Qurtuluşun "övladları"

 

“Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, BMT Təhlükəsizlik Şurasına sədrlik, kosmik kluba üzvlük, “Eurovision”, Avropa Oyunları, İslamiada və “Formula-1”ə evsahibliyi, yeni neft müqaviləsi, Beynəlxalq Dəniz Ticarət Limanı, “Cənub qaz dəhlizi”, Lələtəpə, Günnüt zəfəri... və Tarixin ən qüdrətli Azərbaycanı

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyun ayının 15-dən sonra başlanan yeni siyasət Azərbaycanın əsl müstəqillik salnaməsinin əsasını qoydu.

Bu gün siyasi baxışlarından, statusundan asılı olmayaraq hər kəsin birmənalı olaraq qəbul etdiyi həqiqət ondan ibarətdir ki, 25 il əvvəl Heydər Əliyevin xalqın istək və arzularını nəzərə alaraq ölkə rəhbərliyinə başlaması ölkəmizi parçalanmaqdan, xalqımızı yenicə qazanılmış dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Görkəmli dövlət xadimi olan ulu öndərin siyasi və idarəçilik təcrübəsi, müdrikliyi, uzaqgörənliyi Azərbaycana nicat bəxş etməklə yanaşı, ölkədə tamamilə yeni siyasi-ictimai və sosial-iqtisadi münasibətlərin əsasını qoydu.

 

“Əsrin müqaviləsi” gənc müstəqil dövlətin tarixi nailiyyəti idi

 

1993-cü ilin keşməkeşli iyun günlərindən 25 il ötür. 25 il bir dövlətin tarixi üçün uzun zaman kəsiyi deyil. Amma bu dövrdə Azərbaycanın nailiyyətləri, əsasını qoyduğu, başa çatdırdığı möhtəşəm və dünyaya səs salan iqtisadi layihələri respublikamızın 25 ilə sığmayan sürətli inkişaf hekayəsidir. Və bu gün Milli Qurtuluşun 25-ci ildönümünü qeyd etdiyimiz bayram günündə haqlı olaraq həmin uğurlara istinad edirik. Bəli, ulu öndər Heydər Əliyev 1993-cü ilin çətin günlərində xalqın səsinə səs verərək Naxçıvandan Bakıya gəlməsəydi, bugünkü nailiyyətlərimiz barədə danışa bilməzdik. Ona görə, ötən 25 ildə Azərbaycan dövlətinin nail olduğu hər bir qələbə, hər bir nailiyyət ilk növbədə Qurtuluşun övladıdır.

Heydər Əliyev uzaqgörən insan idi. Təsadüfi deyil ki, bu insan 1993-cü ildən sonra ölkədə əmin-amanlığı bərpa etməklə yanaşı, Azərbaycanın inkişaf prioritetlərini də siyasi dəqiqliklə müəyyən etdi. Belə ki, ölkə Prezidenti kimi fəaliyyətə başlamasından cəmi 11 ay sonra Bakıda imzalanan “Əsrin müqaviləsi” müstəqilliyini yeni qazanmış, hələ dünya çapında o qədər də tanınmayan, yaxın keçmişində hərbi-siyasi qarşıdurmalar olan bir dövlət üçün olduqca mühüm və tarixi nailiyyət idi. Bu zəfərin müəllifi isə Heydər Əliyev idi.

Beləliklə, 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 6 ölkəsinin 11 tanınmış neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətini öz hədəflərinə doğru aparan böyük bir yolun başlanğıcı oldu. Qarşımızda açılan gələcəyin üfüqləri məhz bu ilk addımdan sonra görünməyə başladı. Bu saziş təbii sərvətlər amilinin Azərbaycanın gələcək inkişafındakı rolu barədə ictimai düşüncədə dolaşan mücərrəd təsəvvürləri konkretləşdirdi, qarşıdakı istiqamətlərə aydınlıq gətirdi. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün halal sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini sərgilədi, bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi.

 

BTC və BTƏ Azərbaycanın müstəqil enerji siyasətinin təsdiqi oldu

 

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra qarşıda duran əsas məsələlərdən biri Xəzərin Azərbaycan sektorundan hasil olunacaq “qara qızıl”ın dünya bazarlarına hansı marşrutla çatdırılması idi. İlk baxışdan sadə bir məsələ kimi görünsə də, əslində ən optimal neft marşrutunun seçilməsi onun tranzit ölkələrə gətirəcəyi dividenddən başqa Azərbaycanın milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edirdi.

