Azərbaycan Qarabağa nəzarəti
genişləndirir və gücləndirir
İşğal edilmiş torpaqlarda strateji yüksəkliklər,
yollar və hərbi təyinatlı ərazilər ard-arda
Silahlı Qüvvələrimiz tərəfindən geri
qaytarılır
Azərbaycan Ordusu qısamüddətli hərbi əməliyyatla Şərur rayonu istiqamətində 11 min hektar torpaq sahəsini və Günnüt kəndini işğalçılardan azad etməklə düşmənə yenidən öz gücünü göstərdi.
Digər strateji əhəmiyyətli yüksəklikləri də ələ keçirməklə ordumuz indi Yerevan-Gorus-Laçın yoluna tam nəzarət edir. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır. Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Bununla Azərbaycan dünyaya sübut edir ki, biz öz tarixi torpaqlarımızı mütləq geri qaytaracağıq. Belə vəziyyət isə erməniləri daha çox qorxudur.
Laçın yolu artıq nəzarətdədir
İşğalçı ölkə növbəti ağır məğlubiyyətinə müxtəlif bəhanələrlə bəraət qazandırmaq istəyir. Amma erməni cəmiyyəti, hadisələri ayıq başla qiymətləndirən ermənilər sarsıdıcı məğlubiyyətlərini görür, etiraf edirlər. Xatırlatmaq yerinə düşərdi ki, Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun bu istiqamətdə daha əlverişli mövqelərə sahib olmasına imkan verib. Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olunub. Ən vacibi Laçın yolu nəzarətə götürülüb.
İşğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər. Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.
Əsgər
payı ilə varlanan cinayətkar rejim
Bütün bunlar həm də
işğalçı ölkənin daxilində çəkişmələrin
geniş vüsət aldığı bir vaxta təsadüf
edir. Belə ki, Ermənistanın müdafiə nazirinin
keçmiş müavini, parlamentin deputatı, Qarabağda qəddarlığı
ilə tanınan Manvel Qriqoryan ətrafında baş verənlər
Ermənistanda vəziyyətin getdikcə daha gərgin xarakter
almaqda olduğunu göstərir. Onun
ifşa olunan cinayətləri ermənilərin özlərində
də heyrət doğurub. Azərbaycanlıların
qanına susayıb onları gülləbaran edən bu adam öz əsgərlərinin də malına
susayıb onlara ayrılan azuqələri mənimsəyib,
bazarda satdıraraq özü üçün milyonlar əldə
edib. Ermənistanda hamı bilir ki, Serj
Sarkisyanın komandasında cinayət törətməyən
məmur yoxdur. Çünki onun idarəetmə
sistemi bütünlüklə korrupsiyalaşmış dəstədən
ibarət idi.
Böyük vədlərlə
hakimiyyətə gələn baş nazir Paşinyan isə
ölkəni böhrandan qurtarmaq iqtidarında deyil. Siyasi
savadı və dünyagörüşü ona imkan vermir ki,
ölkəni acınacaqlı vəziyyətdən
çıxarmağın həqiqi yollarını,
iqtisadi-siyasi problemlərin həllini tapsın. Buna
görə də köhnələrin iç üzünü
açmaqla cəmiyyəti ələ almağı
düşünür. Lakin bununla əksinqilab
havasını gücləndirir.
Erməni
generalları heyvanları insanlardan üstün tuturlar
Məlumat üçün
bildirək ki, Yerevan məhkəməsi artıq qanunsuz silah
saxlamaqda və başqasının əmlakını mənimsəməkdə
ittiham olunan Manvel Qriqoryanı həbs edib. Ermənistan
parlamenti də deputat Qriqoryana qarşı cinayət təqibinə
başlamağa icazə verib.
