferada, beynəlxalq münasibətlərdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı, bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad bazar iqtisadiyyatının formalaşması məqsədilə hüquqi baza yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi. Heydər Əliyevin həyata keçirdiyi irimiqyaslı islahatlar nəticəsində iqtisadi hədəflər və onlara nail olunması yolları müəyyənləşdirildi, maliyyə vəziyyəti sabitləşdi, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına, investisiyaların cəlb olunmasına başlandı, xalqın həyat səviyyəsi yüksəldi.
Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi. 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i ümummilli lider Heydər Əliyevin təşəbbüsü əsasında Milli Məclisə təqdim olunmuşdu.
Güclü
iqtisadiyyata və sosial rifaha hesablanmış neft
strategiyası
Müstəqilliyin ilk illərində
sosial-iqtisadi məhrumiyyətlərlə üzləşmiş
Azərbaycanın inkişafında ciddi dönüşə
nail olmaq üçün ölkənin zəngin karbohidrogen
ehtiyatlarından iqtisadiyyatda səmərəli istifadə
olduqca zəruri və eyni zamanda çətin məsələ
idi. Dahi siyasət korifeyi Heydər Əliyev bu məsələni
ölkənin gələcəyi üçün həlledici
amil hesab edirdi. Odur ki, neft
strategiyasının hazırlanması və uğurla həyata
keçirilməsi iqtisadi siyasətə qlobal və korrekt
yanaşmanın ən ümdə məqamlarından biri kimi
qarşıda dururdu. Azərbaycanın karbohidrogen
ehtiyatlarının dünya bazarına
çıxarılmasına yaradılan maneələrin
neytrallaşdırılmasına yalnız dəqiq strategiya və
qlobal liderlik keyfiyyətləri ilə nail olmaq olardı. Məhz
ümummilli liderin ölkə iqtisadiyyatının hərtərəfli
inkişafı üçün neft amilindən məharətlə
istifadə etməsi və “Əsrin müqaviləsi”nin imzalanması ilə bu maneələr tamamilə
aradan qaldırıldı. “Neft Azərbaycanın
ən böyük sərvəti olub, xalqa, özü də təkcə
indiki nəslə deyil, həm də gələcək nəsillərə
məxsusdur” deyən Heydər Əliyevin siyasi əzmkarlığının
təntənəsi olan bu sənəd ölkənin enerji
potensialının milli mənafelərimizə uyğun şəkildə
dünya bazarına çıxarılmasına,
iqtisadiyyatın digər sahələrinin də
inkişafına geniş imkanlar açdı.
Beləliklə, Azərbaycan
postsovet məkanında Qərbin transmilli neft şirkətləri
ilə böyük miqyasda saziş imzalayan ilk dövlət
kimi Xəzərdə beynəlxalq əməkdaşlığın
əsasını qoydu, bununla Azərbaycanı dünya iqtisadiyyatına
bağlayan ən önəmli addımlardan biri atıldı.
Neftin dünya bazarlarına
çıxarılması üçün 1996-cı ildə
Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin
istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin
inşasına dair sazişin imzalanması ilə neftin ixrac
marşrutlarının şaxələndirilməsinə nail
olundu. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
layihəsi Heydər Əliyevin neft strategiyasının ən
böyük uğurlarından biridir. Məhz
ulu öndərin qətiyyətli və uzaqgörən siyasəti
nəticəsində reallaşan neft strategiyası ölkənin
iqtisadi inkişafının qarantına çevrilməklə
bu sahədə yeni bir mərhələnin əsasını
qoydu. Çox böyük siyasi maneələr dəf
edilməklə reallaşdırılmış
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə
şübhə ilə yanaşanlara ümummilli lider sərrast
cavab vermişdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri
var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir
ki, yüz il, bəlkə də ondan da
çox yaşayacaqdır”.
