Qurtuluşdan intibaha doğru

 

Yaşadığımız 2018-ci il xalqımız üçün əlamətdar hadisələrlə zəngin, yubileylər ilidir desək, yanılmarıq.

Ölkə vətəndaşları müsəlman Şərqində ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini, xalqımızın müstəqillik və azadlıq arzularını gerçəkliyə çevirmiş ulu öndər Heydər Əliyevin 95 illik yubileyini və Milli Qurtuluşumuzun 25 illik ildönümünü böyük coşğu ilə qeyd edir. Heydər Əliyevin qurub yaratdığı bugünkü müstəqil Azərbaycan nəinki  ölkə vətəndaşlarının və dünya azərbaycanlılarının qürur mənbəyi, həm də bütün türk dünyasının nadir incilərindəndir.

Tale elə gətirmişdir ki, Şərqdə ilk parlamentli demokratik respublika olan Xalq Cümhuriyyətinin 100 illiyi müstəqilliyimizin memarı ulu öndərlə bağlı yubileylərlə eyni vaxta təsadüf edir. Bu özü bir rəmzi məna daşıyır. Əgər  ötən əsrin əvvəllərində cəmi 23 ay fəaliyyət göstərən cümhuriyyəti qoruyub saxlamaq mümkün olmamışdırsa, xalqımız əsrin sonunda Heydər Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi ilə bu istəyini reallığa çevirdi. Bugünkü müstəqil Azərbaycan xalqımızın uzun illər ürəyində yaşatdığı istiqlal istəyinin gerçək həyatda ifadəsi, onun milli mənliyinin təcəssümüdür!

1993-cü il iyunun 15-i Azərbaycan xalqının həyatında yeni dövrün başlanğıcıdır. Dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin həmin gün ölkənin qanunvericilik orqanına sədr seçilməsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi şanlı tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Vətənini, xalqını sevən, odövrkü çətin və ağrılı günlərin dəhşətlərini yaşayan  insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan həlli çətin görünən problemlə üzləşmişdi. Azərbaycanlıların öz doğma obalarından didərgin düşməsi, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın dalbadal işğalı, separatizm meyilləri - bütün bunlar o dövrün adi mənzərəsi idi. Xaos və özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi insanlarda ölkənin gələcəyi ilə bağlı böyük suallar doğurmuşdu. Belə bir  vaxtda hamı Heydər Əliyevin yenidən siyasi olimpə qayıdışını səbirsizliklə gözləyir və bu  görkəmli dövlət xadiminə böyük ümidlər bağlayırdı. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən, Xalq Cümhuriyyətinin aqibətindən xilas etdi.

Ulu öndər bütün şüurlu həyatını vətəninə, xalqına sərf etmişdir. Bu tarixi simanın Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər milli tariximizə tərəqqi illəri kimi daxil olmuşdur. Heydər Əliyev hələ o vaxt  Azərbaycanı  müstəqil ölkə kimi görürdü. Keçmiş İttifaq rəhbərliyində işlədiyi illərdə də bu uzaqgörən siyasətçi Azərbaycanın  bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələni əsirgəmirdi. İttifaq rəhbərliyindən uzaqlaşdıqdan sonra da o, həmişə vətəni, xalqı ilə birlikdə olmuşdur. 1990-cı ilin Qanlı yanvar hadisələrini kəskin tənqid edən Heydər Əliyev  Naxçıvana dönmüş, tezliklə Azərbaycan Ali Sovetinə və Naxçıvan Ali Məclisinə  deputat seçilmişdi.

Təəssüf ki, müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər müasir tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi  xarakterizə olunur. Bu dövrdə ölkədə separatçı qüvvələrin fəallaşması, Gəncədə qardaş qanının tökülməsi ilə ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanma təhlükəsinin artması nəticəsində  xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyi sual altına qoyulmuşdu. Bax belə bir ümidsiz siyasi, sosial, iqtisadi və hərbi şəraitdə xalqın təkidli tələbi və iqtidarın məcburiyyət qarşısında qalıb davamlı xahişi ilə Heydər Əliyev Bakıya qayıtmışdı.

