İlham
Əliyev: "Avrasiya üçün
qlobal önəm daşıyan "Cənub
qaz dəhlizi"Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 22-də Asiya İnkişaf
Bankının (AİB) İcraçı Direktorlar
Şurasının üzvü Kşatrapati Şivajinin
başçılığı ilə bankın Direktorlar
Şurasının üzvlərindən ibarət nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı 2015-ci ildə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının ölkəmizdə uğurla keçirildiyini və böyük önəm daşıdığını məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq bankın ölkəmizdə müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışdı. Qeyd etdi ki, Azərbaycan “İnklüziv inkişaf indeksi”ndə 2018-ci ildə inkişaf etməkdə olan ölkələr arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdədir. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik hesabatı üzrə isə Azərbaycanın dünyada 35-ci, MDB ölkələri üzrə 1-ci yerdə olduğunu vurğuladı.
Ölkəmizin tranzit imkanlarına toxunan dövlətimizin başçısı nəqliyyat sektorunda irimiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində Azərbaycanın tranzit potensialının daha da artdığını, dəmir yollarının modernləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq Bakı-Tbilisi-Qars dəmir yolunun və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyətini qeyd etdi.
Asiya İnkişaf Bankının İcraçı Direktorlar Şurasının üzvü Kşatrapati Şivajin dövlətimizin başçısını prezident seçkilərində qələbə qazanması münasibətilə təbik etdi. O, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edərək Cənub Qaz Dəhlizinin reallaşmasını bu əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirdi və bu dəhlizin çox mühüm layihə olduğunu vurğuladı. Qeyd etdi ki, dünyada həyata keçirilən bir çox layihələrdə əvvəlcədən nəzərdə tutulmuş maliyyələşmənin həcmi sonradan artdığı halda, Cənub Qaz Dəhlizinin icrasının gedişində isə əksinə, işlər səmərəli aparıldığından hətta əvvəlcədən nəzərdə tutulduğundan da az vəsait sərf olunub.
Kşatrapati Şivajin bildirdi ki, Azərbaycana səfərlərinin məqsədlərindən biri də ölkənin inkişaf ehtiyacları ilə daha yaxından tanış olmaq, bankın fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün strateji istiqamətləri müəyyən etməkdən ibarətdir. O, dünyada gedən maliyyə-iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasını, ölkədə qazanılan iqtisadi uğurları və həyata keçirilən islahatları yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev seçkilərdə qələbə qazanması münasibətilə təbriklərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin böyük hissəsinin icra olunduğunu vurğulayaraq, bu layihənin bütün Avrasiya uçun qlobal önəm daşıdığını dedi, “Cənub Qaz Dəhlizi” layihəsinə ilk dəstək verən beynəlxalq maliyyə qurumu kimi Asiya İnkişaf Bankının rolunu xüsusi qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, TANAP layihəsinin açılışının böyük əhəmiyyət daşıdığını dedi və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sahəsində genişmiqyaslı işlərin həyata keçirildiyini və ölkəmizin qarşısında böyük planların durduğunu dedi və bu istiqamətdə Asiya İnkişaf Bankı ilə gələcəkdə də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Söhbət zamanı məşğulluq strategiyası ilə bağlı məsələlər müzakirə edildi.
Görüşdə, həmçinin
bankın 2019-2023-cü illər üzrə strategiyası, Azərbaycan
ilə Asiya İnkişaf
Bankı arasında əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-
2018.- 23 iyun.- S.1.