Bakı-Tbilisi-Ceyhan ideyasının ortaya çıxması da məhz neftin bir neçə kəmər vasitəsilə nəql olunması arzusundan doğmuşdu. BTC-nin reallığa çevrilməsi çox çətin mərhələlərdən keçməli oldu və nəhayət, bu məsələyə də Heydər Əliyev dühası son qoydu. Məhz Heydər Əliyev qətiyyətinin sayəsində 2002-ci il sentyabrın 18-də Azərbaycanın və Türkiyənin milli maraqlarına cavab verən, ermənipərəst siyasi dairələrin müxtəlif çabalarının əksinə olaraq Ermənistandan yan keçən BTC neft kəmərinin təməli qoyuldu. Hələ BTC-nin təməli qoyulmazdan əvvəl və sonralar həm Azərbaycanda, həm də xarici ölkələrdə bəziləri layihənin reallaşmayacağını və hətta kəmərin inşası başa çatdıqdan sonra rentabelli olacağına inanmır, Heydər Əliyevin kökündə Azərbaycan dövlətinin milli maraqlarına və ölkənin inkişafına yönəlik bu qətiyyətinə şübhə ilə yanaşırdılar.

BTC 2006-cı il iyulun 13-də keçirilən açılış mərasimindən sonra həyata rəsmən vəsiqə aldı. Beləliklə, bu böyük enerji layihəsinin reallaşdırılması ilə ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə düşünülərək həyata keçirilən neft strategiyası tarixi yolçuluğunda özünün ən uca zirvəsinə çatdı. Bütün dünyada “əsrin layihəsi” kimi dəyərləndirilən və üç ölkəni birləşdirən BTC-nin əfsanədən reallığa çevrilməsi müəllifi Heydər Əliyev olan Azərbaycanın neft strategiyasının, Prezident İlham Əliyevin qətiyyətinin təntənəsini və eləcə də Azərbaycanın dünyanın və regionun söz sahibi olan ölkələrindən birinə çevrildiyini bariz şəkildə ortaya qoydu. Məhz Azərbaycanın təşəbbüsü ilə BTC və daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin həm də müstəqil olmasından xəbər verdi.

 

Bölgənin əsas nəqliyyat qovşağı

 

Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Bu gün də Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və bu baxımdan əlverişli geostrateji mövqeyə malikdir. Bu potensialı böyük uzaqgörənliklə qiymətləndirən ümummilli lider Heydər Əliyev respublikamızın bu imkanlarından faydalanmağı zəruri hesab edirdi. Təsadüfi deyil ki, 1998-ci ildə 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı ilə tarixi İpək yolunun bərpasına həsr olunmuş konfrans məhz Bakıda təşkil olunmuş və həmin tədbirdə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) həyata keçirilməsinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdı.

Ötən 20 ildə Azərbaycan nəqliyyat imkanlarının realizə edilməsi baxımından olduqca mühüm layihələr həyata keçirib. Qeyd edək ki, xüsusən son dövrlərdə istər sərnişin, istər beynəlxalq yükdaşımalar sahəsində ciddi rəqabət yaranıb. Belə şəraitdə böyük tranzit potensialına malik Azərbaycan müşahidəçi mövqeyində dayana bilməzdi. Ona görə hazırkı dövrdə Azərbaycanın tranzit potensialının reallaşdırılması ölkəmizin iqtisadi diversifikasiya siyasətində əsas yerlərdən birini tutur. Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etməkdir.

Respublikamızın tranzit potensialından və onun əlverişli coğrafi mövqeyindən tam faydalanmaq üçün son illərdə ölkə rəhbərliyinin təşəbbüsləri və xüsusi diqqəti sayəsində kifayət qədər mühüm islahatlar və irimiqyaslı tədbirlər həyata keçirilib. Bir neçə beynəlxalq hava limanının tikintisi, yeni təyyarə və gəmilərin alınması, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin yenilənməsi və digər bu kimi başa çatdırılan infrastruktur layihələri ölkəmizin nəqliyyat imkanlarının güclənməsində mühüm rol oynayıb. O cümlədən respublikamızın tranzit daşımalarda iştirak imkanlarını genişləndirib.

 

Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti

 

Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrilən Azərbaycan həm də öz tranzit imkanlarını artırmağa yol açan yeni təşəbbüslərin müəllifidir. Bu təşəbbüslərdən biri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Tarixi İpək yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihənin Prezident İlham Əliyevin böyük siyasi iradəsi nəticəsində uğurla reallaşması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradıb. Ən əsası, bu dəmir yolu bağlantısı nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti “Şərq-Qərb nəqliyyat dəhlizi”nin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə artıq böyük töhfə verir.