Onun bu qayıdışının  dövlətçiliyimiz  üçün misilsiz  faydası  oldu. Bu, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin və xalqımızın qurtuluşu idi. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri Milli Məclisə müraciət edərək bu günün Azərbaycan xalqının “Milli Qurtuluş Günü” elan olunmasını tələb edirdilər.

Həmin vaxt mən Milli Məclisin deputatı idim və tale elə gətirdi ki, 1997-ci il iyunun 17-də parlamentdə çıxış edərək belə bir qərarın qəbul edilməsini təklif etmək mənə qismət oldu. Bundan 10 gün sonra - iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da mənim təklifim dəstəkləndi və həmin gün Milli Məclisin qərarı ilə 15 iyun -  Azərbaycan xalqının Milli Qurtuluş Günü elan olundu.

Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi”.

Azərbaycan dövlətini tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz sevgi tələb olunurdu. Ulu öndər dünyanın güc mərkəzlərinin iradəsinə qarşı çıxaraq, onların Azərbaycan üçün hazırladıqları məkrli planları alt-üst etdi, xalqımızı və dövlətimizi təhlükələrdən xilas edərək ardıcıl inkişaf dövrünə çatdırdı. Söz düşmüşkən qeyd edim ki, hələ 17 noyabr 1990-cı ildə ilk dəfə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qaldırılmasına nail olan Heydər Əliyev cümhuriyyət tariximizə varislik siyasəti gətirərək müstəqil Azərbaycan Respublikasının tezliklə bərpa olunacağını bəyan etmişdi.

Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin Sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heydər Əliyev parlamentin dövlətçilik sistemində yerini və rolunu çox yaxşı bilir və ali məqsədlər naminə qanunverici orqanın imkanlarından maksimum yararlanmaq bacarığı göstərirdi. Ulu öndər ölkəyə ilk dəfə rəhbərlik etdiyi illərdə, sonralar Ali Sovetin Sədri olduğu dövrdə böyük məharətlə parlamentin gücünü tarixi vəzifələrin həllinə yönəldə bilmişdir. Heydər Əliyev ölkə başçısı seçildikdən sonra da parlamentlə sıx təmasda fəaliyyət göstərmiş, dəfələrlə Milli Məclisin tribunasından çıxış edərək, ölkə üçün taleyüklü məsələlərə öz münasibətini bildirmişdir.

Tarixi 15 iyun günündən sonra ulu öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Onun təşəbbüsü ilə parlamentdə müstəqil dövlətimiz üçün həyati əhəmiyyətli qanunlar qəbul olundu. Tezliklə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi. Ordu quruculuğu  sahəsində  mühüm işlər  görüldü, cəbhədə  atəşkəs  elan olundu.

Bütün türk  dünyasının ən nadir  tarixi  simalarından  sayılan  Heydər  Əliyevin  rəhbərliyi  ilə  respublikamız  dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı, qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına  çevrildi. İqtisadiyyatın  dirçəldilməsi üçün konkret addımlar atıldı, sənayedə, kənd təsərrüfatında islahatlar aparıldı, torpaq kəndliyə verildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi, cəmiyyətin demokratikləşməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi, ilk parlament və bələdiyyə seçkiləri keçirildi.