Bakı-Tbilisi-Ceyhan neft kəməri
ilə yanaşı, Azərbaycan qazının dünya
bazarına ixracının təmin olunması
üçün ulu öndərin təşəbbüsü
ilə Cənubi Qafqaz Boru kəmərinin inşasına
başlanıldı ki, bu faktor da respublikanın öz enerji
resurslarından səmərəli istifadəsini, ölkənin
ümumi inkişafına xidmət edən və sosial-iqtisadi
baxımdan mühüm əhəmiyyət kəsb edən
layihələrin reallaşdırılmasını təmin
etmək baxımından olduqca vacibdir.
Enerji
daşıyıcılarının satışından əldə
olunan vəsaitlərin strateji sahələrin inkişafına
yönəldilməsini təmin etməklə bağlı həyata
keçirilən məqsədyönlü siyasət xüsusi
vurğulanmalıdır. 1999-cu ildə ümummilli liderin fərmanı
ilə neft yataqlarının xarici şirkətlərlə
birgə işlənməsindən əldə edilən mənfəət
neftin satışından daxil olan vəsaitlərin səmərəli
idarə edilməsi, həmin gəlirlərin prioritet sahələrin
inkişafına yönəldilməsini təmin etmək
üçün Dövlət Neft Fondu yaradıldı. Bu fond ulu öndərin “Neft sərvətimiz, ilk
növbədə, müstəqil Azərbaycan
Respublikasının inkişafı, xalqın sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması, vətəndaşların
maddi rifahının yüksəldilməsi üçün
istifadə olunmalıdır” fəlsəfəsindən irəli
gəlməklə karbohidrogen ehtiyatlarının cəmiyyətin
bütün vətəndaşlarının sosial rifahı və
gələcək nəsillərin inkişafına yönəldilməsində
mühüm mexanizmə çevrildi. Təsadüfi
deyildir ki, ümummilli liderin təşəbbüsü ilə
fondun ilk vəsaiti qaçqın və məcburi
köçkünlərin sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına yönəldildi. Hazırda fond bu sahədə səmərəli fəaliyyət
göstərir və onun işində şəffaflığın
təmin edilməsi beynəlxalq təşkilatlar tərəfindən
yüksək qiymətləndirilir.
Beləliklə, Heydər Əliyevin
Azərbaycan dövlətinin və xalqının uğurlu gələcəyini
təmin edən uzaqgörən neft strategiyası, yaradılan
neft-qaz sənayesi iqtisadi həyatın bütün digər
sahələrinin harmonik inkişafı baxımından vacib faktor
oldu.
Uğurlu neft
strategiyası - iqtisadi inkişafın əsası
Ulu öndərin rəhbərliyi
ilə aqrar sektorda rentabelli təsərrüfatçılığın,
səmərəli sahibkarlığın inkişafının
təmin edilməsi mühüm istiqamətlərdən idi. Ümummilli lider
sahibkarların və kənd təsərrüfatı sahəsində
çalışanların maraq və mənafelərini nəzərə
almaqla mühüm tədbirlər gerçəkləşdirdi,
kənd təsərrüfatı məhsulları
istehsalçılarının əvvəlki vergi borcları
silindi, müddətli vergi tətillərinin verilməsinə
başlandı, onlar torpaq vergisindən başqa bütün
digər vergi ödənişlərindən azad edildilər və
bu güzəştlər hazırda da davam edir. Heydər
Əliyevin memarı olduğu və uğurla həyata
keçirdiyi torpaq islahatı kəndlini onun əsl sahibinə
çevirdi.
