Dünyanın neft-qaz regionlarında

 

Özbəkistan neftçiləri azərbaycanlı həmkarlarının təcrübəsini yüksək dəyərləndirirlər

 

Özbəkistandan söz düşəndə, ilk növbədə, geniş pambıq tarlaları göz önünə gəlir. Lakin bu ölkənin iqtisadiyyatının əsasını təkcə pambıqçılıq təşkil etmir. Özbəkistan iqtisadiyyatında sənayenin və kənd təsərrüfatının bir sıra sahələrinin inkişafı önəm daşıyır. Bunlardan da biri neft-qaz sektorudur. İndiyədək ölkənin ərazisində onlarca neft və qaz yatağı aşkar olunub.

Bu yataqların arasında onilliklərdir istismar edilənlər də, təzə kəşf olunanlar da var. Yataqların bəziləri Özbəkistanın öz mütəxəssisləri, bəziləri xarici şirkətlərlə birgə işlənir.

Özbəkistanın neft yataqları əsasən Qaraqalpaq Muxtar Respublikasının, eləcə də Əndican, Buxara, Qaşqadərya, Nəmənqan, Surxandərya və Fərqanə vilayətlərinin ərazisində yerləşir. Hasilatın əsas hissəsi ölkənin cənub-qərb regionlarındakı yataqlardan əldə olunur. Digər rayonlardakı neft hasilatı obyektləri həcmcə kiçikdir və quyuların debiti də böyük deyil.

“Əndican” neft yatağı Fərqanə vadisinin şərq hissəsində yerləşir. “Əndican” 1937-ci ildə istismara daxil olub və vaxtilə Fərqanədə ən böyük neft yatağı sayılıb. Sözügedən vadinin şərq hissəsində “Boston” adlı daha bir yataq yerləşir. Bu yataqda əsasən 3-cü və nisbətən 20-ci horizontlar neftverimlidir. Yaxınlıqdakı “İzbaskənd” yatağı da Fərqanə vadisinin neftlə zəngin ərazi olduğunu təsdiqləyir.

Özbəkistan əsasən qaz yataqları ilə tanınır. Adından göründüyü kimi, ən zəngin mavi yanacaq mənbələrindən biri “Qazlı”dır. Yatağın ehtiyatları 470 milyard kubmetr həcmində qiymətləndirilir. Burada az miqdarda neft və kondensat ehtiyatları da mövcuddur. Yatağın neftli-qazlı ərazisi 460 kvadratkilometrə çatır.

“Qazlı” xeyli əvvəl kəşf edilsə də, keçən əsrin 60-cı illərinin əvvəllərindən istismar olunur. Yataqdan çıxarılan qaz Qazaxıstana, Qırğızıstana, Rusiyaya ixrac edilir. Neft Özbəkistanın özünün daxili ehtiyaclarına sərf olunur. Yataqdan uzanan qaz kəmərləri Daşkəndə, Urala, Rusiyanın Mərkəzi Avropa hissəsinə qədər çatır.

Özbəkistanın daha bir zəngin qaz-kondensat yatağı Buxara vilayətinin qərb hissəsində yerləşir. Bu, 1980-ci ildə kəşf edilən “Qandım” yatağıdır. Yataq Buxara-Xivə neftli-qazlı rayonuna aiddir. Onun təbii qaz ehtiyatları 202 milyard kubmetr, neft ehtiyatları 6 milyon ton həcmində qiymətləndirilir. Bu yatağın işlənməsi “Qandım-Xayzak-Şadı” neft layihəsi çərçivəsində həyata keçirilir. Əməliyyatçı kimi Rusiyanın “LUKoyl” şirkəti çıxış edir və iştirak payının böyük hissəsi bu kompaniyaya məxsusdur. Layihədə yerli “Özbəkneftqaz” şirkəti də iştirak payına malikdir.

2010-cu ilin mart ayında kəşf olunmuş “Təvəkkəl” ölkənin təzə yataqlarındandır. “Təvəkkəl”in ehtiyatları hələ tam qiymətləndirilməyib.

Özbəkistanın daha neçə-neçə neft-qaz yatağının adını çəkmək mümkündür. Bu yataqların kəşfiyyatı, işlənməsi və istismarı ilə “Özbəkneftqaz” Səhmdar Cəmiyyəti məşğul olur. “Özbəkneftqaz” dinamik inkişaf edərək ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verən müasir şirkətdir. Şirkətin fəaliyyətinin əsas istiqamətini əhalinin, eləcə də iqtisadiyyatın neft məhsulları ilə, təbii və maye qazla, polimerlərlə təminatı təşkil edir.