Onun heyrətamiz  xilaskarlıq  missiyası nəticəsində  Azərbaycan  tezliklə  təlatümlərdən, sarsıntılardan çıxaraq gələcəyə inamla baxan  bir dövlətə çevrildi. Heydər Əliyevin ikinci dəfə ölkəmizə rəhbərlik etdiyi 1993-2002-ci illəri əhatə edən dövr Azərbaycan xalqının həyatında baş verən taleyüklü mərhələni - müstəqilliyimizin möhkəmlənməsi dövrünü əhatə edir. Əgər 1989-1991-ci illərdə iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan ümumi daxili məhsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərazində azalmanın sürəti 3,8 dəfə artmışdır. 1996-cı ildən isə ümumi daxili məhsul istehsalında ardıcıl yüksəlişə nail olunmuşdur. Belə ki, 1993-cü ilə nisbətən 2002-ci ildə ümumi daxili məhsul istehsalı cari qiymətlərlə  193, dövlət büdcəsinin gəlirləri 85, xərcləri 72 dəfə artmışdır. 

Prezident İlham Əliyev ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər barədə belə deyir: “1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.

Sonrakı mərhələdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurlu davamı üçrəngli bayrağımızı zirvələrə yüksəltdi. Azərbaycan böyük dövlətlərin yüzillər ərzində keçdiyi yolu qısa zaman kəsiyində qət edərək böyük nailiyyətlərə imza atdı. Ölkənin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun quruldu, dövlətçilik ənənələri zənginləşdirildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft strategiyasının reallaşmasına imkan yaratdı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi ölkənin böyük strateji uğuru oldu. Azərbaycan bölgədə lider dövlətə çevrildi.

Hazırda respublikamızın iqtisadi inkişafı hər bir sahədə innovasiyanın və müasir texnologiyanın tətbiqinə əsaslanmaqla kompleks inkişafı təmin edən strategiya üzrə həyata keçirilir. Bu məqsədlə Prezidentin 2016-cı il 16 mart tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin  təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamına uyğun olaraq, 11 istiqamət üzrə strateji yol xəritələri hazırlanmış və dövlət başçısının fərmanı ilə təsdiq edilmişdir. Tezliklə bu strateji yol xəritələri üzrə fəaliyyətə başlamaq üçün geniş  hazırlıq işləri aparılır.

Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də çox uğurla, müasir tələblər səviyyəsində davam etdirilir. Dövlət başçısının ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafına dair imzaladığı çoxsaylı sərəncamların həyata keçirilməsi kənd yerlərinin inkişafına böyük təkan verir, kəndlərə və kənd təsərrüfatına marağı artırır. Respublikamızın kənd rayonlarında 43 aqroparkın və 30-dan çox iri təsərrüfatın   yaradılması nəzərdə tutulur ki, bunlardan  da bir neçəsi artıq fəaliyyət göstərir. Onlarda taxılın məhsuldarlığı hər hektardan  50-55 sentner, hər inəkdən süd istehsalı isə 6-7 min litr  və daha çoxdur. Son illər 200 min hektardan çox əvvəllər istifadə olunmayan və istifadəyə yararsız torpaqlar yararlı hala salınaraq əkin dövriyyəsinə daxil edilmişdir.

Ölkəmizdə pambıqçılığın, üzümçülüyün, baramaçılığın və ipəkçiliyin, çayçılığın, tütünçülüyün inkişafı, habelə kənd təsərrüfatı kooperasiyasının inkişafına dair dövlət proqramları qəbul edilmiş və onlar uğurla həyata keçirilir.  Bu tədbirlər nəticəsində ölkəmiz yaxın vaxtlarda əhalini əsas ərzaq malları ilə daxili istehsal hesabına təmin etməklə yanaşı, bu məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə, aqrar sektor  isə ümumi daxili məhsul istehsalında mühüm çəkisi olan bir sahəyə çevriləcək. 