Müstəqillik
dövründə sahibkarlar sinfinin formalaşması və
inkişafı məhz ümummilli liderin məqsədyönlü
siyasəti nəticəsində mümkün oldu. Ulu öndərin
sahibkarlığın inkişafı strategiyası özəl
bölmənin inkişafına yönəlmiş tədbirlərin
sistemliliyi, dövlət tənzimlənməsinin
liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin
institusionallaşdırılması kimi vacib məqamları
özündə ehtiva edirdi. “Sahibkarlığın
inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi,
bazar iqtisadiyyatının yaradılması bizim strateji
yolumuzdur” xəttini iqtisadi yüksəlişin əsas prinsipi
kimi müəyyən edən Heydər Əliyev özəl
bölmənin inkişafına, sahibkarlar sinfinin
formalaşmasına böyük diqqət və qayğı
göstərir, onlarla mütəmadi görüşür,
problemlərini öyrənir, təşəbbüsləri ilə
tanış olur, qarşılaşdıqları çətinliklərin
həlli üçün vacib qərarlar qəbul edir,
müvafiq dövlət qurumlarına konkret
tapşırıqlar verirdi. Ulu öndərin təşəbbüsü
ilə qəbul olunmuş dövlət proqramlarının bu
sahənin yüksəlişində xüsusi rolu oldu,
kiçik və orta sahibkarlığın
inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən
birinə çevirdi, onlara maliyyə dəstəyi və zəruri
texniki yardım (məsləhət, informasiya və s. xidmətlər)
göstərən strukturlar formalaşdı, vergi yükü
azaldıldı, kiçik sahibkarlıq subyektlərinə
vahid vergi tətbiq edildi. Dövlət mülkiyyətinin
özəlləşdirilməsinin qanunvericilik bazası
yaradıldı və bu sahədə müvafiq dövlət
proqramları təsdiq olundu.
2002-ci ilin aprel-may aylarında Heydər
Əliyevin yerli və xarici iş adamları ilə
görüşləri sahibkarlığın inkişafı
baxımından xüsusilə əlamətdar idi. Görüşlər və onların nəticəsi
olaraq biznes mühitinin daha da
yaxşılaşdırılması məqsədilə
imzalanmış bir sıra mühüm fərman və sərəncamlar
ölkədə sahibkarlığın yeni inkişaf mərhələsinin
əsasını qoydu.
Regionların
tarazlı inkişafı üçün yaradılmış
etibarlı zəmin
Ümummilli liderin həyata keçirdiyi sosial-iqtisadi
inkişaf strategiyası azad bazar münasibətlərinin
geniş miqyasda bərqərar olması, hərtərəfli
iqtisadi islahatların, özəlləşdirmə
proqramlarının reallaşdırılması, milli
sahibkarlar sinfinin formalaşmasını şərtləndirməklə
ölkə regionlarının tərəqqisinə də əlverişli
şərait yaratdı. 1995-2003-cü illərdə
həyata keçirilmiş tədbirlər regionların
sürətli sosial-iqtisadi inkişafına, sonrakı dövrlərdə
bu sahədə vacib dövlət proqramlarının qəbul
olunmasına və uğurlu icrasına möhkəm zəmin
yaratdı.
Ulu öndər beynəlxalq
bazarlara çıxmaq məqsədilə etibarlı və
effektli nəqliyyat sisteminin reallaşdırılmasına
çox böyük diqqət yetirirdi. Bu baxımdan,
həyata keçirilən nəqliyyatın inkişafı
siyasətinin mərkəzində tranzit dəhliz və yolların,
ölkənin regionlararası, şəhər və rayondaxili
yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də
milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına
sürətli inteqrasiyası dururdu. Azərbaycanın
beynəlxalq nəqliyyat sisteminin gücləndirilməsi
üçün həyata keçirilmiş TRASEKA, Şimal-Cənub,
İNOGEYT Proqram layihələri bu müstəvidə
xüsusi qeyd edilməlidir. Bu cür vacib
layihələrin uğurla həyata keçirilməsi nəticəsində
Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat
qovşağına və beynəlxalq əhəmiyyətli
neft-qaz tranziti ölkəsinə çevrildi.
Sosial-iqtisadi siyasətin
prioriteti - insan amili
Heydər Əliyevin həyata
keçirdiyi sosial-iqtisadi siyasətin əsasında insan amili
və Azərbaycan vətəndaşlarının yüksək
rifahı dururdu. “Bizim apardığımız işlər,
böyük layihələrimiz, neft müqavilələrimiz və
həyata keçirdiyimiz iqtisadi islahatlar Azərbaycanın
iqtisadiyyatını qısa bir zamanda gücləndirəcək
və insanların rifah halı günü-gündən
yaxşılaşacaqdır” deyən ümummilli lider Azərbaycan
Respublikasının Prezidenti kimi fəaliyyətə
başladığı ilk gündən vətəndaşların
həyat səviyyəsinin yüksəldilməsini
başlıca məqsəd kimi müəyyənləşdirmişdi.
