Üç
görüşün unudulmaz təəssüratı
Zəmanəmizin
böyük şəxsiyyəti, müstəqilliyimizin əsas
qurucusu möhtərəm Heydər Əliyevlə üç
görüşüm olub.
İlk
tanışlığımız 1982-ci ilin qızmar avqust
ayının axırlarına təsadüf edir.
Bürkülü,
cansıxıcı axşamların birində Mərkəzi
Komitənin Mədəniyyət şöbəsindən mənə
zəng çalındı. Tanımadığım məsul bir
işçi özünü təqdim edib bildirdi ki, Heydər
Əliyevin başçılığı ilə sabah Bərdə rayonuna, pambıq
yığımı mövsümünün
açılışına dair müşavirəyə getməliyəm.
Bir qədər karıxdım. Mən hara, pambıqçılıq müşavirəsi
hara? Yadıma düşdü ki, son illər
pambıq toplanışı zamanı, bir qayda olaraq, belə
müşavirələr keçirilir, kolxozçularla
görüşə, müşavirədə iştiraka
yaradıcılıq təşkilatlarından da nümayəndələr
aparılır. Heç nə demədim.
Çaşqınlığım daxili gərginliklə
əvəzləndi. Evdə ağır xəstəm
vardı. Onu xəstəxanaya
çatdırmalı, müalicəsi ilə məşğul
olmalı idim. Mənim tərəddüdümü
anlayan məsul işçi kiçik açıqlama verdi:
- Getmək mütləq
lazımdır. Tədbir
iştirakçılarının siyahısına sizin
adınızı Heydər Əliyeviç şəxsən
saldırıb. Xahiş edirik axşam saat
on tamamda dəmir yolu vağzalının “Deputatlar
otağı”nda olasınız.
Ertəsi gün təyin
olunmuş vaxtda vağzalın “Deputatlar otağı” adlanan
xüsusi avadanlıqlı, geniş və yaraşıqlı
salonunda tədbir iştirakçılarının
hamısı cəm idi. Buraya toplanmış rəssamlar, bəstəkarlar,
jurnalistlər, fotomüxbirlər, radio və televiziya
işçiləri arasında tanıdıqlarım, salam verib, salam aldıqlarım az deyildi. Tələbəlik yoldaşım,
yazıçı-publisist Nurəddin Babayevi də aralıdan
gördüm. Deməli, bizim zümrədən
budəfəki səfərə ikimiz
qatılmışdıq. Ürəyimdə
bir qədər rahatlıq yarandı.
Heydər Əliyev gecə
saat on bir radələrində gəldi. Xeyli
solğunlamış sifətindən yorğunluq
yağırdı. Çox yəqin ki,
hansısa vacib müşavirə, yaxud büro iclası
keçirmişdi. Salona qədəm qoyan
kimi gülümsədi. Xoş təbəssüm
tutqun çöhrəsini xeyli durultsa da, gərginlik izlərini
tamam silə bilmədi. İrəli yeriyib salondakılara
ümumi salam verdi və dərhal da
gecikdiyi üçün üzr istədi. Nəfəsini dərib
perrona - açıq havaya çıxmağı təklif
etdi:
- Necə
düşünürsünüz, bəlkə gedək
çöldə söhbət eləyək? İçərini
kondisioner sərinlətsə də, çölün
havası burdakından təmizdir, - dedi. Yorğunluq
səsində də aydın duyuldu.
Bayırda hava həqiqətən
xoşagələn idi. Astaqanad meh əsirdi. Gecədən
xeyli keçdiyindən xəfə azalmışdı. Həm də perron yaxşıca sulanmış,
asfalt döşəmə yuyulub silinmiş, istisinin hovu
alınmışdı. Nəfəsimiz
genişləndi.
Sakit perronda Heydər Əlirza
oğlunu dövrəyə aldıq. O, cərgənin əvvəlindən
başlayıb, axıra qədər hamı ilə əl tutuşub
görüşdü. Mənə çatanda
ayaq saxladı. Diqqətlə üzümə
baxdı. Yarıhəlim-yarıciddi iradla soruşdu:
- Sən niyə bizdən
qaçırsan? Tədbirlərdə az-az
görürəm səni. Dəvət
almırsan, ya öz vaxtına qıymırsan?
Mən dinmədim. Doğrusu, incikliyim
vardı... Əvvəllərdə, yəni Heydər
Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə
birinci katib (indiki anlayışla başçı) təyin
olunmazdan qabaq adlarını çəkmək istəmədiyim
bəzi yüksək vəzifəlilər tərəfindən
qapılar arxasında çox saxlanmışdım.
Heydər Əliyev
susqunluğumun kökünə varmadı. Vaxtın
azlığındanmı, ya nədənsə
yönünü çevirib məndən sonrakı
yoldaşlara yanaşdı. Axırda
hamıya xeyirli gecə, xoş istirahət arzuladı. Ağır, ləngərli addımlarla “xüsusi
qatar”ın özünə məxsus vaqonuna istiqamət
götürdü.
“Xüsusi qatar” cəmi üç
vaqondan ibarət idi. Bizi sonuncu vaqonda yerləşdirdilər.
Burada hər şey üzə
gülürdü. Səliqə-sahman,
avadanlıq göz oxşayırdı. İçəri
qədərincə sərindi, kondisioner işləyirdi. Qar ağlığında, ütülü,
kraxmallı yatacaq adama şirin yuxu gətirirdi. Nurəddin Babayevlə bir kupeyə
düşmüşdük. O, bərk yorulduğunu,
bütün günü qaç-qovda olduğunu söylədi.
