Azərbaycan həm ölkə
daxilində, həm də regionda sülhün, təhlükəsizliyin, sabitliyin təminatı üçün
çox böyük
addımlar atıb
İyunun 22-də ADA Universitetində CAMCA Regional Forumu
işə başlayıb.
AZƏRTAC xəbər
verir ki, CAMCA (Central Asia-Mongolia-Caucasus-Afghanistan)
Regional Forumunun tarixi və ADA Universitetində keçirilən bu tədbirdə müzakirə
olunacaq mövzular haqqında danışan Azərbaycan üzrə milli əlaqələndirici
və idarə heyətinin üzvü,
SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin
rəisi Emil Qasımlı
ölkəmizin həyata
keçirdiyi uğurlu
beynəlxalq layihələr
haqqında iştirakçılara
ətraflı məlumat
verib.
Mərkəzi Asiya-Qafqaz İnstitutunun tədqiqat məsələləri
üzrə direktoru Svante Kornell tədbirin əhəmiyyətini
qeyd edib.
Ramsfeld Fondunun icraçı direktoru Sarah Tonuçi burada müzakirə edilən məsələlərin
vacibliyini vurğulayıb,
iştirakçılara uğurlar
arzulayıb.
Mərkəzi Asiya-Qafqaz
İnstitutunun sədri
Frederik Star isə bildirib ki, bu
gün Azərbaycanın
evsahibliyi etdiyi forumun əhəmiyyəti
daha böyükdür.
Çünki bu gün forumda aparılan təhlillər gələcəyə
bir işıqdır.
ADA Universitetinin rektoru Hafiz Paşayev qonaqları salamlayaraq CAMCA
Regional Forumunun bu ali təhsil
ocağında keçirilməsindən
məmnunluğunu bildirib.
Rektor forumda səmərəli müzakirələrin
aparılacağına, iştirakçıların
Azərbaycanla yaxından
tanış olacaqlarına, ölkəmiz
haqqında daha çox məlumat əldə edəcəklərinə
əminliyini bildirib.
Hafiz Paşayev
forum iştirakçılarına ADA Universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verib. O, dünyanın 40-a yaxın ölkəsindən
tələbələrin universitetdə
təhsil aldığını
bildirib. Hafiz Paşayev
fürsətdən istifadə
edərək CAMCA Regional Forumunun
iştirakçılarını ADA Universiteti ilə sıx əməkdaşlığa
dəvət edib.
Qeyd edilib ki, CAMCA Forumu bölgə dövlətləri ilə
yanaşı, 20 müxtəlif
ölkənin hökumət
qurumlarının, biznes
sektorunun və elmi dairələrin yüksək səviyyəli
nümayəndələrini bir araya toplayıb. CAMCA Regional Forumu geniş Mərkəzi Asiya coğrafiyasında iqtisadi
artım və inkişaf məsələlərini
işıqlandıran müzakirə
platformasıdır.
Diqqətə çatdırılıb
ki, tədbir çərçivəsində bölgənin 10 ölkəsindən
yerli gənc peşəkarlar, beynəlxalq
ekspertlər və digər maraqlı tərəflər bir araya toplaşaraq müvafiq gündəm üzrə dialoq aparır, iqtisadi, siyasi və sosial inkişafa həm ölkə səviyyəsində, həm
də beynəlxalq səviyyədə intellektual
töhfə verirlər.
Bildirilib ki, CAMCA
Regional Forumu ABŞ-ın
Ramsfeld Fondu tərəfindən hər
ilin yazında və payızında elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının
məzunları üçün
şəbəkələşmə məqsədi daşıyır.
Təqaüd bölgə dövlətlərindən
bir qrup gənc peşəkar liderə ayrılaraq onları altı həftə ərzində
ABŞ-ın paytaxtı
Vaşinqtonda keçirilən
tədqiqat proqramına
dəvət edir.
Proqram iştirakçıları burada
Birləşmiş Ştatların
hökumət, qeyri-hökumət
və biznes dairələrinin aparıcı
nümayəndələri ilə
görüşlər keçirərək
Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə
məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə
genişləndirirlər. Proqramın nəticəsi kimi, iştirakçılar birgə
layihə üzərində
çalışırlar. 2008-ci ildən etibarən
təqaüd proqramında
Azərbaycandan 17 nəfər
iştirak edib. Bakı Forumunda Azərbaycan və digər ölkələrdən 120-yə yaxın CAMCA məzunu iştirak edir. Rektor azərbaycanlı gənclərin
bu platformada iştirakının təqdirəlayiq
olduğunu vurğulayıb.
Hafiz Paşayev
CAMCA Regional Forumunun təşkilatçılarına
və belə mötəbər şəxsləri
bir araya gətirən ABŞ-ın
Ramsfeld Fonduna təşəkkürünü bildirib və forum iştirakçılarına uğurlar
arzulayıb.
Forumda çıxış edən
Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov Ramsfeld Fondunun fəaliyyətini təqdir
etdiyini söyləyib. Baş nazir
deyib ki, bu fondun məqsədi
liderlər yetişdirməkdir.