BTQ dəmir yolu xətti Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin növbəti əyani sübutudur. BTQ dəmir yolu ilə yüklərin Avropa və Asiyaya çatdırılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət edir, Azərbaycanın və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini daha da yüksəldir. Beləliklə, bu dəmir yolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər Azərbaycanın tranzit ölkə kimi də əhəmiyyətini daha da artırıb.

 

Xəzərin ən böyük limanı

 

Ötən ay Ələt qəsəbəsində Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi Azərbaycanın yerləşdiyi bölgədəki aparıcı rolunu bir qədər də yüksəltdi. Bu layihənin başa çatdırılması göstərir ki, ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturunun formalaşdırılıması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla reallaşır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi layihəsinin uğurla reallaşması ilə Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından yeni mərhələ başladı. Bununla ölkəmiz gələcəyə hesablanmış daha bir möhtəşəm addım atdı. Bu limanın işə salınması nəticəsində Azərbaycanın tranzitdən gələn gəlirləri əhəmiyyətli dərəcədə artacaq, respublikamız logistik mərkəz kimi mövqelərini daha da möhkəmləndirəcək. Ən əsası isə, gətirəcəyi bütün iqtisadi dividendlərlə yanaşı, bu liman kompleksi Azərbaycanın regionda söz sahibi statusunu möhkəmləndirən mühüm faktordur.

 

Cənubi Qafqazın lideri, dünyada söz sahibi, BMT Təhlükəsizlik Şurasının sədri

 

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Elə buna görə təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində onu əsas tərəfdaş kimi qəbul edirlər.

Azərbaycanın dünyadakı yüksək siyasi nüfuzunun ən bariz nümunəsi kimi ölkəmizin 2011-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv seçilməsini misal göstərmək olar. TŞ-yə keçirilən səsvermədə Azərbaycana səs verənlər sadəcə Cənubi Qafqazın sıradan bir ölkəsinin deyil, beynəlxalq miqyasda özünün müsbət imici ilə tanınan, bütün dünyada hər bir sahə üzrə ciddi nüfuz qazanan bir respublikanın namizədliyini dəstəkləmiş oldular. Bu səsvermə nəticəsində BMT Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın dünyadakı nüfuzunun göstəricisi, beynəlxalq aləmdə ciddi və etibarlı bir ölkə olduğunu nümayiş etdirdi.

Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisi idi. Ölkəmizin bu qələbəsini məhz Prezident İlham Əliyev təmin etdi. Çünki məhz beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilmək, əks mövqelər hazırlamaq, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etmək və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmaq məhz dövlət başçısının iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir. Odur ki, Azərbaycanın bu posta seçilməsi Prezident İlham Əliyevin indiyədək apardığı düşünülmüş və məqsədyönlü siyasətin məntiqi sonluğudur.

 

Beynəlxalq tədbirlər məkanı

 

Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir. Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi də təsdiqləyir. Mədəniyyətlərarası və sivilizasiyalararası forumlar, Qlobal Bakı Forumu, digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.

Belə mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafın nəticəsi olaraq Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.

 

“Eurovision”, Avropa Oyunları, “Formula-1”, İslam Həmrəyliyi Oyunları...

 

Son illərdə çoxsaylı tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız bunların hamısına layiqincə evsahibliyi edib. Bu evsahibliyinə və ideal təşkilatçılığa isə başqa ölkələr ancaq həsəd apara bilərlər.

Azərbaycan isə digər beynəlxalq tədbirlərlə yanaşı, həm də idman və mədəniyyət tədbirlərinin ünvanıdır. Bunu son altı ildə Azərbaycanda “Eurovision”, I Avropa Oyunları, “Formula-1” və İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq tədbirlərin keçirilməsi təsdiq edir. Bu musiqi və idman yarışlarının yüksək səviyyədə təşkil olunması və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə növbəti töhfə və dəstək oldu. Həmin günlərdə paytaxtımıza təşrif buyuran xarici vətəndaşlar, turistlər Azərbaycandakı inkişafı öz gözləri ilə gördülər, ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdilər. Bakının qonağı olacaq əcnəbilər təkcə bu mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı doğma Bakımızın gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və azərbaycanlıların səmimi qonaqpərvərliyinin şahidi oldular. Bu mənada sözügedən tədbirlərin hər biri Azərbaycanın inkişafının və turizm potensialının beynəlxalq miqyasda daha yaxından tanıtımı baxımından böyük hadisəyə çevrildi. Digər tərəfdən, bu cür tədbirlərə yüksək səviyyədə evsahibliyi etməklə Azərbaycan bir daha sübut etdi ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir.