1995-ci il
noyabrın 12-də böyük siyasət korifeyi Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın
ilk Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə
qəbul olunması dövlətçilik tarixmizdə ən əlamətdar
hadisələrdəndir. Milli maraqlara və
dövrün çağırışlarına tam cavab verən
Ali Qanunvericilik Aktında insan amili, vətəndaşların
hüquq və azadlıqlarının, onların
rifahının və təhlükəsizliyinin təmin
olunması əsas prinsiplərdəndir. Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən tədbirlər sayəsində artıq
1996-cı ildə sosial göstəricilərin dinamikasında
müsbət meyillər nəzərəçarpacaq dərəcədə
özünü göstərməyə başladı.
Ölkə başçısının müxtəlif illərdə
imzaladığı fərman və sərəncamlarla hərbi
qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə,
elm, mədəniyyət sahəsində
çalışanların əməkhaqqı, pensiyaların
minimum məbləği, şəhid ailələrinin, 20
Yanvar və Azərbaycanın ərazi
bütövlüyünün müdafiəsi uğrunda əlil
olanların pensiya və müavinətləri bir neçə
dəfə artırıldı, müxtəlif sahələrdə
böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini
yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər
təsis edildi.
Ermənistanın təcavüzü
nəticəsində öz doğma yurdlarından didərgin
düşmüş qaçqınların və məcburi
köçkünlərin maddi vəziyyətinin və
yaşayış şəraitinin
yaxşılaşdırılması məqsədilə
mühüm qanun, fərman və sərəncamlar
imzalandı. Məcburi köçkünlərin
çadırlardan müasir evlərə
köçürülməsi, onların haqq səsinin
dünyaya və beynəlxalq təşkilatlara
çatdırılması sahəsində ilk addımları
da məhz ulu öndər atmışdır.
Heydər Əliyevin
balanslaşdırılmış xarici siyasəti sayəsində
Azərbaycan dünyanın siyasi xəritəsində
geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz
Cənubi Qafqazın aparıcı dövlətinə, regionda
gerçəkləşdirilən bütün transmilli layihələrin
təşəbbüskarına və fəal
iştirakçısına çevrilmişdir. Ulu öndərin
çoxsaylı xarici səfərləri, ikitərəfli və
beynəlxalq səviyyədə imzalanmış mühüm
saziş və sənədlər, uğurlu neft
diplomatiyası, beynəlxalq və regional təşkilatlarla
aparılan gərgin iş ölkəmizin
inkişafının sürətləndirilməsinə
mühüm töhfəsini vermişdir. Heydər Əliyevin təşəbbüsü
ilə Birləşmiş Millətlər Təşkilatı,
Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı,
Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma
və İnkişaf Bankı və s. kimi mühüm beynəlxalq
institutlarla səmərəli əməkdaşlıq
yaradıldı.
Beləliklə, Heydər Əliyevin
sosial-iqtisadi strategiyası 1995-ci ildən Azərbaycanda keyfiyyətcə
yeni mərhələnin başlanmasına səbəb oldu. Bərpa və dinamik
inkişaf dövrü kimi xarakterizə olunan 1995-2003-cü illər
ərzində ümumi daxili məhsul 1,7 dəfə, büdcə
gəlirləri 3,9 dəfə, ölkənin valyuta
ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4
faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz,
xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul
olanların orta aylıq əməkhaqqı 6,2 dəfə
artdı, inflyasiya səviyyəsi 2-3 faizədək azaldı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri
hesabına 20 milyard ABŞ dolları həcmində investisiya
qoyuldu.
Böyük yolun
uğurlu davamı
Azərbaycanın
sosial-iqtisadi, ictimai-siyasi, hüquqi dövlətçilik, vətəndaş
cəmiyyəti quruculuğu və digər istiqamətlərdə
qazandığı böyük nailiyyətlər məhz
ümummilli lider Heydər Əliyevin müəllifi olduğu
müasir Azərbaycan dövlətçiliyi və milli
inkişaf amallarının uğurla həyata keçirilməsi
nəticəsində mümkün olmuşdur.