“Özbəkneftqaz”ın tərkibinə daxil olan 129 şirkət, müəssisə və təşkilatda 107 mindən çox yüksək ixtisaslı mütəxəssis çalışır. Hazırda “Özbəkneftqaz” dünyanın aparıcı neft-qaz şirkətləri ilə birgə bir sıra iri investisiya layihələri həyata keçirir. Prioritet geoloji-kəşfiyyat işlərinin genişləndirilməsi, innovasiyaların və səmərəli texnologiyaların tətbiqi, karbohidrogenlərin emalının dərinləşdirilməsi sayəsində yüksək keyfiyyətə nail olunması və nəticədə məhsulların bazarda geniş yer tutmasıdır.

Bu il sahə qarşısında mühüm vəzifələr qoyulmuş, qaz hasilatını 63 milyard kubmetrə, neft hasilatını 3 milyon tona çatdırmaq hədəf kimi müəyyənləşdirilmişdir. Bunun üçün 225 yeni quyunun qazılması, 76 mövcud quyunun təmir edilməsi və 26 yeni texnoloji obyektin tikilməsi qərara alınmışdır.

Neft və qaz yataqlarının işlənməsi, hasilat və emal “Uznefteqazdobıça” Səhmdar Cəmiyyətinin üzərinə düşür. Cəmiyyətin tərkibinə bir sıra neft və qaz hasilatı idarələri, sənaye kompleksləri daxildir.

Ölkənin karbohidrogen ehtiyatlarının üzə çıxarılmasında “Uzburnefteqaz” Səhmdar Cəmiyyəti artıq çoxdandır öz dəst-xətti ilə tanınıb. Bu şirkət geofiziki və geoloji-kəşfiyyat işləri aparan müəssisələrin fəaliyyətinə rəhbərlik edir, axtarış-kəşfiyyat və istismar quyularının qazılmasını həyata keçirir, sahəyə aid geniş tikinti-quraşdırma işləri görür. Cəmiyyətin tərkibində 9 qazma və tikinti müəssisəsi, 5 servis təşkilatı və digər strukturlar da var.

Özbəkistanın neft-qaz sənayesində “Uzbeknefteprodukt” Səhmdar Cəmiyyəti də əhəmiyyətli yer tutur. Bu müəssisə neftin və qaz kondensatının emalı, neft məhsullarının və maye qazın istehsalı ilə məşğul olur, ölkə iqtisadiyyatının ahəngdar işini təmin edir. Müəssisə eləcə də məhsulların satışını həyata keçirir, xarici investorlar cəlb edir, ölkənin ərazisində və xaricdə birgə istehsalat sahələri yaradır.

Özbəkistanın neft-qaz sənayesini “Uznefteqazmaş”sız təsəvvür etmək mümkün deyil. Burada neft-qazı hasil və emal edən sahələr üçün maşınqayırma avadanlıqları istehsal olunur. Səhmdar cəmiyyətin Əndican, Buxara, Ürgənc və Özbəkistanın bir sıra digər rayonlarında müəssisələri fəaliyyət göstərir.

“Uztransqaz” qazpaylayıcı şəbəkənin istismarı və inkişafı ilə məşğul olur, təbii qazın istehlakçılara çatdırılmasına rəhbərlik edir. Daha bir əhəmiyyətli müəssisə “Nefteqazeksport” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu müəssisə “Özbəkneftqaz”ın məhsullarının satışının konseptual əsaslarını işləyib hazırlayır, ixrac potensialının genişləndirilməsi sahəsində mühüm işlər aparır, xarici bazara çıxış istiqamətində agent kimi fəaliyyət göstərir.

Özbəkistanın neft-qaz sənayesinin mütəxəssisləri azərbaycanlı həmkarlarına böyük hörmətlə yanaşır, onların bu sahədəki təcrübəsini yüksək qiymətləndirirlər. “Özbəknetqaz”ın Azərbaycanda keçirilməsi artıq ənənə halını almış Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində dəfələrlə iştirak etməsi bunu bir daha təsdiqləyir. Özbəkistanın sözügedən şirkəti bu yaxınlarda öz işini tamamlamış 25-ci yubiley sərgisinin də fəal iştirakçısı idi. Burada özbək mütəxəssisləri Azərbaycanın və bir sıra digər ölkələrin neft-qaz işçiləri ilə sıx təmasda oldular, işgüzar söhbətlər apararaq gələcək uğurlu əməkdaşlığın, tərəfdaşlığın konturlarını müəyyənləşdirdilər.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 15 iyun.- S.15.