Azərbaycanı iqtisadi güc mərkəzinə çevirmiş islahatlar strategiyası

 

İstənilən dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi onun mövcudluğunun qorunub saxlanılması və gələcək tərəqqisi baxımından vacib amildir. Dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyyətin potensial imkanlarının milli intibah prosesinə cəlb olunması son nəticədə xalqları davamlı, sabit inkişaf yoluna çıxararaq dövrün ağır sınaqlarından, çətinliklərindən qoruyur.

1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz milli strategiyanın olmaması üzündən meydana çıxmışdı.

Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi ağır və mürəkkəb proseslər təsdiqlədi ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. Ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq bir tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi işğalçılığı siyasətinin genişlənməsi, digər tərəfdənsə respublikada hakimiyyəti qeyri-qanuni ələ keçirmiş diletant qüvvələrə qarşı ictimai inamsızlığın dərinləşməsi, sosial-iqtisadi tənəzzül, vətəndaş qarşıdurması, xaos və özbaşınalıq, habelə yeni dövrün tələblərinə cavab verən qanunların yoxluğu vətəndaş cəmiyyətini əlçatmaz ideyaya çevirmişdi.

1993-cü ilin iyun ayınadək respublikanın müstəqilliyi şərti mahiyyət kəsb etmiş, xalqımız demokratik, hüquqi və iqtisadi cəhətdən inkişaf edən dövlətdə yaşamaq arzusunu tam gerçəkləşdirə bilməmişdi. Həmin zaman kəsiyində ölkə iqtisadiyyatında tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi günü-gündən yüksəlir, əhalinin sosial rifah halı pisləşir, ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə səmərəli addımlar atılmırdı. 1991-1993-cü illərdə ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı.

Ötən əsrin 90-cı illərinin əvvəlində ölkədə qiymət artımı hiperinflyasiya həddinə çatmışdı: inflyasiyanın səviyyəsi 1992-ci ildə 1174 faiz, 1993-cü ildə 1081 faiz təşkil edirdi. İnflyasiya tempinin əməkhaqqının artım tempini əhəmiyyətli dərəcədə qabaqlaması əhalinin alıcılıq qabiliyyətini kəskin şəkildə aşağı salırdı. Əhalinin sosial müdafiəsi ilk növbədə maliyyə sabitliyinin təmin olunmasını tələb edirdi. Yüksək inflyasiya şəraitində həyat səviyyəsini nəinki yüksəltmək, hətta qoruyub saxlamaq mümkün deyildi. Eyni zamanda, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığı üçün inflyasiyanı daha da sürətləndirirdi.

Bu acı gerçəkliklər fonunda ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə Naxçıvandan Bakıya qayıtması onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın xoasdan, tənəzzüldən qurtulması, davamlı inkişaf yoluna qədəm qoyması kimi xarakterizə olunur. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamışdır. Müstəqilliyin bir çoxlarının düşündüyündən də uzun və çətin yol olduğunu yaxşı bilən ulu öndər Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmışdır.

Həmin illərdə planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçid şəraitində ümummilli liderin ölkənin böyük perspektivlərinə hesablanmış strateji inkişaf proqramının başlıca məqsədlərindən biri də xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olmuşdur. Sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən sosial ziddiyyətlərin aradan qaldırılmasına imkan vermişdir.

Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti diqqəti xüsusilə cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, iqtisadi bazisə əsaslanması, ikincisi onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ümumilikdə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşmaqda olan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.

Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyət nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan vermişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır.

Həmin dövrdə həyata keçirilən iqtisadi islahatlar qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da qiymətlərin bazarda sərbəst şəkildə - tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesi təmin edildi. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar tez bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlayaraq ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması, xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təminatına nail olundu.

