Azərbaycan-Əlcəzair əlaqələrinin inkişafı üçün yaxşı imkanlar var

 

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 21-də Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Əlcəzair arasında yaxşı əlaqələrin mövcud olduğunu deyən Baş nazir Novruz Məmmədov bu səfərin münasibətlərimizin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Novruz Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın Baş naziri iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən energetika, turizm, sənaye və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğunu bildirib.

Hüquqi sahədə inkişaf edən münasibətlərimizdən danışan Baş nazir Azərbaycanın və Əlcəzairin Ədliyyə nazirlikləri arasında ötən il imzalanmış Anlaşma Memorandumunun qarşılıqlı fəaliyyətin genişləndirilməsinə yaxşı imkan yaratdığını söyləyib. Novruz Məmmədov Əlcəzair nümayəndə heyətinin bu səfəri çərçivəsində iyunun 21-də imzalanmış ekstradisiya haqqında dövlətlərarası müqavilənin ölkələrimiz arasında hüquqi bazanın möhkəmlənməsi baxımından önəmini qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazir Novruz Məmmədov deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsi böyük önəm kəsb edir.

Əlcəzairin ədliyyə naziri Tayeb Louh Bakıya səfərindən məmnunluğunu ifadə edib, göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, Azərbaycanda uğurla keçirilən prezident seçkilərinə və dövlətimizin başçısı İlham Əliyevin seçkilərdə qazandığı inamlı qələbəyə görə təbriklərini çatdırıb.

Tayeb Louh Əlcəzair nümayəndə heyətinin Azərbaycana səfərinin və imzalanmış müqavilənin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Görüşdə əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.- 22 iyun.- S.1.