İnam və etimad
ünvanı
Qurtuluşdan başlanan dinamik inkişaf strategiyası
davamlı uğurlara təminatdır
Azərbaycanlı milli düşüncə sistemində hakimiyyətə münasibət tarixən ictimai inam amili ilə şərtlənmişdir: insanlarımız əsrlər boyu ədalətli və sivil cəmiyyətə qovuşmağın yeganə yolunu məhz ölkəyə rəhbərlik edən liderin və onun formalaşdırdığı komandanın fəaliyyətində axtarmış, gələcək talelərini inandıqları, etimad bəslədikləri rəhbərə etibar etmişlər. Azərbaycan xalqı üçün məhz belə bir lider olmuş Heydər Əliyev dühası idarəçiliyin hər iki mərhələsində dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmiş, təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirmişdir.
Müxtəlif zaman və məkanlarda yaranan hər bir əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Bu mənada indi mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbərliyinə təyinatından sonrakı mərhələdə yaranmışdır.
Heyrətamiz iradə və məqsədyönlülük
O, çox sadə bir həqiqəti rəhbər tuturdu: nə qədər ki insanlar özlərinin həyatı və yaşamaq hüququ, müstəqillik və milli dövlətçilik uğrunda mübarizə aparmağa qadirdir, onlar üçün nə ictimai əmin-amanlığın və barışığın bərqərar olmasında, nə də yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yollarının tapılmasında dəfedilməz maneələr yoxdur və ola da bilməz.
Bütöv və kamil şəxsiyyət olan Heydər Əliyevin hələ o dövrdən sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə söykənməsi ilk növbədə onun yüksək daxili demokratizmindən və hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyətindən irəli gəlmişdir. İlk gündən respublikanın həyatı ilə bağlı ən müxtəlif problemlərə toxunan ümummilli lider hüquq mühafizə orqanlarındakı nöqsanlara, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarının təminatı sahəsində mövcud olan problemlərə toxunmuş, onların həlli yollarını göstərmişdir.
Ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. 1970-1980-ci illərdə ümummilli liderin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək-ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır.
Ulu öndərin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması onun zəngin intellektual potensiala söykənməsi ilə şərtlənmişdir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi böyük rəhbərin təhsil siyasətinin əsas leytmotivini təşkil etmişdir.
Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonrakı dövr həm də milli özünüdərk və özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Ulu öndər paytaxt Bakının kosmopolit ruhlu kadr potensialından azad olması üçün milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini vacib məsələ kimi önə çəkmişdir. Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi olaraq flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə (indi BDU) diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi Heydər Əliyevin daim diqqətində olmuşdur. Ulu öndərin 1969-cu ilin noyabrında universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və həmin toplantıda Azərbaycan dilində dərin məzmunlu nitq söyləməsi də onun bu elm məbədinə verdiyi yüksək qiymətin təzahürü kimi bu gün də ehtiramla xatırlanır.
Böyük rəhbər Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərtliklə işə düşdüyü keçmiş imperiya dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqın tarixi keçmişini, milli kimliyini, dilini, mədəniyyətini, milli adət-ənənələrini qoruyub saxlaya bilmişdir. O dövrdə repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər də məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Dahi rəhbərin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmış, Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi istiqamətində ilk addımlarını atmağa başlamışlar. Yaranmış əlverişli imkanlardan istifadə edərək Atabəylər dövlətinin tarixini yazan mərhum akademik Ziya Bünyadov 70-ci illərin ortalarında ümummilli lider tərəfindən dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsi də ulu öndərin prinsipiallığı, cəsarəti, ən əsası, milli ideallara bağlılığının bariz göstəricisi kimi bu gün də qürurla xatırlanır.
Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca keyfiyyətlərdən biri də onun siyasi fəaliyyətinin bütün mərhələlərində ümumxalq mənafeyi ilə bağlı məsələlərdə heç bir riskdən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarına sadiqliyi idi. 1982-ci ildən sonrakı mərhələdə - SSRİ rəhbərliyində olanda da Heydər Əliyev doğma vətənini, xalqını unutmamış, hər zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir. 1990-cı ilin 20 Yanvarında həyatını risk qarşısında qoyaraq ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, Bakı şəhərinə təcavüz olunması barədə qərar qəbul edən insanların hərəkətlərini bağışlanmaz siyasi səhv adlandırmış, faciənin törədilməsində günahkar olan respublika və imperiya rəhbərlərini açıq ittiham etmişdir.
