Azərbaycan çox
mühüm qlobal
layihələr həyata keçirməklə regionun
nümunəvi ölkəsinə çevrilməkdədir
İyunun 22-də Azərbaycan
Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə
səfərdə olan ATƏT-ə üzv ölkələrin
daimi nümayəndələrindən ibarət nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki,
Baş nazir Novruz Məmmədov ATƏT-ə üzv ölkələrin
daimi nümayəndələri ilə görüşməkdən
məmnunluğunu bildirib. Hazırda beynəlxalq vəziyyətin
qeyri-sabit olmasının narahatlıq doğurduğunu deyən
Baş nazir vurğulayıb ki, belə görüşlər
qlobal vəziyyətlə bağlı proqnozlar barədə
müzakirələr aparmağa imkan verir. Azərbaycanın
müstəqilliyini bərpa etdikdən sonra ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə
sadiq qalaraq Avropa İttifaqı ilə sıx əməkdaşlıq
həyata keçirdiyini bildirən Novruz Məmmədov bu
münasibətlərin bariz nümunəsi kimi Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasındakı mühüm rolunu qeyd edib.
Görüşdə Azərbaycanın
Avropa və Asiyanı birləşdirən nəqliyyat
qovşağı kimi rolu da vurğulanıb. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə diqqəti
yönəldən Baş nazir Novruz Məmmədov problemin ədalətli
həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərinin
gücləndirilməsinin vacibliyini vurğulayıb.
ATƏT-ə üzv ölkələrin
daimi nümayəndələrindən ibarət heyətin rəhbəri,
Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronik
Roje Lekan səfər zamanı onlara göstərilən qonaqpərvərliyə
görə minnətdarlığını bildirib. Diplomat ATƏT-ə
üzv ölkələrə hər il belə səfərlərin
təşkil olunduğunu deyib.
Nümayəndə heyətinin
üzvləri bildiriblər ki, Azərbaycan gənc müstəqil
dövlət olsa da, çox mühüm qlobal layihələr
həyata keçirməklə regionun nümunəvi ölkəsinə
çevrilməkdədir.
Görüşdə, həmçinin
qarşılıqlı maraq doğuran məsələlər
müzakirə olunub.
AZƏRTAC
Azərbaycan.-
2018.-23 iyun.- S.2.