Qeyd edək ki, bu günlərdə
Ermənistan Milli Təhlükəsizlik Xidməti Manvel
Qriqoryanın malikanəsində aparılmış
axtarışa dair maraqlı videokadrlar yayıb. Burada
Qriqoryanın 2016-cı ilin aprel döyüşləri
zamanı Qarabağda erməni əsgərlərinə
göndərilən ərzaq yardımlarını, o cümlədən
Rusiya ermənilərinin göndərdiyi avtomobil texnikasını
da talayıb anbarlarına yığdığı əks
olunur. Milli Təhlükəsizlik Xidməti
bildirir ki, general istirahət zonasını silah anbarına,
onlarla retro və müasir avtomobilin, çoxsaylı motosikllərin,
qarda özüyeriyən maşınların, Qarabağa
göndərilmək üçün nəzərdə tutulan
UAZ və təcili yardım avtomobillərinin qarajına
çevirib. Axtarış zamanı
M.Qriqoryanın malikanəsinin anbarlarından əsgər
paylarının qablaşdırıldığı
çoxsaylı qutular tapılıb. Qutuların
içərisinə qoyulan məktublardan bəlli olur ki,
onları 2016-cı ilin aprel döyüşləri zamanı
erməni məktəbliləri toplayıb və Qarabağa
göndərmək üçün onun
başçılıq etdiyi “Yerkrapa” könüllülər
birliyinə təhvil veriblər. Lakin
general bu əsgər paylarını anbarlarına
yığıb və onları şəxsi
zooparkındakı yırtıcılara - ayılara, pələnglərə
yedirdirmiş. Yəni heyvanları
insanlardan üstün tuturmuş.
Tank əleyhinə
minalar, əl qumbaraları, pulemyotlar oğurlanıb
Bağlamaların içərisindən
əsgərlər üçün nəzərdə tutulan
mal əti konservləri, qatılaşdırılmış
süd, makaron, vermişel, tomat pastası, gigiyena vasitələri
çıxıb. Qriqoryanın anbarlarından Müdafiə
Nazirliyinin hazırladığı və satış
üçün nəzərdə tutulmayan əsgər
payları da tapılıb. Manvelin Arşaluys kəndindəki
istirahət məkanından 18 tank əleyhinə mina, onlarla əl
qumbarası, on minlərlə pulemyot və avtomat patronu,
çoxsaylı qumbaraatan və onlara aid sursat, müxtəlif
markalı 39 pistolet, snayper tüfəngləri, müxtəlif
tipli karabinlər və digər silah-sursat tapılıb.
Ermənistanın baş naziri Nikol
Paşinyan da məsələyə münasibət bildirib: “Əsaslı
şübhələr var ki, Qriqoryan həm Qarabağ əhalisi,
həm erməni ordusu üçün nəzərdə
tutulmuş humanitar yardımları mənimsəyib. Manvel Qriqoryanın evində və ona məxsus ərazilərdə
aparılmış axtarışlar bu şübhələri
təsdiqləyir”. Onun sözlərinə
görə, ciddi şübhələr var ki, Manvel ordu
üçün nəzərdə tutulmuş texnikanı, əsasən
maşınları da mənimsəyib.
Oğurlanan əsgər
paylarının bir hissəsi Qarabağda gizlədilib
Qriqoryanın “Əsgər
payı” adlı ət konserv bankalarının bir hissəsini
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ
bölgəsində gizlətdiyi məlum olub. Ermənistanın Xüsusi
İstintaq Xidmətinin mətbuat katibliyi bəyan edib ki, iyunun
20-də Dağlıq Qarabağda Qriqoryanın zəbt etdiyi
“Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat
tədbiri keçirilib. Əməliyyat nəticəsində
həmin yerdən ət konserv bankaları ilə
yanaşı, satış üçün nəzərdə
tutulmayan başqa ərzaq məhsulları və mallar
aşkarlanıb.
Manvel Qriqoryanın həyat
yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə
tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə
cəhd edib. Bildirilir ki, polis konservi avtomobildə axtarış
aparan zaman aşkarlayıb. Avtomobildən
“Satış üçün deyil, əsgər yeməyidir”
yazılmış bankalar götürülüb. Həmin yük avtomobilinin sürücüsü də
tutulub. Məlum olub ki, içərisində 2980 banka olan yük avtomobili keçmiş nazir
müavininin həyat yoldaşı Nazik Amiryanın
tapşırığı əsasında hərəkət
edirmiş.
“Tuşonka” Manvel
Ermənistan parlamentinin üzvü
Seyran Saroyan bildirir ki, əsgərdən oğurluq edən cəzalanacaq,
prokuror tərəfindən olmasa da, Allah tərəfindən...