Gözlərini yuman kimi də
mışıldadı.
Mən, necə deyərlər,
“gecəquşu” idim. Yuxusuzluğa vərdişkardım. Ev şəraitimin pisliyi ucbatından yazı-pozu ilə
yalnız gecələr, uşaqlarım dərin yuxuya gedəndən,
nisbi sakitlik yaranandan sonra məşğul olur, səhərləri
diri gözlə açırdım. Odur ki, vaqonun əla
rahatlığı da gözlərimə uzun müddət
mürgü çirişi gətirmədi...
***
Yevlaxa günəş
üfüqdə təzəcə boy göstərəndə
çatdıq. Vağzal bayramsayağı bəzədilmişdi.
Sabahın yenicə açılmasına
baxmayaraq, məktəblilər, müəllimlər, rayonun məsul
işçiləri, idarə-müəssisə əməkdaşları
(kişili-qadınlı) pişvaza
çıxmışdılar. Balaca
oğlan və qızların əllərində əlvan
gül-çiçək dəstələri vardı. Bu gül-çiçəklər, lap yəqin ki,
Heydər Əliyevə xalq məhəbbətinin rəmzi kimi
təqdim ediləcəkdi.
Belə də oldu. Heydər Əliyev
öz vaqonunun pillələri üstündə
görününcə cərgələr pozuldu. Gül-çiçəkli uşaqlar hərəkətə
gəldilər. Bir-birini qova-qova Heydər Əliyevi
dövrələdilər. Hədiyyələrini
növbə ilə ona təqdim etdilər. Heydər Əliyev balacaların kimisinin üzündən
öpdü, kimisinin başını sığalladı.
Sonra rayon təşkilatlarının
başçıları, ağsaqqallar və müəllimlər
görüşə tələsdilər.
Heydər Əliyev əlavə
təmtərağa şərait yaratmadı. Hamı ilə ümumi
şəkildə salamlaşıb, yola davam etməyə
göstəriş verdi. Təyinatlı
maşınlara mindik. “Çayka”ların, “Volqa”ların,
“Qaz-51”lərin, “Jiquli”lərin işə düşmüş
mühərrikləri sabahın sakit ovqatına xələl
qatdı.
Bərdə rayonunun girəcəyinə
yaxın, mənzərəli bir yerdə maşın
karvanı yoldan azacıq qırağa çıxıb əyləndi. Sıx və
qollu-budaqlı ağaclar çətirində uzun-uzun masalar
uc-uca dayanmışdı. Süfrələrə
neçə cür meyvələr, mineral sular səliqə ilə
düzülmüşdü.
Səhər yeməyinə dəvət
aldıq. On beş-iyirmi dəqiqə ərzində
aclığımızın, ilk növbədə
susuzluğumuzun “qurd”unu öldürüb yenidən
maşınlara doluşduq.
O gün axşama qədər beş kolxozun pambıq sahələrini gəzdik.
Qabaqcıl pambıqçılarla
görüşdük. Yığımın
gedişi, ümumi vəziyyətlə maraqlandıq. Cib dəftərçəmizə müəyyən
qeydlər etdik. Fotomüxbirlər şəkillər
çəkdilər. Jurnalistlər
müsahibələr apardılar. Rəssamlar
eskizlər götürdülər. Bəstəkarlar
notlarına nəsə yazdılar.
Heydər Əliyev hər
yerdə bizim önümüzdə gedirdi. Üst-başının
toz-torpağa bələnəcəyinə əhəmiyyət
vermir, şax-şəvəlləri yara-yara tarlanın
içərilərinə girir, kolxozçularla iş əsnasında
görüşür, hal-əhval tutur, problemlərini elə
oradaca öyrənirdi. Şirin söhbətlə
bərabər belinə önlük bağlayıb özü
də pambıq yığırdı. Beləcə
sadə insanlarla qaynayıb-qarışır, səmimiyyətə,
açıq söhbətə körpü salırdı.
İşlərlə, vəziyyətlə
bu sayaq tanışlıqdan sonra hər briqadanın öz
“tarla çardağı” altında məsləhət-məşvərət
iclası başlanırdı. İclasların
gedişinə də Heydər Əliyev bilavasitə
özü rəhbərlik edirdi. Kolxozçularla
söhbəti elə qurur, elə səmtə yönəldirdi
ki, yerli rəhbərlərin müdaxiləsinə, nəsə
söyləməsinə ehtiyac yaranmırdı. Briqadirlər, manqa başçıları,
sıravi zəhmətkeşlər bir-birinin ardınca ortaya
çıxıb məsələ barədə rəy
bildirir, dil-dil ötürdülər. Çıxışlarının
axırında da könüllü öhdəliklər
götürür, planı bir neçə faiz
artıqlaması ilə yerinə yetirəcəklərini
bildirirdilər.
Bu öhdəliklərdən,
əmək coşqunluğundan məmnun qalan Heydər Əliyev
lap sonda alovlu yekun nitqi söyləyirdi. Adamları
daha əzmlə çalışmağa səsləyir, bol məhsulu
itkisiz və vaxtında yığmaqda uğurlar arzulayır,
yeni-yeni qələbələrə ruhlandırırdı.
