Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin məzunlarının növbəti buraxılışı olub

 

İyunun 21-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, yüksək rütbəli zabitləri, Ali Hərbi Məktəbin, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi məktəbin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə gənc zabitləri, onların valideynlərini təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq, bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır olduğunu bildirən müdafiə naziri məzunlara ölkəmizin gələcəyi, ordumuzun, dövlətimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar diləyib.

Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.

Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.

Sonda kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

 

Azərbaycan.- 2018.-22 iyun.- S.4.