Əsas hədəf işğal olunmuş
torpaqları azad etmək və qaçqın düşən
vətəndaşları öz
yurd-yuvalarına qaytarmaqdır
İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Günü
ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirin iştirakçıları əvvəlcə qaçqın və məcburi köçkünlərin həyatından bəhs edən fotosərgiyə baxıblar. Sonra mövzu ilə bağlı tamaşa nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angelis hazırda dünyada mövcud olan qaçqın və məcburi köçkün probleminə toxunaraq bildirib ki, təmsil etdiyi qurum könüllü yardımlar vasitəsilə bütün dünyada qaçqınlara kömək göstərir. Qeyd edib ki, bu il dünyada öz yurd-yuvalarından didərgin düşən insanların sayı ən yüksək həddə çatıb. Bu, bizi problemi yaradan səbəblər barədə dərindən düşünməyə vadar edir. Məsələnin həlli üçün bütün dövlətlər və aidiyyəti təşkilatlar birgə səy göstərməlidirlər. Azərbaycan qaçqın və məcburi köçkün məsələsinin həlli istiqamətində böyük səylər göstərir. Azərbaycan dünyadakı qaçqın probleminin həllinə töhfə vermək üçün böyük imkanlara malikdir. Azərbaycan öz ölkələrindən qaçan və buraya sığınan insanlara himayə göstərmək imkanlarına malik bir dövlətdir və bu imkanlarından geniş şəkildə istifadə edir. Furio De Angelis Azərbaycan xalqını və dövlətini Cocuq Mərcanlıya böyük qayıdışa görə təbrik edib.
Sonra BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandinin videomüraciəti olub.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək bildirib ki, 30 il bundan əvvəl ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi bu gün bütün dünyanı narahat edir. Bu gün dünyada 68 milyondan çox qaçqın və məcburi köçkün var. Bütün dünyanı ən çox narahat edən bu problemin həlli olmalıdır. Bütün dünyada olan qaçqın problemi Azərbaycandakı vəziyyətdən daha yüngüldür. Azərbaycanda bu problem daha acınacaqlıdır. Bu gün dünyada dövlətlər, siyasətçilər bu problemin həlli üçün səy göstərirlər. Ayrı-ayrı ölkələr bununla bağlı yardımlar ayırırlar. Ancaq görünür dünyada ədalət pozulub və qaçqın və məcburi köçkün problemi yaranıb. Əgər ədalət pozulmasaydı, bu problem bu qədər acınacaqlı olmazdı. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşəndən sonra başa düşmək lazım idi ki, bu, bir ölkə ilə yekunlaşmayacaq. Lazımi diqqətin olmaması səbəbindən vaxtilə Azərbaycanı çətin vəziyyətə salan bu problem indi bütün dünyanı silkələyir. Bu gün bu problemi yaradan səbəblər araşdırılmalı, məsələnin həlli istiqamətində birgə səylər göstərilməlidir. Azərbaycan dövlətinin böyük səyləri nəticəsində bu gün ölkəmizdə qaçqınların və məcburi köçkünlərin sosial vəziyyəti xeyli yaxşılaşıb. Lakin hələ də onlar öz yurd-yuvalarına qayıtmayıblar. Düşünürəm ki, Azərbaycanın haqq səsini vaxtilə eşitməyənlər bu gün bizim çağırışımızı dinləyəcəklər. Bizim hədəfimiz işğal olunmuş torpaqlarımızı azad etmək və qaçqın düşən vətəndaşlarımızı öz yurd-yuvalarına qaytarmaqdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd bu problemin nə qədər vacib olduğunu bir daha diqqətə çatdırmaqdır. Azərbaycanda qaçqın və məcburi köçkün problemi ilə bağlı əsaslı işlər görülür. Lakin bu problem bütün dünyada böyük narahatlıq yaradır. Aidiyyəti təşkilatlar qaçqın və məcburi köçkün probleminin həlli ilə bağlı birgə çalışmalıdırlar.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında bildirib ki, statistikaya baxdıqda görünür ki, bu məsələ həqiqətən də qlobal problemdir və ciddi yanaşma tələb edir. Biz bu problemin getdikcə dərinləşdiyini görürük. Buna görə yeni işlər görmək lazımdır. Böyük dövlətlər ikili standartları və məsələyə laqeydliyi aradan qaldırmalıdırlar. Azərbaycan bu məsələdə bir nümunədir. Lakin məsələ təkcə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması ilə bitmir. Bu insanlar öz doğma torpaqlarına qayıtmalıdırlar.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycan.- 2018.-21 iyun.- S.2.