...Gecikmiş naharımızı
rayon mərkəzində elədik. Artıq
şər qarışırdı, axşam
toranlığı düşhadüş idi. Qədim Bərdə şəhəri ilə ötəri
tanışlıqdan sonra mədəniyyət evinə - rayonlararası
müşavirəyə toplaşdıq. Pambıqçılıqla
məşğul olan yaxın rayonların rəhbər
işçiləri, qabaqcıl briqadir və
manqabaşçıları dəvət almış bu
müşavirə çox sıxlıq idi. Böyük salonda boş yer yoxdu. Müşavirə canlı keçdi. Çıxışların arası kəsilmədi.
Əksər nümayəndələr işə
mane olan texniki çatışmazlıqları önə
çəkib, ürəklərini boşaltdılar. Sonda yenə Heydər Əliyev geniş, məzmunlu
yekun nitqi söylədi. Yeknəsəq
danışıqlardan yorulub mürgüləmişləri
onun gur, yapışıqlı səsi diksindirib oyatdı.
Görülmüş işlərə ətraflı
təhlil verib, müvəffəqiyyətləri
alqışladı. İşdə
buraxılmış bəzi nöqsanlardan da yan keçmədi.
Gecə ikən Yevlaxa
qayıtdıq. Sərin, rahat vaqonumuzda şirin-şirin
yatıb, gözümüzü Əli Bayramlıda
açdıq.
Yenə də al günəş
üfüqdən təzəcə baş
qaldırırdı. Uzaq ənginliklər tünd
qırmızı rəngə boyanmaqdaydı. Muğan düzündə gecələmiş seyrək
duman ətəyini ehmal-ehmal dəstələyib göyə
çəkilirdi. Çöllərə
gümüşü şeh düşmüşdü. Yolumuz Sabirabada idi.
Bərdə səfərimizdəki
təmtəraq burda gözə çarpmadı. Xüsusi
hazırlıqla pişvazımıza çıxanlar
olmadı. Yəqin ki, göstəriş
belə idi. Birbaşa tarla düşərgələrinə
yollandıq. Tarlalarda məhsul bol idi.
Kolxozçu qadınlar alatorandan öz sahələrində
idilər.
Burada da Bərdə
proqramı üzrə davrandıq. Yenə beş
iri kolxozu gəzdik. Eyni qaydada görüşlər,
yığıncaqlar keçirildi. Yorulmaq,
usanmaq bilməyən Heydər Əliyev həvəsləndirici,
zəhmət qələbəsinə ruhlandırıcı
nitqlərinin arasını burada da kəsmədi. Gəzdiyimiz
beş kolxozun beşinin də
yığıncağında ilk dəfələrdəki
coşqunluq hamını heyran qoydu. Ancaq bölgə
müşavirəsi ötəngünkünə bənzəmədi.
Müşavirənin lap əvvəlindən Heydər Əliyev
pərt görünürdü.
O, iclası başlanğıcdan tənqidi
müstəviyə yönəltdi. Pambıq
toplanışının yarıtmaz təşkilində kolxoz
sədrlərini, rayon rəhbərlərini ciddi tənqid etdi.
İşdə intizamsızlıq halları ilə
rastlaşdığını bildirdi. Böyük
zəhmətlə becərilmiş məhsulun yerə
tökülüb toz-torpağa bələnməsini, keyfiyyətini
itirməsini ziyankarlıq adlandırdı. Öz növbəsində
nəyəsə açıqlama vermək istəyən rayon
başçısının isə sözünü əsəbi
sərtliklə kəsdi: “Vəzifənin öhdəsindən
gələ bilmirsən. İşindən çox
narazıyam”, - dedi. Bu kəskin ifadələrdən
rayon başçısı sarsıldı. Sifəti gah ağarıb, gah qaraldı. O dərəcədə
çaşdı ki, müvazinətini itirdi. Az
qaldı xitabət kürsüsündən yerə
yıxılsın.
Heydər Əliyev gərginliyin
qarşısını tezcə aldı. Mülayim rəftarla,
zarafatla əsəb hovunu yumşaltdı.
Ağır keçmiş
müşavirədən sonra bizi ayrı bir otaqda çay
süfrəsinə dəvət etdilər. Heydər Əliyev
hər iki qolunu oturduğu dərin kürsünün dirsəkliyindən
ağır-ağır sallandırıb, başını
sağ çiyninə söykəmişdi. Günəş altında qaralmış sifətindən
də, bir qədər qıyılmış gözlərindən
də qədərsiz yorğunluq yağırdı. Asan
iş deyildi, dünəndən bəri fasiləsiz fəaliyyətdəydi.
Dikəlib şux təbəssümlə:
- Hə, dostlar, deyəsən,
çox yorulubsunuz. Siz belə olanda, təsəvvür
edin mən nə gündəyəm. Boynuma
alıram, gücüm tükənib. Yoxsa sizi ayaq üstə
qarşılayardım, - dedi.
Nurəddin Babayev müəllim dilavərliyi
ilə hamıdan cəld cavab verdi:
- Sizin yorulmağınızın səbəbi
məlumdur, Heydər müəllim, - dedi, - iki gündür
rahatlıq nədir bilmirsiniz. Adamlarla canlı
ünsiyyətdəsiniz. Hər
görüşdə bir-birindən gözəl, çox mənalı,
məntiqli çıxışlar edib, dərin nitqlər
söyləyibsiniz. Mən
yazıçılıqdan əlavə, həm də müəlliməm.