Ulu öndərin uzaqgörən
dünyəvi dövlət quruculuğu və milli inkişaf
konsepsiyasının 2003-cü ildən yeni dövrün lideri
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi ilə hazırda Azərbaycan beynəlxalq arenada
suveren və milli maraqlara əsaslanan siyasət yürüdən
güclü dövlətdir, beynəlxalq və regional layihələrin
təşəbbüskarı və fəal
iştirakçısı, Avropanın mühüm enerji təminatçılarından
biridir. Milli dövlətçilik əsaslarının daha
da möhkəmləndirilməsinin, müstəqilliyimizin əbədiliyinin,
ölkəmizin hərtərəfli yüksəlişinin ən
etibarlı təminatçısı olan Prezident İlham Əliyevin
rəhbərliyi ilə hazırda Azərbaycan ümumbəşəri
dəyərlərə əsaslanan hərtərəfli
inkişaf yolu ilə inamla irəliləyir, yeni uğurlara imza
atır. Bu il aprelin 11-də
keçirilmiş prezident seçkilərində qədirbilən
xalqımız bir daha özünün işıqlı gələcəyinə,
yüksək sosial rifaha, sabitliyə, sülhə səs verərək,
bu yoldan dönməzliyini sübut etdi. Prezident
seçkilərində yenidən özünün ümummilli
və əbədiyaşar liderinin siyasi kursunun ən layiqli
davamçısına səs verən xalqımız milli-mənəvi
və ümumbəşəri dəyərlərə
sadiqliyini, milli birliyini, ən başlıcası isə öz
liderinə dərin inam və etibarını bütün
dünyaya nümayiş etdirdi. Cənab
İlham Əliyevin prezident seçkilərində inamlı və
möhtəşəm qələbəsi ulu öndərin
“Xalq dövlət üçün yox, dövlət xalq
üçün olmalıdır” müdrikliyinin, xalq-iqtidar
birliyinin daha bir təntənəsinə çevrildi.
Azərbaycan xalqı
İlham Əliyevə səs verməklə həyata
keçirdiyi uğurlu siyasəti, genişmiqyaslı
islahatları yekdilliklə dəstəklədiyini bariz şəkildə
göstərmiş oldu, bu inkişaf kursunun davamının
müstəqil Azərbaycanı işıqlı gələcəyə
apardığından əminliyini bir daha ifadə etdi.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmiz siyasətdə, iqtisadiyyatda, beynəlxalq
əlaqələrin genişlənməsi və möhkəmlənməsində
böyük uğurlara imza atıb. 2004-2017-ci illərdə Azərbaycan
iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft
iqtisadiyyatı 2,8 dəfə, sənaye məhsulu istehsalı
2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə,
qeyri-neft ixracı 4,1 dəfə artıb. Sahibkarlara
şərtlərlə 2 milyard manatdan çox güzəştli
kreditlər verilib. İndiyədək ölkə
iqtisadiyyatına 250 milyard ABŞ dollarından çox sərmayə
qoyulub, valyuta ehtiyatları 24 dəfə artaraq 44 milyard dollara
çatıb, son 15 ildə ölkədə 1,9 milyondan
çox yeni iş yeri açılıb. Maaşlar
təxminən 7, pensiyalar 10 dəfədən çox
artıb. İşsizlik 5 faizə, yoxsulluq 5,4 faizə enib.
Prezident İlham Əliyevin
sosial-iqtisadi siyasətinin əsasında insan amili dayanır və
bütün sosial layihələrin icrası dövlət
başçısının daim diqqət mərkəzindədir. Bu istiqamətdə
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə reallaşdırılan layihələr Azərbaycanda
sosial sahənin, bütünlükdə iqtisadiyyatın
inkişafına mühüm töhfələrdir.