Onun sözlərinə görə, generalın malikanəsindən
silah tapılmasını birtəhər başa düşə
bilər, amma əsgərlər üçün nəzərdə
tutulmuş ərzağın aşkarlanmasını izah edə
bilmir: “Qəhrəmandan “tuşonka” oğrusuna qədər necə
enmək olardı axı? Nəyi
çatışmırdı ki?” Qriqoryanın öz
adını təmizə çıxaracağı ilə
bağlı dediyi sözləri şərh edərkən
Saroyan deyib ki, bu barədə danışmaq mənasızdır:
“Hansı ad? Nə deyə bilər? Bu məktublara necə cavab verə bilər? Heç bir şərəfdən söhbət belə
gedə bilməz”.
Erməni ekspert Yuri Manvelyan qeyd edir
ki, Qriqoryan karyerasını müharibədə qurub: “Və
onun bütün sərvətləri, zənginliyi Qarabağda,
müharibə gedən ərazilərdə törətdiyi qarətlərdən
qaynaqlanır”. Qeyd edək ki, Qriqoryan Xocalı
soyqırımının törədilməsi, Füzuli və
Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı
sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə
işgəncələrin verilməsi, kütləvi qətlə
yetirilməsi, həmçinin, mülki şəxslərin
girov götürülməsi, işgəncələrə məruz
qoyulması və öldürülməsi kimi
çoxsaylı hərbi cinayətlərin törədilməsində
iştirak edib. Hələ 2014-cü ilin noyabrında
“Azadlıq” radiosunun erməni bürosuna verdiyi müsahibəsində
o, Qarabağ döyüşlərindən yüzlərlə
azərbaycanlı girovla geri qayıtdığını və
hətta onları şəxsi evində işlətdiyini
açıq şəkildə və “fəxrlə” bəyan
etmişdi.
Bu etirafına görə hətta
erməni hüquq müdafiəçiləri tərəfindən
tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə
konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə
Cenevrə konvensiyaları filan tanımadığını bəyan
etmişdi. Ermənistanın milli “qəhrəmanı” olan bu
şəxs bu kimi açıqlamalarından sonra da Ermənistanın
Respublika partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini
davam etdirmişdi.
Qarət və
varlanmaq naminə müharibə aparanlar
Qeyd edək ki, Azərbaycanın
müdafiə naziri Zakir Həsənov bildirib ki, Azərbaycan ərazilərində
hərbi cinayətlər törətmiş Manvel Qriqoryanın
Qarabağa əsgərlərə göndərilmək
üçün məktəblilərin topladıqları ərzağı
daşıyıb öz evinə yığmasını
görəndə bundan təəccüblənməyib: “Mən
bu rüsvayçılığı izlədim. Qarabağda azərbaycanlı qadınlara,
uşaqlara, qocalara qarşı xüsusi vəhşiliyi ilə
ad çıxarmış birindən başqa nə gözləyirdiniz?
Hərbçi kimi mən gördüklərimdən heyrətə
gəldim: əsgərlərə göndərilmək
üçün məktəblilərin topladığı ərzaq
bağlamaları, onların içərisindən tapılan və
uşaqların yazdığı məktublar - bunlara necə
izah vermək olar? O, insan deyil, mən ona insan deməzdim. Bu adamın Qarabağda hansı vəhşiliklər
törətdiyi bizə yaxşı məlumdur, indi erməni
xalqı ondan başqa nə gözləyirdi ki? Manvel və onun kimiləri qəhrəman deyil, onlar
erməni xalqının bədbəxtliyinin
baiskarlarıdır. Bu adamlar müharibəni
də qarət naminə, varlanmaq naminə aparıblar”.
Belə bir gərgin ictimai-siyasi və
iqtisadi fonda Paşinyanın Sarkisyanın
silahdaşlarını həbsə atdırması
parçalanmış erməni cəmiyyətində ziddiyyətləri
daha da dərinləşdirəcək. Bu isə ölkəni
yeni qarşıdurmaya sürükləyir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2018.-22 iyun.- S.1; 4.