Universitetdə mühazirələr oxuyuram.
Aramsız danışığın insanı əldən
necə saldığını öz təcrübəmdən
bilirəm. Biz müəllimlər
auditoriyalarda, sinif otaqlarında dərs keçirik. Siz isə açıq havada, qızmar günəş
altında, günün günorta çağlarında, nəfəs
çəkmək çətin olan vaxtlarda, zəhmətkeşlər
əhatəsində hamı üçün
anlaşıqlı söhbətlər aparıbsınız.
Əlbəttə yorularsınız.
Xoş sözlər üzlərdə
şən təbəssüm yaratdı. Heydər Əliyevin
də kefini açdı. Minnətdarlıq edib, qəddini
bir az da dikəltdi. Qollarını
kürsü dirsəkliyindən götürüb qoynunda
çarpazladı. Gümrah səslə, aram-aram əsas
mətləbə keçdi:
- Gecə yarı olur, vaxtımız
dardır. Gələk əsas məsələyə.
Sizi bura çağırmaqda məqsədim səfərimiz
barədə təəssüratınızı öyrənməkdir.
Nə gördünüz? Nə
eşitdiniz? Nələrin şahidi oldunuz?
Mənim üçün bunlar çox
maraqlıdır. Siz yaradıcı,
aydın zəkalı insanlarsınız. Gözləriniz
iti, müşahidələriniz dəqiqdir. Xahiş edirəm, buyurun, rəy
açıqlayın.
Nurəddin Babayev bu dəfə
də qabağa düşdü. Oçerkist idi. Qəzet və jurnal ezamiyyətləri ilə
kolxozlarda, sənaye müəssisələrində çox
olurdu. Oçerklər, məqalələr,
reportajlar yazırdı. Təsərrüfat
işlərindən müəyyən biliyi, məlumatı
vardı. O, kolxozçuların əzmkarlığından,
pambıqçılıq sənətinə yetərincə
yiyələndiklərindən və rəhbərə - Heydər
Əliyevə böyük məhəbbət bəslədiklərindən
gen-bol danışdı.
Sonra bəstəkarlar, rəssamlar,
jurnalistlər səfər təəssüratlarını
bölüşdülər. Ən axırda Heydər
Əliyevin nəzərləri mənim üzümdə əyləndi.
Ayağa durdum. Adətim
üzrə bəlağətə gücüm
çatmadı. Sadəcə olaraq, bəzi
müşahidələrimi dilə gətirdim. Diqqəti son müşavirədə baş
vermiş insidentə çəkdim. Rayonun
birinci katibinin düşdüyü vəziyyəti
xatırlatdım. Müvazinətini
itirmiş katibi psixoloji sarsıntıdan necə
çıxarmasında Heydər Əliyevin ustalıq göstərdiyini
xüsusi vurğuladım. Bunu yadımda ən
çox qalan yaxşı hal, yüksək keyfiyyət kimi qeyd
etdim.
Dediklərimin Heydər Əliyevə
necə təsir bağışladığını bilmədim. Çünki həmin
anlarda başqa intizardaydım: Bakı vağzalında
yarımçıq qalmış söhbətin
davamını gözləyirdim. Lakin ona
qayıdılmadı. Ya yorğunluqdan
unudulmuşdu, ya da yeri münasib sayılmamışdı.
Geri qayıdandan beş-altı gün sonra
gördüklərim əsasında böyük oçerk
yazıb, o vaxtın mühüm mətbu orqanı olan
“Kommunist” qəzetində çap etdirdim.
***
İkinci görüşümüz
üç il sonra, Moskva şəhərində,
Kremlin Qurultaylar Sarayında oldu.
Bu illərdə Heydər Əliyev
Azərbaycanda işləmirdi. Vəzifəsi daha da
böyüdülmüşdü. Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
büro üzvü seçilmiş, SSRİ Nazirlər Kabineti
sədrinin birinci müavini təyin edilmişdi.
Möhtəşəm
Qurultaylar Sarayında iki gün idi RSFSR
yazıçılarının qurultayı öz işinə
başlamışdı. Siyasi büronun üzvləri də tədbirdə
iştirak edirdilər. O cümlədən, Heydər Əliyev
də rəyasət heyətində idi. Yazıçıların
bəzən sərt, bəzən də mübahisəli
çıxışlarını diqqətlə dinləyirdi.
Mən bu qurultaya Azərbaycan
yazıçılarının nümayəndəsi kimi gəlmişdim.
Sarayda yerlər əlifba
sırası ilə bölünmüşdü. Mən lap
öndə - ikinci cərgənin ortalarında əyləşmişdim.
Heydər Əliyevi buradan çox aydın
görürdüm. İftixar hissi
keçirirdim. Ərazicə kiçik bir
respublikanın yüksək zəkalı oğlu böyük
SSRİ-nin ən nüfuzlu, ən səlahiyyətli rəhbərləri
cərgəsində idi. Deyəsən, Heydər
Əliyevin də gözü məni almışdı. Arabir çönüb mənə sarı
baxırdı.
Səhər iclası
günorta, təxminən saat ikidə bitdi.