Ümummilli liderin yeni iqtisadi sistemdə uğurlu həllinə nail olduğu məsələlərdən biri də torpaq islahatlarının əhalinin mənafeyinə uyğun həlli idi. Ölkə iqtisadiyyatının mühüm sahəsini və əhalinin 50 faizini əhatə edən aqrar bölməni keçmişdə olduğu kimi, inzibati-amirlik metodu ilə idarə etmək qeyri-mümkün idi. Aqrar islahatlara başlanılması üçün ilk növbədə müvafiq normativ hüquqi baza yaradıldı: 1995-ci ildən başlayaraq “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunları, habelə “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” fərman imzalandı. Yaradılan bu hüquqi baza əsasında respublikamızda analoqu olmayan aqrar islahat prosesinə start verildi. MDB-yə daxil olan respublikalarla müqayisədə çox qısa vaxtda sovxoz və kolxozlar ləğv olunaraq onların torpaqları və əmlakı kəndlilərə paylandı. Ölkəmizdə torpaq islahatının digər üstün cəhəti də ondadır ki, başqa ölkələrdən fərqli olaraq, torpaqların əhalinin xüsusi mülkiyyətinə verilməsini təsdiq edən hüquqi sənədlərin rəsmiləşdirilməsi dövlətin hesabına aparıldı, bu proses qısa müddətdə başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas atributlarından olan torpaq üzərində xüsusi mülkiyyət hüququ formalaşdı.

Yeni yaradılan təsərrüfatçılıq formalarının fəaliyyətini sonrakı illərdə ölkədə həyata keçirilən iqtisadi və siyasi islahatlarla əlaqələndirmək üçün “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Toxumçuluq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” və bir sıra digər qanunlar və bu qanunların tətbiqini şərtləndirən normativ hüquqi aktlar qəbul edildi.

Bundan başqa, aqrar-sənaye kompleksinin mühüm sahələri olan kənd təsərrüfatı maşınqayırması və emal müəssisələrinin özəlləşdirilməsi, onların bəzilərinin səhmdar cəmiyyətlərə çevrilməsi, bank-kredit və maliyyə sisteminin yenidən qurulması prosesinə başlanıldı. Ulu öndər Heydər Əliyevin 1999-cu ildə imzaladığı sərəncama əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına neft məhsullarının pərakəndə satışında güzəştlərin tətbiqinə başlanmış, 2001-ci ildən istehsalçılar torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olunmuşdular. Bu güzəştlər postsovet məkanında ilk dəfə məhz Azərbaycan Respublikasında tətbiq olunmuşdur və hazırda da davam etdirilir.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı böyük müdrikliklə nəzərə alan ümummilli ilder Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-cü illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmışdı. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. Dövlət proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə “Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə “Haqsız rəqabət haqqında”, “İnvestisiyaların qorunması haqqında”, “İstehlak bazarı haqqında” və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır.

Sahibkarlığın inkişafı baxımından hüquqi şəxslərin, eləcə də kommersiya qurumlarının dövlət qeydiyyatı və reyestri ilə bağlı məsələlərin həlli də hökumətin diqqət yetirdiyi mühüm məsələlərdən olmuşdur. 1996-cı ildən etibarən həyata keçirilən ardıcıl və uğurlu islahatlar nəticəsində bu sahədə yeni mərhələ yaranmış, mövcud problemlərin aradan qaldırılması üçün zəruri qanun, fərman və digər normativ hüquqi aktlar qəbul olunmuşdur. 1996-cı ildə qəbul olunmuş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanun dövlət reyestrinin mərkəzləşdirilmiş qaydada aparılmasına, bu sahədəki süründürməçilik hallarının aradan qaldırılmasına zəmin yaratmışdır.

Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması da Azərbaycanda sahibkarlığın davamlı inkişafının təmin edilməsi baxımından son dərəcə vacib məsələlərdən olmuşdur. Ümummilli ilder Heydər Əliyevin fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir.