Xilaskar rəhbər
Tarix boyu böyük siyasi liderlər üçün səciyyəvi keyfiyyətlərdən biri də onların xalq və dövlət üçün ən böhranlı, çətin sınaq anlarında məsuliyyəti çiyinlərinə götürmələri, bütöv bir xalqın, millətin xilaskarına çevrilmələri olmuşdur. Bu mənada ümummilli lider Heydər Əliyevin fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır.
1991-1993-cü illərdə respublikada cərəyan edən mürəkkəb proseslər - siyasi böhranın, xaos və anarxiya mühitinin dərinləşməsi, xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin itirilməsi təhlükəsinin yaranması bu reallığı bir daha təsdiqlədi ki, yalnız böyük ictimai dəstəyə malik liderlər xalqlarının müstəqilliyinə etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi onun sadəcə hakimiyyətə qayıdışı deyildi, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etmişdir.
Dünya şöhrətli alim İhsan Doğramacı Heydər Əliyev şəxsiyyətini qiymətləndirərkən demişdir: “Heydər Əliyev zəmanəmizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və öz xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir... O, ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır”.
Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun hər il Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır. “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin, şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, vətəni qarşısında misilsiz fədakarlığı idi”, - deyə Milli Məclisin qərarında vurğulanır.
Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlətçiliyin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün çoxşaxəli islahatların reallaşdırılmasını da uğurla təmin etmişdir. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm tədbirlər həyata keçirmişdir. Böyük rəhbər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən əməli-hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir.
Sabitliyi qorumaq, ölkəni dəyişmək
zamanın tələbi idi
Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Həyat sübut edir ki, sınaqlara tab gətirməyənlər iflasa uğrayır, özünü dəf edə bilənlər isə xalqın rəğbətini qazanır. Heydər Əliyev istər fiziki, istərsə də ictimai baxımdan ciddi sınaqlardan keçmişdir. Bu sınaqlar ona cəsarət və səbirlə yanaşı, dəyişiklikləri həssaslıqla hiss etmək, iti tarixi duyum kimi keyfiyyətlər də aşılamışdır. O, dönüş məqamının başlandığını əvvəlcədən duymaq və qarşıdakı işlərin zəruriliyini buna uyğun olaraq əsaslandırmaq üçün kifayət qədər uzaqgörən idi. Öz liderinin dövlətçilik istedadına və müdrikliyinə güvənən xalq həmişə bilir ki, o, sabitliyi qoruyub saxlamaq, ölkəni dəyişmək, zamanın tələblərinə layiqli cavab vermək üçün nə kimi tədbirlər görəcəkdir.
Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizim, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçiliyi sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində genişmiqyaslı işlər görülmüş, müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmışdır.
Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş kobud səhvlərin aradan qaldırılması istiqamətində də qətiyyətli addımlar ataraq birinci növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Vəzifə dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir” deyən ümummilli lider həmçinin əlavə etmişdir ki, müxtəlif dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin mənimsənilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. Müstəqil respublikamızın 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması məhz ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Ölkə rəhbəri Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzlərinin rəqabət və qarşıdurma meydanına çevrilməsini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə olmuşdur. Respublikamız həmin illərdə təkcə səmərəli iqtisadi təşəbbüslərlə, konkret enerji-kommunikasiya layihələri, əlverişli tranzit-kommunikasiya imkanları ilə deyil, eyni zamanda demokratikləşmə xəttinə, Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə Qərbin diqqətini cəlb etmiş, Avropa məkanında etibarlı tərəfdaş imici qazanmışdır.
Ulu öndər Heydər Əliyev birləşdirici lider kimi respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Ümummilli liderin vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycancılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının kecirilməsi, ümummilli lider Heydər Əliyevin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması da milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.