 

Kosmik klubun üzvü

 

Azərbaycan həm də kosmos dövlətidir. Qeyd edək ki, kosmik sənayenin yaradılması, telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanılıb, dövlət başçısı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” sərəncam imzalayıb, “Kosmik sənayenin yaradılması və inkişafı üzrə” Dövlət Proqramı qəbul edilib, daha sonra “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Qarşıya qoyulan məqsədə çatmaq üçün müvafiq strukturlar kosmik sənaye sahəsində beynəlxalq təcrübəni tədqiq edərək Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və istifadəyə verilməsində dünyanın qabaqcıl kosmik sənaye qurumları ilə əməkdaşlıq həyata keçiriblər.

Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan kosmik klubun üzvüdür. Orbitə buraxılan peyklərimiz ölkəmizin inkişafına xidmət edir. Bu hadisə həm də Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın müasirləşməsinin, modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətlərinin bariz nümunəsidir. Ən əsası, bu tarixi uğur Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir.

 

Yeni neft müqaviləsi

 

Ötən ilin sentyabrında Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan növbəti hadisə baş verdi. Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə xarici neft şirkətləri ilə yeni saziş imzalandı. Bununla da 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə neft hasil olunan sözügedən yataqların işlənilməsində yeni mərhələ başlandı. SOCAR, BP, “Chevron”, INPEX, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin imzaladığı sazişə əsasən növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulacaq.

Bu sazişlə ilk növbədə Azərbaycanın neft ehtiyatları barədə mübahisələrə son qoyuldu. Məlum olduğu kimi, indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib. Amma son kəşfiyyat işləri bu yataqlarda hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatının olmasından xəbər verir. Ümumilikdə isə burada 1 milyard ton neftin olduğu proqnozlaşdırılır.

“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan bir dövlət kimi müstəqilliyini daha da möhkəmləndirdi. Yeni müqavilə isə, təbii ki, ölkəmizin əldə etdiyi bu nailiyyətlərin miqyasını daha da artıracaq. İlk növbədə Azərbaycan bir dövlət kimi beynəlxalq mövqelərini möhkəmləndirəcək, enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibi olaraq qalacaq. Ən əsası, yeni müqavilədən sonra Azərbaycana gələcək gəlirlər ölkəmizin inkişafına böyük töhfələr verəcək. İndi əldə etdiyimiz inkişaf dinamikasının miqyası artacaq.

 

Azərbaycandan Avropaya uzanan “Cənub qaz dəhlizi”

 

Bu il may ayının 29-da açılışı olan “Cənub qaz dəhlizi” göstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Eyni zamanda bu tarixi hadisə rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri və həm də uğurlu davamıdır.

Bu günlərdə “Cənub qaz dəhlizi”nin 4 seqmentindən biri və bu mürəkkəb infrastrukturun ən uzun hissəsi olan Transanadolu təbii qaz boru kəmərinin (TANAP) istifadəyə verilməsi bu layihə üzrə işlərin vaxtında tamamlandığını bir daha təsdiq etdi.

“Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşmasının əsas səbəbi, təbii ki, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir. Bu qələbə respublikamızın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir.

Hazırda “Cənub qaz dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layihənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

 

Lələtəpədə dalğalanan Azərbaycan bayrağı

 

Güclü ordu dövlətin və onun xalqının təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Ona görə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daim artırılması torpaqlarımızın işğal altında qaldığı bir vaxtda təbii olaraq qarşımızda dayanan ən əsas vəzifədir. Nizami Azərbaycan Ordusunun təməlinin qoyulduğu 1993-cü ilin payızından sonra bu istiqamətdə mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa vaxtda bütün qoşun növlərinin mövcud olduğu, müasir döyüş imkanlarına malik Azərbaycan Silahlı Qüvvələri formalaşdırılıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələləri daim prioritetdir. Reallıq ondan ibarətdir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir.

İki il öncə 2016-cı ilin aprelində düşmənlə təmas xəttində 22 illik atəşkəs dövrünün ən güclü hərbi qarşıdurması zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu sübut etdi. İşğal olunmuş minlərlə hektar sahə, o cümlədən strateji Lələtəpə yüksəkliyi düşməndən azad edildi, Cocuq Mərcanlı sakinlərinin həyatı üçün təhlükə tamamilə aradan qaldırıldı. Bu gün Lələtəpədə Azərbaycan bayrağı dalğalanır.

Bu günlərdə cəbhə xəttindən alınan növbəti xoş xəbər ölkəmizin bütün ictimaiyyətini həm sevindirdi, həm də qürurlandırdı. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olundu. Bu, 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun növbəti mühüm zəfəridir.

Bütün bu uğurların hamısı Milli Qurtuluşun nəticəsidir. 25 il əvvəl ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi böyük siyasətin möhtəşəm uğurlarıdır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 15 iyun.- S.1; 8.