Axşam iclası da
yekunlaşdı. Siyasi büro üzvləri rəyasət
heyətini nəyə görəsə tələm-tələsik
tərk etdilər. Heydər Əliyev ayaq
saxladı. Qanrılıb mənə
sarı bir də baxdı. Mən güman içində,
aralıdan ona salam verdim. O, salamımı
xoş təbəssümlə alıb, əli ilə
yanına çağırdı. Ona doğru
iki-üç addım atmışdım ki, mülki paltarda, ətli-canlı
iki oğlan qarşımı kəsdi. Anladım
ki, mühafizə işçiləridir. Həmən
anda Heydər Əliyevin rus dilində rəsmi müraciəti
eşidildi:
- Buraxın gəlsin!
Mühafizəçilər
dərhal kənara çəkildilər. Görüşə
şərait yaratdılar. İrəli
getdim. Heydər Əliyev özü də
bir neçə pillə aşağı endi. Əl
tutuşub, mehribanlıqla hal-əhval soruşdu:
- Nə var, nə yox? Necəsən?
Bir qədər tutularaq:
- Çox sağ olun, pis deyiləm, -
dedim. Belə səmimi söhbətə
hazırlıqsız olduğum üçün səsim də
xeyli həzin çıxdı. Heydər Əliyev
çaşqınlığımı, şübhəsiz ki,
sezdi. Həqiqi siyasət adamının
gözü və duyumu iti olur. Söhbəti sərbəst
məcraya yönəltdi:
- Yazıçı yoldaşların
nə ilə məşğuldurlar? İşləriniz
necə gedir?
- Hər şey qaydasındadır. Hamının sizə salamı var, - söylədim.
Heydər Əliyevin mehriban
baxışlarının nisbətən soyumasından duydum
ki, cavablarımdan razı qalmayıb. Elə
özümün də özümdən xoşum gəlməmişdi.
Sözü ağzımdan sanki kəlbətinlə
çəkib çıxarırdılar. Neyləyim
ki, bir para qələm yoldaşlarımda olan gözəgirmək,
tezcə şirin münasibət yaratmaq qabiliyyətindən
kasıbam. Bu sarıdan qıfılbəndli
dilim heç yerdə məni yarıtmayıb.
Heydər Əliyevin həlim
sifət cizgiləri bir qədər dəyişsə də, səsinin
xoş ahəngi dəyişmədi.
- Mənə nə sözün,
xahişin? - soruşdu.
Xahiş olunacaq məsələm,
əlbəttə, vardı. Mənzil şəraitim
son dərəcə dözülməz idi (bu məsələm
heç indi də qəlb oxşamır). Əlaqədar
təşkilatlara ərizələr, xahiş məktubları
ilə dəfələrlə müraciətlər
etmişdim. Hətta ən yuxarı
instansiyalara teleqramlar vurmuşdum. Müsbət
bir nəticə yox idi.
Budur, indi əlimə
yaxşıca fürsət düşmüşdü. Məsələnin
yüz faizlik həlli üçün Allahtərəfi imkan
yaranmışdı. Di gəl ki... nitqim
bağlanmışdı, o deyildi ki, utanırdım, ya nədənsə
çəkinirdim. Sadəcə,
ayaqüstü söhbətdə şəxsi dərddən
danışmağa arlanırdım.
Heydər Əliyev vaxt itirmədi. Cibindən “vizit kartı”nı çıxarıb mənə uzatdı.
- Al, - dedi, - yanıma gəlmək
istəsən, zəng elə. Telefona köməkçim
yaxınlaşacaq. Deyərsən ki, səni
özüm çağırtdırmışam.
Kartı məmnunluqla
aldım. O,
bir də əl tutuşdu. Səmimiyyətlə
sağollaşıb aralandı. Mən isə
yerimdən tərpənmədim. Onun
arxasınca heyrətlə boylandım.
Ertəsi gün münasib
vaxtda zəng etdim. Qarşıdakı söhbətə daxilən
hazırlaşırdım. Nədən,
necə danışacağımı kifayət qədər
düşünüb-daşınmışdım. Dəstəyi, deyildiyi kimi, köməkçi
götürdü. Məni dinləyib, nəzakətlə
bildirdi ki, Heydər Əliyeviç çox vacib bir məsələ
ilə əlaqədar ezamiyyətə gedib. Həftənin axırına qayıdacaq.
Təəssüfləndim. Həftənin
axırını gözləmək imkanım yox idi. Qurultay işlərini bitirmək üzrə idi.
Nümayəndələrə geri qayıtmaq
üçün yol biletləri artıq paylanmışdı.
Mehmanxanada əlavə günlər qalsam, xərci
öz cibimdən olacaqdı. Xərcliyimin
də, necə deyərlər, başına daş
salmışdım. Özümlə
götürdüyüm pula uşaqlara əyin-baş
almış, Bakıda çox az
tapılan bəzi ərzaq tədarükü
görmüşdüm.
Nə isə, gözləyəsi
olmadım. Fikirləşdim ki, gedib Bakıdan telefonla əlaqə
saxlayaram.
Bu ümidlə evə
qayıtdım. Bakıdan ayrı-ayrı vaxtlarda bir
neçə dəfə telefon açdım, köməkçisi
ilə danışdım. İş nəhsə
düşdü. Bəxtimdən küsüb daha əlaqə
saxlamadım...