Maarifçilik siyasəti
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri eyni zamanda onun ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq təcəssümünü tapır. Həmin illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə olmuş, elm və təhsil sahəsində mütərəqqi islahatlar ardıcıllıqla həyata keçirilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, 1993-2003-cü illərdə BDU-nun inkişafı, bu ali təhsil ocağında ixtisaslı kadrların yetişdirilməsi, universitetin maddi-texniki bazasının müasirləşdirilməsi məsələləri də ümummilli liderin diqqət mərkəzində olmuşdur.
Respublikamızın yüzlərlə görkəmli şəxsiyyətinin məzunu olduğu BDU bu gün həm də Heydər Əliyev kimi fenomen liderin, böyük duhanın ali təhsil aldığı elm ocağı olması ilə də qürur duyur. Universitetin məzunu olan ulu öndər onun cəmiyyətdəki xidmətlərini, rolunu daim yüksək dəyərləndirmiş, bu elm ocağına lazımi diqqət və qayğını əsirgəməmişdir. 100 illik tarixinə nəzər saldıqda məlum olur ki, universitetin fəaliyyətində intibah və tərəqqi mərhələləri də Heydər Əliyevin respublikaya rəhbərliyi illərinə təsadüf edir. BDU-nun 50, 60, 75 və 80 illik yubileyləri məhz ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə qeyd edilmiş, nüfuzlu elm və təhsil müəssisəsi müdrik dövlət başçısının qayğısı ilə sürətli inkişaf yolu keçmiş, maddi-texniki bazasını möhkəmləndirmiş, elmi sahədə nəzərəçarpacaq uğurlara imza atmışdır. Bu mənada universitetin 40 illik tarixi bilavasitə ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır.
Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycanın hazırkı böyük və həlledici uğurları bünövrəsini 1993-cü ilin 15 iyun tarixindən götürür. Respublikamız Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni uğurlarına doğru inamla irəliləyir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.
Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 26 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığı və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.
Bu da təsadüfi deyildir ki, 2018-ci ilin 11 aprelində Yeni Azərbaycan Partiyasının layiqli namizədinə - cənab İlham Əliyevə yüksək etimad göstərmiş milyonlarla insan məhz ölkəmizin uğurlu sabahı və dinamik inkişafı baxımından ən düzgün qərarı vermiş, beləliklə də gələcəyə biganə olmadığını göstərmişdir. Tamamilə azad, ədalətli, şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın demokratikləşməsi prosesində mühüm mərhələnin əsasını qoymuş, liberal dəyərlərə, demokratik norma və prinsiplərə səmimi sadiqliyini nümayiş etdirmişdir. Keçid mərhələsini başa vurmuş respublikamız demokratik inkişaf yolunun dönməzliyini və əbədiliyini özü üçün tam yəqinləşdirmiş, xalqın, dövlətin perspektiv inkişaf strategiyasında bu mütərəqqi dəyərlərin rolunu və əhəmiyyətini bir daha önə çəkmişdir.
Vahid ideya-siyasi xəttə sadiqlik
Azərbaycan cəmiyyətində son nəticə həmişə siyasi illüziyaları deyil, real göstəriciləri qiymətləndirir - ictimai rəyin siyasi vədlərə deyil, konkret faktlara qiymət verməsi anlamında xalqımız kifayət qədər müdrikdir. Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində bununla bağlı demişdir: “Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur. Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır... Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir”.
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü siyasət ölkə başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, respublikanın ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.
Dövlət başçısının ötən illərdə praqmatizmə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır”, - deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Ölkə başçısı ötən 15 ildə ayrı-ayrı dövlət məmurlarına etimad meyarını məhz onların fəaliyyətinə əsasən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılmasını zəruri saymışdır.
Prezident İlham Əliyevin ötən illərdə imzaladığı bir sıra dövlət proqramları ilk növbədə regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun möhkəmdirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks proqram sənədləri olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayırmışdır. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etmiş, bölgələrdə intibah mərhələsinin əsasını qoymuşdur.
