Azərbaycanın xarici işlər naziri Minskdə belaruslu həmkarı ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minskdə keçirilən Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin iclasında iştirakı çərçivəsində iyunun 21-də belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Elmar Məmmədyarov səfər əsnasında ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Nazirlər bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq ötən illər ərzində Azərbaycan ilə Belarus arasında qarşılıqlı anlaşmayaetimada əsaslanan dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu məmnunluqla vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli dialoq təqdir edilib, dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olunub, qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Nazirlər, həmçinin beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2018.-22 iyun.- S.3.