***
Yenə aradan illər
ötdü. Sovet quruluşu dağıldı. Sosialist respublikalarının ittifaqı
uçub-söküldü. Müstəqillik
qazandıq. Bəxti kəm şairimiz Məhəmməd
Hadinin arzuladığı imzamızı mühüm imzalar cərgəsinə
qoyduq. Lakin şadyanalığımız
uzun sürmədi. Xarici və daxili bədxahlarımız
bizə çətin problemlər yaratdılar. Partiyalar arasında didişmələr, çəkişmələr
baş alıb getdi. Düşmən hədəflərindəki
kəndlər, şəhərlər, qəsəbələr
xəyanətkarlıqla boşaldıldı, fitnəkar erməni
birləşmələrinə müqavimətsiz təhvil verildi.
Nəyəsə ümid etmək, İlahidən
imdad diləmək artıq mənasız bir şey idi, ondan
heç nə hasil deyildi. Dövlətə
başçılıq etməyə, ümumi rəhbərliyə
yetərli ağlı, qətiyyəti, siyasi işlərdə
zəngin təcrübəsi olan adamın köməyinə kəskin
ehtiyac duyuldu. Uzun axtarışsız-filansız
Heydər Əliyev yada düşdü.
Heydər Əliyev həmin
vaxtlarda Naxçıvanda Ali Məclisin Sədri idi. Siyasi büro
üzvlüyündən çıxarılmış,
Moskvadan qayıtmış, bu müdrik, dərin zəkalı
şəxs doğulub ərsəyə gəldiyi
Naxçıvan şəhərinə gedərək tez bir
zamanda camaatla qaynayıb-qarışmış, orada canlı,
səmimi ünsiyyət yaradaraq böyük etimad qazana
bilmişdi. Bu etimadın səbəbinə
də yenidən yüksək vəzifə kürsüsündə
əyləşdirilmişdi.
Ən gərgin, ziddiyyətli
anlarda “cəbhəçilər” ona minnətçi
düşmək məcburiyyətində qaldılar. Yanına
tanınmış ziyalılardan təvəqqeçilər
göndərdilər, Bakıya dəvət etdilər. Çox get-gəllərdən sonra, nəhayət
ki, razılıq alındı. Heydər Əliyev
Bakıya təşrif buyurdu. əvvəlcə
Milli Məclisə Sədr seçildi. Daha sonra
(Əbülfəz Elçibəy Kələkidə məskunlaşanda)
isə prezident səlahiyyətləri də ona həvalə
edildi. Və respublikada idarəçilik oz
çəmini yavaş-yavaş tapdı. Təşvişli,
təlatümlü cəmiyyətdə sabitlik, sakitlik bərqərar
oldu. Lakin cəbhə xətlərində,
qanlı döyüş meydanlarında vəziyyət hələ
də qəlb ağrıdırdı.
Bir axşam televiziya xəbərlərində
çox təsirli, həyəcanlı bir hadisə göstərdilər. Ağbirçək
bir qadın hərbi paltarda, əlində silah cəbhəyə
yollanırdı. Diktor dedi ki, bu qadının yeganə
oğlu vətən uğrunda döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur. İndi ana oğlunun əsgər
paltarını geyinib onun intiqamını almağa gedir.
Hadisə məni son dərəcə
təsirləndirdi, hətta kövrəltdi də. Bir neçə
saat həmin təsir sıxıntısında evin içində
vurnuxdum. Handan-hana beynimdə “Ana
intiqamı” adlı povest süjeti yarandı. Dərhal qələmə sarıldım. İki-üç ay müddətində intensiv
işləyib povesti tamamladım. Qarabağ
müharibəsindən bəhs edən, ədəbiyyatımızda
ilk irihəcmli əsər olan bu povest o dövrün ən
çox oxunan “Səhər” qəzeti səhifələrində
hissə-hissə çapdan çıxdı, geniş oxucu
marağı qazandı.
Povest qəzetdə tam çap olunub
qurtaran günün ertəsi Milli Akademik Dram Teatrının
direktoru və bədii hissə rəhbəri, istedadlı
aktyor Həsənağa Turabov mənə zəng vurub “Ana
intiqamı”nın əlyazmasını istədi:
“Əsəri qəzetdə axıracan izləyə bilməmişəm,
- dedi. - Amma yoldaşlardan izləyən olub. Xüsusən
də Leyla xanımın (Leyla Bədirbəylinin - V.B.)
könlünə yaman yatıb. Oğlunu
döyüşdə əvəz eləyən qəhrəman
ana obrazını səhnədə yaratmaq həvəsindədi.
Xahiş edirəm povesti mənə
çatdır, oxuyum. Və onu səhnələşdirmək
barədə düşünək”.
“Ana intiqamı”nın
özümdə olan nüsxəsini Turabova
çatdırdım. İki-üç gecəyə
oxuyub məni teatra çağırtdırdı. Povestin səhnə variantını yazmaq
üçün rejissor Bəhram Osmanovu mənə məsləhətçi
təyin etdi.
Pyesi yay müddətində
yazıb bitirdim. Payızda bədii şuradan keçdi.
Bəhram Osmanovun rejissorluğu ilə məşqlər
başlandı. Bir ay ərzində
tamaşa hazır oldu. Teatrdaxili
baxışdan sonra Turabov qoluma girib məni xidməti
otağına apardı. Adəti üzrə dodaqucu
qımışa-qımışa: “Tamaşa pis
alınmayıb, - dedi. - İnanıram ki,
ictimaiyyət tərəfindən də rəğbətlə
qarşılanacaq. Gəl sən belə bir iş elə:
götür, mənim “hökumət telefonum”la cənab
Prezidenti tamaşanın premyerasına dəvət elə. Səni tanıyır. Sözünü
yerə salmaz”. Mən tərəddüd
göstərdim. Bu hərəkəti
etikadan kənar saydım. Respublikada işlərin
hədsiz gərgin, problemlərin aşıb-daşan,
macalın dar vaxtında Heydər Əliyevin tamaşaya gələcəyini
ağlıma heç cür sığışdıra bilmədim.