Ölkədə iqtisadi
islahatların uğurlu gedişində, ümumiyyətlə
milli inkişaf prosesində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın
da müstəsna xidmətləri var. Heydər Əliyev
Fondunun prezidenti olaraq ötən 14 ildə göstərdiyi
nümunəvi fəaliyyəti ilə dövlət siyasətinin
həyata keçməsinə yardım göstərən
Mehriban xanım bu ali vəzifəsində də ölkənin
sosial-iqtisadi inkişaf prosesinə əhəmiyyətli
müsbət təsirləri ilə fərqlənir.
Azərbaycan iqtisadiyyatında həyata
keçirilən iqtisadi islahatlar innovativ layihələrin
uğurla reallaşdırılmasına, rəqabətqabiliyyətli
Azərbaycan məhsullarının istehsalının və
ixracının artmasına, “Made in Azerbaijan” brendi ilə
uğurla təmsil olunmasına, sənayenin ənənəvi
sahələri ilə yanaşı, yeni sənaye sahələrinin
formalaşması və inkişafına səbəb olub, son
15 ildə qeyri-neft ixracı 4,1 dəfə artıb.
Azərbaycanın təşəbbüskarı
və fəal iştirakçısı olduğu qlobal
transmilli iqtisadi və enerji layihələri - Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri,
Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub”, “Şərq-Qərb”
nəqliyyat dəhlizləri kimi irimiqyaslı layihələr
regionda və dünyada ölkəmizin mövqeyini daha da
gücləndirir, Azərbaycanın, eyni zamanda region və dünya
ölkələrinin inkişafında önəmli rol
oynayır. Bu günlərdə rəsmi
açılışı həyata keçirilmiş “Cənub
qaz dəhlizi” və TANAP layihəsi, eləcə də
tikintisi uğurla davam etdirilən TAP layihəsi Azərbaycanın
beynəlxalq nüfuzunu daha da yüksəldir, ölkəmizin
dünyada mühüm enerji təminatçısı kimi
mövqeyini daha da möhkəmləndirir.
Azərbaycan
iqtisadiyyatının davamlı inkişafını beynəlxalq
maliyyə qurumları və reytinq agentlikləri də yüksək
qiymətləndirir. Ümumdünya İqtisadi Forumunun
“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan
reytinqdə daha 2 pillə yüksələrək 137 ölkə
arasında 35-ci yerdə qərarlaşıb. Ümumiyyətlə, ölkəmiz 2005-2017-ci illərdə
“Qlobal rəqabətlilik qabiliyyəti” hesabatları üzrə
mövqeyini 34 pillə yaxşılaşdıraraq 69-cu yerdən
35-ci yerə yüksəlib və 2009-cu ildən MDB-də
liderliyini qoruyur. 190 ölkənin biznes mühitini qiymətləndirən
Dünya Bankının “Doing Business 2018” hesabatında son
dövrlər aparılan davamlı islahatların məntiqi nəticəsi
olaraq Azərbaycan reytinq üzrə irəliləyərək
57-ci mövqedə qərarlaşıb.
Ümummilli liderin Azərbaycanın
hərtərəfli inkişafı strategiyasının
Prezident İlham Əliyev tərəfindən müasir
dövrün tələb və
çağırışlarına adekvat cavab verməklə
yeni çalarlarla davam etdirilməsi ölkəmizin
bütün sahələrdə davamlı inkişafını
təmin edir, yeni islahatlar, innovativ yanaşmalar qazanılan
nailiyyətləri daha da artırır. Dövlət
başçısının dediyi kimi: “Ulu öndər Heydər
Əliyev müstəqil Azərbaycanın banisidir, onun
qurucusudur. Onun səyləri, fəaliyyəti nəticəsində
1993-cü ildə Azərbaycan inkişaf yoluna qədəm
qoymuşdur. 2003-cü ildən isə bu
siyasət davam etdirilir və bugünkü Azərbaycan əslində
bu siyasətin gözəl nümunəsidir”.
Şahin MUSTAFAYEV,
Azərbaycan
Respublikasının
iqtisadiyyat naziri
Azərbaycan.- 2018.- 15 iyun.- S.1; 3.