Ümummilli lider sonrakı mərhələdə də sahibkarların problemləri ilə bilavasitə tanış olmaq üçün onlarla mütəmadi görüşlərin keçirilməsinə, iş adamlarını hansı məsələlərin narahat etməsini onların öz dilindən eşitməyə xüsusi diqqət yetirirdi. Buna nümunə kimi ulu öndərin 2002-ci il aprel ayının 10-da yerli, 25-də xarici sahibkarlarla görüşməsini, onların hər birinə şifahi və ya yazılı surətdə problemlərini söyləmək üçün əlverişli şərait yaratmasını göstərmək olar. Bu, yeni idarəçilik metodlarından istifadənin ən gözəl və səmərəli forması kimi tarixiləşmişdir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bir müddət əvvəl “Azərbaycan” qəzetində dərc olunmuş “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” əsərində ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət siyasətinin konseptual əsasda formalaşması və iqtisadi inkişafın təmin olunması baxımından tarixi xidmətlərini xüsusi önə çəkmişdir: “Heydər Əliyev iqtisadi strategiyası hələ uzunmüddətli dövr üçün Azərbaycanda əsas götürüləcək. Prezident İlham Əliyev 2003-cü ildə seçkiqabağı çıxışlarında ulu öndərin müəyyən etdiyi ümumi iqtisadi kursun davam etdiriləcəyini bəyan etmişdir. Çünki bu kurs dünya sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır”.

15 iyun - Milli Qurtuluş Günündən başlamış davamlı inkişaf strategiyası 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artımı, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə imkan yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ilin oktyabrından etibarən ölkəmizin qarşısında duran problemləri və onların həlli yollarını düzgün müəyyənləşdirmiş, islahatlar kursunun çevikliyinə, işləkliyinə nail olmaq məqsədilə mühüm tədbirlər həyata keçirmiş, uzunmüddətli inkişaf proqramlarının hazırlanmasını və icrasını təmin etmişdir. Bu baxımdan ölkə başçısının 2003-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ilk iqtisadi fərmanın əhəmiyyəti xüsusi vurğulanmalıdır. Sonrakı mərhələ təsdiqlənərək icra edilmiş 11 fevral 2004-cü il tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” (2004-2008-ci illər), 2005-ci il 31 may tarixli “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” fərman, 27 sentyabr 2004-cü il tarixli “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya” və s. sənədlər iqtisadi islahatların sürətləndirilməsi üçün zəruri əsaslar formalaşdırmışdır.

İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə səmərəli nəticələrə yol açır. Son 15 ildə 201 proqram xarakterli sənəd, o cümlədən 12 konsepsiya, 12 milli strategiya, 12 strateji yol xəritəsi, 94 dövlət proqramı, 10 milli fəaliyyət planı, 23 tədbirlər planı və s. qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı isə keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi güdür. Strateji Yol Xəritəsində nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi nəticəsində qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması əsas hədəflərdən biridir. Hökumət ixracı məhz qeyri-neft sektoru məhsulları hesabına genişləndirməyi qarşıya məqsəd qoymuşdur. Sənəd 2025-ci ilədək ticari mal və xidmətlər sektorunda 150 min əlavə iş yerinin yaradılmasını da hədəfləyir.

Dövlət büdcəsinin ARDNF-nin transfertlərindən asılılığının azaldılması da qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) məhz ARDNF-nin transfertləri hesabına maliyyələşdirilir. Hökumət 2015-ci ilədək bu rəqəmi 15 faizə endirməyi qarşıya məqsəd qoymuşdur. Bu, Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirini əsaslı şəkildə azaltmış olacaqdır.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında neft amilindən asılılığın tamamilə azaldılmasını ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu xüsusi vurğulamışdır: “Bəzi hallarda sual yaranır ki, indi neftin qiyməti bir qədər sabitləşdi, bu islahatlar davam etdiriləcəkmi, yoxsa yox? Mütləq davam etdiriləcək. Neftin qiyməti bizim üçün əsas amil olmamalıdır və Azərbaycan iqtisadiyyatı elə bir səviyyəyə çatmalıdır ki, neftin istənilən qiyməti bizə böyük təsir etməsin, yalnız ehtiyatlarımızın artırılmasına xidmət göstərsin. Giriş sözümdə qeyd etdiyim kimi, bu ilin birinci rübündə biz 2,2 milyard dollar əlavə vəsait toplamışıq. Ona görə bu il də iqtisadi islahatlar davam etdiriləcək. Nəinki iqtisadi, bütün digər sahələrdə islahatlar aparılacaqdır ki, ölkəmiz daha da güclənsin, müasirləşsin və Azərbaycanda dayanıqlı uzunmüddətli inkişaf təmin edilsin”.