Bugünün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevin əlindədir. Prezident və Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan misli görünməmiş sosial-iqtisadi inkişafa nail olmuş, regionda, beynəlxalq aləmdə tanınan lider statusunu qazanmışdır. İlham Əliyev ulu öndərin dövlətçilik siyasəti ilə bərabər, onun xalqı arxasınca aparmaq bacarığı, liderlik missiyasını da uğurla həyata keçirir.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlar həqiqətən heyrətamizdir. Azərbaycan artıq xarici dövlətlərdən yardım alan ölkədən onların iqtisadiyyatına sərmayələr yatıran dövlətə çevrilmişdir. Son 14 ildə (2004-2017-ci illər) Azərbaycan iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuş, ölkəmizin valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyard dollara çatmışdır. Bu dövrdə maaşlar 5, pensiyalar isə  8 dəfə artıb, 1,9 milyon yeni iş yeri yaradılıb,  işsizlik 5 faizə düşüb, yoxsulluq 5,4 faizə enib. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib, sənaye sahəsində 2,6, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracında 4,1 dəfə artım əldə edilib. Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi ilə ölkə üzrə fasiləsiz içməli su təminatı 26 faizdən 67 faizə çatlb, qazlaşdırma 51 faizdən 93 faizə yüksəlib. İlham Əliyevin prezidentliyi dövründə Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları tikilib, 12 min kilometrdən çox yol çəkilib, 3100 məktəb və 642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib, digər infrastruktur obyektlər istifadəyə verilib.

Sənayenin inkişafı istiqamətində də əsaslı işlər görülüb. Son vaxtlar bu məqsədlə sənaye parkları yaradılır. Belə ki, Sumqayıt şəhərində 506 hektar sahəni əhatə edən 15 zavodun fəaliyyət göstərməsi üçün hər bir şəraiti olan ən iri sənaye parkı yaradılmış və bu müəssisələrin bir çoxu artıq məhsul istehsal etməyə başlamışdır. Mingəçevir şəhərində isə tekstil sənayesi üçün ölkəmizdə istehsal edilən xammalın son məhsulacan emalını təmin edən sənaye parkı yaradılmış və parkın rezidentləri fəaliyyətə başlamışdır. Yaradılan sənaye parklarında əsasən idxal olunan malları əvəz edən məhsullar istehsal olunacaq ki, bu da ölkəmizi  bəzi məhsulların idxalından qurtaracaq və onların bir çoxunu ixrac etmək imkanı yaradacaq.

Hazırda ölkəmizin haqq səsi dünyanın mötəbər kürsülərindən eşidilir. Bu gün Bakı nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi edir. Heydər Əliyevin qurucusu olduğu Azərbaycan sivilizasiyaların qovuşduğu və anlaşdığı bir məkana çevrilir.

Əbəs yerə deyildir ki, Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyətliliyinə görə Azərbaycanı 35-ci, inklüziv inkişaf indeksinə görə isə inkişafda olan 80 ölkə sırasında 3-cü yerə layiq görüb. Forumun digər hesablamasına əsasən, ölkəmiz ərzaq təhlükəsizliyi indeksinə görə 57-ci yerdədir.

Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində inkişaf edən Azərbaycan bu gün geniş bir bölgədə söz sahibi olan güclü bir dövlətdir. Ölkəmizin getdikcə daha da artan imkanları qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə  böyük töhfələr verməklə yanaşı, həm də  Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli layihələrin həyata keçirilməsində həlledici rol oynayır.  “Əsrin müqaviləsi”nin daha bir neçə on il  uzadılması, TANAP qaz kəmərinin istifadəyə verilməsi fikirlərimizi bir daha təsdiqləyir.

Bəli, ulu öndərin qurucusu olduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya çapında özünü təsdiqləmiş bir ölkədir. “Artıq yaşadığımız bölgədə heç bir qlobal layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Ölkəmiz regionda kosmik klubun ilk üzvü, bölgənin söz sahibidir. Builki prezident seçkilərində vətəndaşların İlham Əliyevi yenidən ölkə başçısı seçməsi məhz xalqın dövlət başçısına olan inamının parlaq təcəssümü, Heydər Əliyev ideyalarına sədaqət nümunəsidir!

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

iqtisad üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2018.- 15 iyun.- S.1; 5.