Azərbaycan ilə Vyetnam arasında bütün sahələrdə əməkdaşlığının inkişafına önəm verilir

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 20-də Vyetnamın sənaye və ticarət naziri, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Tran Tuan Anhın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Azərbaycan ilə Vyetnam arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bunun ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayan Novruz Məmmədov bildirib ki, Azərbaycan ilə Vyetnam arasında bütün sahələrdə əməkdaşlığın inkişafına önəm verilir.

Prezident İlham Əliyevin Vyetnama səfərini xatırladan Baş nazir vurğulayıb ki, həmin səfər zamanı Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edərkən energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, bu sahənin inkişafı üçün yaxşı imkanların mövcudluğu vurğulanıb. Son illər Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb.

Vyetnamın sənaye və ticarət naziri, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Tran Tuan Anhın Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Bakıda keçirilən Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının ikinci iclası barədə Baş nazirə ətraflı məlumat verən Tran Tuan Anh regionun lider dövləti olan Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin ölkəsi üçün maraq doğurduğunu vurğulayıb. Qonaq kənd təsərrüfatı, ərzaq məhsulları, elm, təhsil, energetika, idman, investisiya qoyuluşu, turizm və digər sahələrdə əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.- 21 iyun.- S.1.