Belə qurumlar dövlətlərarası
münasibətlərin formalaşmasında
böyük rol oynamalı, tənzimləmə
prosesində iştirak
etməlidir. Ramsfeld Fondu
kimi qurumlar daha fəal olmalıdır. Belə olsaydı
yəqin ki, beynəlxalq münasibətlər
indiki kimi gərgin olmazdı.
Baş nazir qeyd edib
ki, XX əsrin sonlarında Varşava Müqaviləsi Təşkilatı
və Sovetlər Birliyi dağılandan sonra çox gözəl münasibətlər
yarandı, ancaq bu da çox
çəkmədi. Yenidən problemlər
ortaya çıxdı,
lakin indiki qədər gərginliklər
yaşanmamışdı. Gərginliklərin səbəbləri
müxtəlif ola bilər. Bir sıra incə məsələlər var
ki, beynəlxalq arenada təmsil olunan böyük dövlətlər bunları
nəzərə almalıdırlar.
Novruz Məmmədov Azərbaycanın
dünyanın ən mürəkkəb, eyni zamanda, mühüm regionda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu
məkanda yerləşdiyini
vurğulayıb. Əlavə edib ki, Avrasiyanın mərkəzində
yerləşən Azərbaycan
iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Azərbaycan
Qərblə, Avropa ilə sıx əməkdaşlıq yolunu
seçib və bu günə qədər mövqeyini dəyişməyib, bu istiqamətdə də böyük layihələr
icra edib. Azərbaycan Şərq ilə Qərb arasında böyük İpək yolunu bərpa etmək üçün
20 ildən artıqdır
ki, müxtəlif tərəflərlə çalışır
və əməkdaşlıq
edir. Əlbəttə, Azərbaycana göstərilən
dəstək hər zaman yüksək səviyyədə olmayıb,
amma proseslər uğurla gedib. Azərbaycan İpək yolunun bərpası ilə Bakı və Avropanı dəmir yolu ilə birləşdirir.
Azərbaycan, həmçinin
“Şimal-Cənub nəqliyyat
dəhlizi”nin reallaşması üçün
çox mühüm addımlar atır. Ölkəmizin indiyə qədər
enerji sahəsində uğurlu layihələr həyata keçirdiyini deyən Novruz Məmmədov bunu həm də sabitliyin, təhlükəsizliyin
təminatı adlandırıb.
Baş nazir enerji sahəsində
nailiyyətlərimizin davam
etdiyini vurğulayaraq
TANAP və TAP kimi irimiqyaslı layihələri
misal göstərib.
Baş nazir diqqətə çatdırıb ki, Azərbaycan ötən illər ərzində həm ölkə daxilində, həm də regionda sülhün, təhlükəsizliyin,
sabitliyin təminatı
üçün çox
böyük addımlar
atıb. Ölkəmiz dünyada sivilizasiyalararası
dialoq istiqamətində
prosesə çevrilmiş
beynəlxalq tədbir
keçirir. Azərbaycan dinlərarası
dialoqda anlaşmaya da öz töhfəsini
verir. Biz may ayında
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini
qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl
Şərqdə ilk demokratik
respublika qurub, qadınlara səsvermə
hüququ verib. XIX əsrdə Azərbaycan
ədibləri, məsələn,
İsmayıl bəy Qutqaşınlı fransız
dilində əsər
yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür.
Ancaq təəssüf ki, Azərbaycana münasibətdə
bu ədaləti görə bilmirik. Azərbaycana
müəyyən dəstək
verilib, ancaq bu dəstək yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq bir milyondan
çox azərbaycanlının
qaçqın və məcburi köçkün
vəziyyətinə düşməsi
ilə bağlı bir fundamental yazı görmək olmur. Azərbaycan ərazilərinin işğalı
ilə bağlı
BMT Təhlükəsizlik Şurasının
qətnamələri olsa
da, bugünə qədər məsələyə
dair normal münasibət
ortaya qoyulmayıb.
Ədalət adlı anlayış
beynəlxalq münasibətlərdə,
demək olar ki, yoxdur. Böyük dövlətlərin rəhbərləri
çıxışlarında, yazılarında beynəlxalq
hüquqdan, ədalətdən
söz açmırlar.
Azərbaycan 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli
mövqe gözləyir.
Ədalət olmayanda isə
yanaşma da düzgün olmur və dünyada belə vəziyyət yaranır, gərginliklər
davam edir.
Forum işini
panel iclaslarla davam etdirib. Panel iclaslarda müxtəlif ölkələrin
nümayəndələrinin məruzələri dinlənilib,
maraqlı ideyalar, təkliflər səsləndirilib,
çoxsaylı suallar
cavablandırılıb.
Tədbir iyunun 23-də başa çatacaq.
Xatırladaq ki, bundan əvvəl
CAMCA forumları 2014-cü ildə
Astanada, 2015-ci ildə
Ulan-Batorda, 2016-cı ildə
Tbilisidə, 2017-ci ildə
isə Düşənbədə
təşkil edilib.
Azərbaycan.- 2018.- 23 iyun.- S.2.