Ölkə başçısının 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya şuralarının yaradılması haqqında”, 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” sərəncamı, 1 iyun 2016-cı il tarixli “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” fərmanı ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

Bütün bunlar bir daha təsdiqləyir ki, 2018-ci ilin 11 aprel seçkilərində Yeni Azərbaycan Partiyasının layiqli namizədinə - cənab İlham Əliyevə yüksək etimad göstərmiş milyonlarla insan məhz ölkəmizin uğurlu sabahı və dinamik inkişafı baxımından düzgün qərarı vermiş, beləliklə, həm də gələcəyinə biganə olmadığını göstərmişdir. Ümumilikdə tamamilə azad, ədalətli, şəffaf və sivil rəqabət şəraitində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycanın demokratikləşməsi prosesində mühüm mərhələnin əsasını qoymuş, liberal dəyərlərə, demokratik norma və prinsiplərə səmimi sadiqliyini nümayiş etdirmişdir.

Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 15 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Bu, eyni zamanda cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin etmiş, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində korrupsiya və digər neqativ hallarla mübarizədə siyasi iradə nümayiş etdirməsi, dövlət məmurları qarşısında sərt tələblər müəyyənləşdirməsi həm də praktik addımlarla müşayiət olunur. Dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin genişləndirilməsi, vətəndaş məmnunluğu ideyasını praktik surətdə reallaşdıraraq Azərbaycan milli brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətdə şəffaflıq və hesabatlılığı gücləndirməklə yanaşı, ümumilikdə ictimai şüurda inqilabi dəyişikliklərə yol açır.

Dövlət başçısı hökumətin fəaliyyətini son 15 ildə özünəməxsus tələbkarlıqla saat mexanizmi kimi təkmilləşdirmiş, “cilalamışdır”. İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır. İdarəçiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin yaradılmasını da vacib saymışdır. Nazirlər Kabinetinin 2018-cü ilin aprel ayında təsdiqlənmiş yeni tərkibi və aparılmış kadr dəyişiklikləri fonunda bunu bir daha əminliklə söyləmək mümkündür.

Dövlət başçısının həyata keçirdiyi idarəetmə strategiyasının, habelə imzaladığı müvafiq fərman və sərəncamların tələblərindən irəli gələn vəzifələr Azərbaycanın ən böyük sənaye mərkəzi olan Sumqayıt şəhərinin rəhbərliyi tərəfindən də ciddiliklə nəzərə alınır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Sumqayıt şəhəri son illər inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, bütün sahələrdə müasirləşmişdir.

Dövlət başçısının Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi, burada sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılmasının vacibliyi ilə bağlı söylədiyi fikirlər şəhərin iş adamları tərəfindən böyük rəğbətlə qarşılanır. Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Bütün bunlar həm də çoxlu sayda yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olur, ictimai münasibətlər sistemi sağlamlaşır. Sumqayıt yalnız yaşayış məntəqəsi kimi deyil, eyni zamanda sağlam ictimai iqlim zonası və ölkənin sosial-iqtisadi inkişafında xüsusi yeri olan ərazi təsərrüfat kompleksi kimi də inkişaf edir.

Sumqayıtlılar son prezident seçkilərində Yeni Azərbaycan Partiyasının ən layiqli namizədini dəstəkləməklə, 15 iyun Milli Qurtuluş Günündən başlayan inkişaf strategiyasının davamlılığı naminə ciddi siyasi iradə nümayiş etdirdilər. Bu, seçkilərin nəticələri, ümumən Azərbaycan cəmiyyətinin Heydər Əliyev siyasi kursuna dərin inamının növbəti təcəssümü olmuşdur. Hamı ürəkdən inanır ki, ölkə başçısının rəhbərliyi altında qarşıdakı illərdə respublikamızın hər bir şəhəri, rayonu, kəndi daha sürətlə inkişaf edəcək, müstəqil Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutacaqdır.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2018.- 15 iyun.- S.1; 7.