Milli Məclisdə
Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının
iştirakçıları ilə görüş
keçirilib
İyunun 21-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Ombudsmanların
XV Bakı Beynəlxalq
Konfransının iştirakçıları
ilə görüşüb.
AZƏRTAC xəbər verir ki,
görüşdə Türkiyənin baş ombudsmanı,
Rusiya Federasiyasının Dağıstan və Tatarıstan
respublikalarının, həmçinin Moskva şəhərinin,
Bolqarıstanın, Gürcüstanın, Pakistanın,
Rumıniyanın, Əfqanıstanın, Makedoniya
Respublikasının və Serbiyanın insan hüquqları
üzrə müvəkkilləri, Ombudsman aparatlarının rəhbərləri
iştirak ediblər.
Hər il ölkəmizdə
Ombudsmanların Bakı Beynəlxalq Konfransının
keçirildiyini deyən Ziyafət Əsgərov bildirib ki,
builki konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan
Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin
anadan olmasının 95 və Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70
illiyi kimi mühüm hadisələrlə üst-üstə
düşür.
Milli Məclis sədrinin
birinci müavini qeyd edib ki, Azərbaycanda insan
hüquqlarının qorunması və onların icra mexanizmlərinə
xüsusi diqqət yetirilir. Azərbaycan dövlət
müstəqilliyini elan etdikdən sonra bir sıra beynəlxalq
təşkilatların tamhüquqlu üzvü olub. Azərbaycan insan hüquqları ilə bağlı
öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət
verir. 1995-ci ildə Azərbaycanın ilk
milli Konstitusiyası qəbul edildi. Bu
Konstitusiyanın üçdəikisi insan hüquqlarına həsr
olunub. Eyni zamanda, insan
hüquqlarının reallaşdırılması mexanizminin
daha da təkmilləşdirilməsi ilə bağlı
Ombudsman İnstitutu təsis edilib. Həmçinin
müvafiq dövlət proqramları, qanunlar qəbul olunub.
Ziyafət Əsgərov
hüquq bərabərliyinin hazırda bütün dünyada
çox vacib məsələlərdən biri olduğunu
deyib. Qeyd edib ki, hələ 1918-ci ildə Azərbaycanda
demokratik cümhuriyyət qurulanda ilk olaraq hüquq bərabərliyi
əsas amil, prinsip kimi götürülüb, qadınlarla
kişilərə bərabər hüquqlar verilib.
Azərbaycanda “Gender bərabərliyi
haqqında” Qanunun qəbul edildiyini söyləyən Milli Məclis
sədrinin birinci müavini diqqətə çatdırıb
ki, ölkəmizdə irqindən, dini mənsubiyyətindən,
cinsindən asılı olmayaraq bütün vətəndaşlara
bərabər münasibət sərgilənir. İstər
parlamentdə, istər dövlət idarəetməsində,
istərsə də bələdiyyələrdə
qadınların iştirak çəkisi artmaqdadır.
Görüşdə
qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə də məlumat verilib.
Ziyafət Əsgərov, həmçinin
konfrans iştirakçılarına Azərbaycan parlamentinin
yaranma tarixindən və fəaliyyətindən
danışıb.
Görüşdə
iştirak edən Azərbaycanın insan hüquqları
üzrə müvəkkili Elmira Süleymanova Ombudsman
İnstitutunun Milli Məclislə sıx əməkdaşlığından
bəhs edib.
O, Azərbaycan parlamentinin Ombudsman təsisatına dəstəyi
barədə məlumat verib.
Sonda qonaqların sualları
cavablandırılıb.
AZƏRTAC
Azərbaycan.-
2018.-22 iyun.- S.2.