Turabov ciddi təkidə keçdi: “Mən deyənə qulaq
as! Səndən nə gedir, qəbahət bir iş tutmursan
ki?! Çox vacib mövzuda, günün tələbinə
uyğun əsər yazıbsan. Qarabağ
uğrunda ölüm-dirim mübarizəsini qələmə
alıbsan. Biz də öz tərəfimizdən
onun uğurlu səhnə təcəssümünü
vermişik. Düşünürəm ki,
bu dəvət hörmətli Prezidentimizin ürəyincə
olacaq. Dövlət qayğıları
başından aşsa da, vaxt ayırıb mütləq gələcək.
O, teatrı çox sevir”.
Mən tərəddüdümdə
davam etdim. Çiynimi çəkib susdum. Turabov incidi: -
“Ayrı söz demə, sadəcə, Prezidentin köməkçisinə
arzumuzu bildir. Kollektiv adından danış...”
Mən yerimdən
qımıldanmadım. Əl-qolumu bağlayan səbəbi duruxa-duruxa
açıqladım:
- Qorxuram qınaq sahibi olaq, - dedim, - cənab
Prezident düşünər ki, respublikanın bu ağır,
hərcəhətli gərgin vəziyyətində biz
şan-şöhrət hayındayıq. Ondan
hansısa bir ənam, mükafat umuruq.
Turabov aktyor təbiri ilə
bərk yırğalandı. Boynunu sağa-sola
burub, təəssüflə fısıldadı. Sonra
ürək yanğısı ilə həzin-həzin dilləndi:
- Əlbəttə, cənab
Prezidenti kollektivimiz adından mən özüm də dəvət
edə bilərəm. Heç bir problem yoxdur. Ancaq sənin bir müəllif kimi ona müraciətin,
zənnimcə, məqsədə daha uyğundur.
İnada yer qalmadı. Telefona
yaxınlaşdım. Nömrələri
Turabovun özü yığdı. Prezident
köməkçisi məni tanıdı. Ərzimi ünvanına mütləq
çatdıracağını bildirdi. Nə
üçünsə buna az inandım.
Evə gəldim. Qabağıma
təzəcə bir stəkan çay qoymuşdular ki,
telefonumuz ötkəm-ötkəm cingildədi. Şəhərlərarası rabitə zənginə
bənzədi. Təlaş keçirdim.
Dəstəyi həyəcanla
götürdüm. Xətdəki qadın bir qədər rəsmi ahənglə:
- Sizinlə Prezidentin köməkçisi
danışacaq, - dedi, - xahiş edirəm, gözləyin.
Gözlədim. Ürəyim
xeyli toxtadı. Pis xəbər eşitmədiyimə
görə sevindim. Köməkçi mənimlə bir
daha salamlaşıb, cənab Prezidentlə
danışacağıma işarə vurdu: - Hələlik dəstəyi
qoyun yerinə. Bir də zəng olacaq.
Dəstəyi yerinə
qoydum.
Telefon təkrar cingildədi. Dəstəyi
qulağıma yaxınlaşdırdım. Yenə
köməkçinin səsi eşidildi:
- Vidadi müəllim, xətdə
olun, bu dəqiqə sizi cənab Prezidentlə
calaşdırıram.
“Calaşma” xeyli ləngidi.
- Salam, necəsən? - Heydər Əliyev
çox yorğun danışdı. - Mənə zəng edibsən
deyirlər. Nə məsələdi?
Diqqətinə görə təşəkkür
edib, məramı eynən söylədim.
Araya sükut
çökdü. Heydər Əliyev fikirli-fikirli xəbər aldı:
- Premyera haçandı?
- Mayın 14-dədir, - dedim.
Bir neçə an
susub, yenə xəbər aldı:
- 14-nə niyə salıblar?
Cavab verdim ki, bu barədə
bir söz söyləyə bilmərəm. Mədəniyyət
Nazirliyi ilə teatrın rəhbərliyi belə məsləhət
görüb.
Sükut təkrarlandı. Heydər Əliyevin səsi
tutqunlaşdı:
- O günə işlərim coxdu. Xaricdən qonaqlar gələcəklər. Baxım, görüm imkan tapacağammı? - deyib duruxdu. - İkinci premyera nə
vaxtdı?
- Ayın 16-dadı, - söylədim.
Heydər Əliyevin səsində
birdən-birə gümrahlıq yarandı. Qətiyyətlə:
- Bax, ona gələrəm, - dedi. -
Mütləq gələrəm. Mənə
başqa sözün?
Səmimi rəftar dilimin abır
kilidini qırdı, ötkəmləndim:
- Sizə sözüm çoxdur, Heydər
Əliyeviç, - dedim. - Bəzi çətinliklərim
var...
Heydər Əliyev tələsdi. Sözümü yarıda kəsdi:
- Elə mənim də sənə
deyiləsi sözüm az deyil. Gələrəm, teatrda görüşüb,
arxayın söhbətləşərik. Di sağ ol!
