Azərbaycan və Qazaxıstan bütün beynəlxalq tədbirlərdə bir-birini dəstəkləyir
İyunun 14-də Qazaxıstan
Respublikası Prezidenti Dəftərxanasının rəhbəri
Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə
heyəti Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyində olub.
AZƏRTAC xəbər verir ki,
Mahmud Kasımbekov mədəniyyət naziri Əbülfəs
Qarayev ilə görüşündə Azərbaycana səfəri
çərçivəsində Heydər Əliyev Mərkəzində
Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən
bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının
Azərbaycan dilində nəşrinin təqdimat mərasimi ilə
bağlı təəssüratlarını
bölüşüb. Qeyd olunub ki, Azərbaycan ilə
Qazaxıstan arasında münasibətlər ulu öndər
Heydər Əliyevlə Nursultan Nazarbayevin möhkəm
dostluğu sayəsində daha da möhkəmlənib. İki
ölkə rəhbərinin xalqlarımız arasında
dostluğun daha da möhkəmlənməsi naminə göstərdiyi
səylər, tarixi səfərlər,
qarşılıqlı səmimi münasibətlər bu
gün də davam və inkişaf etdirilir.
Əbülfəs Qarayev Azərbaycanla
Qazaxıstan arasında mədəniyyət sahəsində
mövcud əməkdaşlıq əlaqələrindən
söz açıb. Ölkələrimiz arasında dostluq
münasibətlərinin qədim tarixi köklərə malik
olduğunu diqqətə çatdıran nazir vurğulayıb
ki, bu tarixi, milli bağlılıq səbəbindən iki
qardaş ölkə bütün beynəlxalq tədbirlərdə
bir-birini dəstəkləyir. Azərbaycanın Qazaxıstanla
hərtərəfli əməkdaşlığı
mövcuddur və bu əlaqələr daha da genişlənir.
Nazir iki dövlət arasında
münasibətlərin yüksək səviyyədə
olmasının əsasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayevin
çox yaxın dostluğunun dayandığını
vurğulayıb. Diqqətə çatdırıb ki, iki
ölkə arasındakı bu dostluq Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Qazaxıstan ilə
Azərbaycan strateji tərəfdaş ölkələrdir.
2016-cı ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin
Qorunması üzrə Hökumətlərarası Komitəsinin
Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində
keçirilən 11-ci sessiyasında ölkəmizin təşəbbüsü
ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və
Qırğızıstan tərəfindən UNESCO-ya birgə
təqdim edilən “Lavaş, katırma, jupka, yufka - nazik
çörəyin hazırlanma və paylaşma mədəniyyəti”
təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə
Reprezentativ siyahısına daxil edilib.
Əbülfəs Qarayev, həmçinin
TÜRKSOY-un layihələrində ölkələrimizin fəal
iştirakını yüksək qiymətləndirib. Qeyd edib
ki, “İstanbul - Avropa Mədəniyyətinin Paytaxtı - 2010”
mədəniyyət ili çərçivəsində I Beynəlxalq
İstanbul Opera Festivalında TÜRKSOY-un təşəbbüsü
ilə hazırlanmış “Koroğlu” operasının
nümayişində və ümumilikdə bu layihədə
Azərbaycan və Qazaxıstan da yaxından iştirak edib. Bu
tamaşa Bakı, Bişkek, Almatı və Ankara şəhərlərində
də böyük uğurla nümayiş olunub.
Nazir ölkələrimiz
arasında əlaqələrin bundan sonra daha da genişlənəcəyinə
əminliyini bildirib.
Qazaxıstanın mədəniyyət
və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə
iki ölkə arasında müştərək mədəni
layihələrin həyata keçirilməsi istiqamətində
fikirlərini bölüşüb.
Görüşdə Azərbaycanda
və Qazaxıstanda qarşılıqlı mədəniyyət
günlərinin keçirilməsi, habelə kino və teatr
sahəsində əməkdaşlıqla bağlı bir
sıra məsələlər müzakirə edilib.
Azərbaycan.-
2018.-15 iyun.- S.14.