Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib

 

İyunun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək 15 iyun tarixinin Azərbaycan tarixində özünəməxsus yerindən danışıb, bu günün xalqımızın taleyində dönüş anı olduğunu vurğulayıb. Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdəki hərc-mərclik, təlatümlü ictimai-siyasi vəziyyətə son qoyuldu. Bildiyimiz kimi, o dövrdə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində gərgin vəziyyət mövcud idi. Bu vəziyyətdən istifadə edən Ermənistan torpaqlarımızı işğal edirdi. Təbii ki, o dövrdə Azərbaycanı sevən insanlar ölkəmizin bu vəziyyətdən çıxarılmasının vacibliyini başa düşürdülər. Bunu bacara bilən yeganə insan isə ümummilli lider Heydər Əliyev idi. Beləliklə, Ulu Öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Məhz bundan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, respublikamızda mühüm siyasi iqtisadi islahatlar həyata keçirildi, neft strategiyası reallaşdırıldı, cəbhədə atəşkəs əldə olundu, nizami ordu quruculuğu prosesinə başlanıldı, cəmiyyətin inkişafı üçün fundamental əsaslar yaradıldı”,-deyə Əli Əhmədov vurğulayıb.

Qeyd edilib ki, Ulu Öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov qurtuluşa gedən yolun çox çətin olduğunu deyib. Çünki o dövrdə Azərbaycanda yarıtmaz, ancaq öz mənfəətini düşünən insanlar hakimiyyətdə idilər. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin ətrafında toplaşan, öz xalqının mənafeyini hər şeydən üstün tutan insanlar bilirdilər ki, yeni bir siyasi partiyanın yaradılmasına ehtiyac var. Bu partiya Yeni Azərbaycan Partiyası oldu. Xilaskarlıq missiyasını öz üzərinə götürərək hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ölkədə siyasi sabitlik yaratdı. Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanın geosiyasi imkanlarından istifadə edərək müstəqilliyini qoruyub saxlamağa, ölkəmizi sürətli inkişaf yoluna çıxarmağa, xalqımızın milli mənəvi sərvətlərinə sahib çıxmasına, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının vahid məfkurə ətrafında birləşdirilməsinə nail oldu.

Məhz Ulu Öndərin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalandığını bildirən Eldar İbrahimov deyib ki, bu gün Prezident İlham Əliyev ulu öndərin başladığı enerji, nəqliyyat layihələrini uğurla davaminkişaf etdirir. Bu gün aparılan düzgün iqtisadi siyasət nəticəsində həm vətəndaşlarımız firavan həyat sürür, həm də Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır.

YAP-ın gənc fəallarından Süleymanlı Rəna Milli Qurtuluş Gününün müasir Azərbaycan gənclərinin inkişafında yerirolunu xüsusi vurğulayıb. Qeyd edib ki, gənclərimiz Milli Qurtuluş Gününün əhəmiyyətini, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərini dərindən öyrənməli, Prezident İlham Əliyevin həyata keçirdiyi və ölkəmizin sürətli inkişafını təmin edən dövlət siyasətinə sadiq qalaraq, Azərbaycanın tərəqqisinə mühüm töhfə verməlidirlər.

 

Azərbaycan.- 2018.- 15 iyun.- S. 2.