Yoldaşlara salam yetir.
Dəstək xırıldadı. Əlaqə
qırıldı. Nəfəsimi məmnunluqla
dərib sevincək Turabova zəng vurdum, muştuluqladım.
Həsənağa şadlıqdan aşıb daşa-daşa
qışqırdı:
- Əla e, əla! Səni xeyirxəbər
olasan! Ürəyimi dağa döndərdin.
Afərin! - Sonra sərənəsi yatdı. Hay-küydən
sakit danışığa keçdi. - Gərək
ikinci premyeraya səyimizi artıraq. Daha məsuliyyətlə
hazırlaşaq.
Hər ikimiz o xoş günü
böyük ümidlərlə gözlədik! Di gəl ki...
Dədələr nahaq deməyiblər
ki, sən saydığın qoy dursun, gör fələk nə
sayır. Uğurum yenə gəlib çiləkənə
ilişdi. Heç gözlənilmədən faciə
baş verdi. Tamaşada ana
rolunu ifa edən Leyla Bədirbəylinin həyat yoldaşı
qəflətən vəfat etdi. Aydındır
ki, Leyla xanım səhnəyə çıxa bilməzdi.
Və çıxmadı da. Onu əvəz edən (dublyor) olmadığından
tamaşa qırx gün müddətinə bağlandı.
Sonra da teatr yay tətilinə getdi.
***
Aradan iki il yenə
keçdi. 1997-ci ilin oktyabrında Milli Akademik
Dram Teatrında yubileyim keçirilirdi. Yetmiş
yaşım qeyd olunurdu. Təntənənin
qızğın gedişində arxadan kimsə qulağıma
pıçıldadı ki, cənab Prezident səni telefona
çağırır. Yerimdən durub pərdə
arxasına keçdim. Nəfəsimi dərib
dəstəyə əl yetirməyimlə Heydər Əliyevin
həlim səsi qulağımı oxşadı.
Salamlaşdıqdan sonra böyüklük, alicənablıq
göstərib üzr istədi:
- Bağışla, - dedi, - mənə
gec xəbər veriblər, yubileyində iştirak edə
bilmirəm. Sənə möhkəm
cansağlığı və yeni-yeni yaradıcılıq
uğurları arzulayıram. Qələmin daha iti olsun!
Belə həssaslıqdan, qədirbilənlikdən
hədsiz məmnun qaldım. Necə də isti, mehriban münasibət!
Bu sayğı təkcə mənəmi idi?
Əlbəttə yox. Yazımın
bir qədər əvvəllərində qeyd etmişdim ki,
onun tanınmış ziyalılara - elm, ədəbiyyat, incəsənət
xadimlərinə xüsusi rəğbəti vardı. Hərəyə öz istedad çəkisi, ictimai
nüfuzu müqabilində dövlət qayğısı
göstərirdi. Ağır iqtisadi
durumumuz, maddi çətinliyimiz zamanında önəmli
adamlarımıza, o cümlədən də mənə
prezident təqaüdünün təsisi məhz həmin
sayğının nəticəsi idi.
Burada onun həqiqi rəhbər
xüsusiyyətini, yüksək insani keyfiyyətini səciyyələndirən
bir mühüm çalar da xatirimdə canlandı. Haşiyə
çıxaraq onu da oxucu nəzərinə
çatdırmağı vacib sayıram.
1995-ci ilin qızmar iyul
ayı idi. Dostum, çox istedadlı yazıçı və
seçimli ictimai xadim, bütöv şəxsiyyət
İsmayıl Şıxlı ilə vida mərasiminə
toplaşmışdıq. Şəhriyar adına
əzəmətli mədəniyyət klubu mərasim
iştirakçılarını tutmurdu.
Vida iclası təyin
olunmuş vaxtdan çox gec başladı. Hamı Heydər
Əliyevin gəlməsinə müntəzir idi. Göstəriş vermişdi ki, mərasim onsuz
başlamasın. Həmin günlərdə
Ukrayna Prezidenti respublikamızda rəsmi səfərdəydi.
İsmayıl Şıxlının dəfni təsadüfən
Leonid Kuçmanın yolasalınma mərasimi ilə
üst-üstə düşmüşdü. Heydər Əliyev
aeroportdan saat beş radələrində
qayıtdı. Son dərəcə üzgün
olsa da, fəxri qarovulda dayandı. Hərarətli
çıxış etdi. İsmayıl
Şıxlının ruhuna özünün dərin hörmətini
büruzə verdi.
Mən yenə də heyrətdə
qalmışdım. Bu böyük şəxsiyyətin ürək
genişliyindən, xalqa gərəkli ziyalılara mehrindən
əfsunlanmışdım. Əgər
onun yerinə başqa bir dövlət başçısı
olsaydı, çox yəqin ki, vidalaşmağa gəlməzdi.
Baş qarışıqlığını, rəsmi
dövlət tədbirini bəhanə edərək
özünə əlavə zəhmət verməzdi. Onda isə o, əlbəttə ki, mərifət
elminin Heydər Əliyevi olmazdı. Onun hər
hərəkəti, hər davranışı həyat dərsidir.
Bu dərsdən bəhrələnənlər
heç nədə uduzmazlar.
Ruhu şad olsun!
Vidadi BABANLI
Azərbaycan.-
2018.- 15 iyun.- S.5; 9.