Ötən 15 ildə dövlət siyasətinin prioritet istiqamətlərindən biri də strateji əhəmiyyətli layihələrin reallaşdırılması olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi Ərzurum qaz kəməri istifadəyə verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli yataqlar kəşf olunmuş, Şərqlə Qərbi qovuşduran Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşdırılmış, TAP, TANAP kimi enerji layihələri həyata vəsiqə almışdır. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızı bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan MDB və Avropa məkanında heç bir ölkədən enerji asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdəndir. Bir müddət əvvəl “Cənub qaz dəhlizi” layihəsinin təntənəli açılış mərasiminin keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətli ölkə olduğunu təsdiqləmişdir.
İnkişafın düzgün yolu
Hər bir dövlətin demokratik inkişafının əsas şərtlərindən biri də dövrün tələblərinə cavab verən kadr potensialının formalaşdırılması, çevik və işlək mexanizmlər üzərində dövlət idarəçiliyi sisteminin yaradılmasıdır. Şübhəsiz, sosial modernləşmə olmadan, ölkənin məmur və idarəçi elitasını gəncləşdirmədən, həmin elitanı texnokratlar, bu və ya digər fəaliyyət sahəsində uğur rəmzinə çevrilmiş, müvafiq praktik iş təcrübəsinə malik insanlar hesabına genişləndirmədən məqsədə çatmaq mümkün deyildir. Xüsusi vurğulamaq lazımdır ki, 11 aprel seçkilərindən dərhal sonra dövlət başçısının siyasi iradəsi ilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, idarəetmədə çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən yüksək təfəkkürlü gənclərin dövlət idarəetməsinə irəli çəkilməsi də islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir.
Azərbaycanın ən nüfuzlu və aparıcı ali təhsil ocağı olan Bakı Dövlət Universiteti bu reallıqları düzgün dəyərləndirərək ölkəmiz üçün müasir təfəkkürlü və bacarıqlı kadrların hazırlanması işinə öz sanballı töhfələrini verməyə çalışır. Xüsusi vurğulayaq ki, universitet bu prosesdə dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısını hiss edir və bunu minnətdarlıqla qarşılayır. Prezidentin müvafiq sərəncamı ilə 100 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşan Bakı Dövlət Universiteti hələ ötən əsrin 20-ci ilinin əvvəllərindən etibarən respublikada ictimai, mədəni, elmi və siyasi düşüncənin milli mənafe və məfkurəyə uyğun inkişafında mühüm rol oynamışdır. Universitet son 15 ildə görkəmini, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdirmiş, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atmışdır.
Xalqımızın müasir tarixinin ən məsuliyyətli məsələlərinin həll olunduğu məqamlarda universitetin kollektivi əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, dövlətçiliyin, sabitliyin və əmin-amanlığın qorunub saxlanılması işində öz sözünü demişdir. Milli ideologiyanın formalaşması və inkişafı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli-mənəvi ruhda yetişdirilməsi prosesində də BDU-nun misilsiz xidmətləri var. BDU keyfiyyətcə yeni mərhələdə ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların səmərəli şəkildə reallaşdırılmasına layiqli töhfələrini verir.
Bütün bunlar bir daha təsdiqləyir ki, 15 iyun Milli Qurtuluş Günündən başlanan inkişaf yolu keyfiyyətcə yeni mərhələdə böyük uğurlarla zəngindir. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi inkişaf modeli olan, qısa müddətdə makroiqtisadi göstəricilər əldə edən, qlobal layihələri uğurla reallaşdıran müstəqil dövlət kimi tanınır.
Bu gün Azərbaycanda həyata keçirilən siyasi və hüquqi islahatlar, modernləşmə kursu keçid dövrünü yaşayan ölkələr üçün model olaraq qəbul edilir.
Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik var. Məhz bu birlik sayəsində ölkə iqtidarı böyük iqtisadi-mədəni inqilablara müəlliflik edir.
Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısının rəhbərliyi altında gələcəyə çox nikbin baxır.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət
Universitetinin rektoru, akademik
Azərbaycan.-
2018.- 15 iyun.- S.1; 6.