Elmar Məmmədyarov:
“İşğal faktının davam
etməsi regional sülh
və təhlükəsizliyə ciddi təhdid
yaradır”
Azərbaycan Respublikasının
xarici işlər naziri Elmar Məmmədyarov iyunun 22-də
Belarusun paytaxtı Minskdə Şərq Tərəfdaşlığı
ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi
görüşündə çıxış edib.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a verilən məlumata görə,
nazir çıxışında Avropa İttifaqı (Aİ)
ilə Azərbaycan arasında əlaqələrin
inkişafı və Şərq Tərəfdaşlığı
proqramı çərçivəsində əməkdaşlıq
məsələlərinə toxunub. O qeyd edib ki, 2017-ci il
Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin
inkişafında dönüş ili olub. O, bu xüsusda Azərbaycan
Prezidenti İlham Əliyevin Brüsselə səfərini
xatırladıb, Avropa İttifaqı ilə Azərbaycan
arasında strateji tərəfdaşlığa dair saziş
üzrə danışıqların
başladığını bildirib.
Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı
proqramı çərçivəsində uzlaşma, nəqliyyat,
enerji və İKT sahələrində əməkdaşlıq
məsələlərinə də toxunub. Nazir
Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin
nəqliyyat və uzlaşma sahəsində Aİ ilə əməkdaşlıq
kontekstində mühüm imkanlar yaratdığını
deyib. O, həmçinin Cənub Qaz Dəhlizinin
açılış mərasiminin keçirildiyini, TANAP layihəsinin
artıq başa çatdığını, TAP layihəsi
üzrə işlərin isə qrafikə uyğun getdiyini
bildirib. Nazir Cənub Qaz Dəhlizinin enerji sahəsində əməkdaşlıq
üçün geniş imkanlar açdığını
diqqətə çatdırıb.
Xarici işlər naziri Aİ ilə
Azərbaycan arasında vizaların
liberallaşdırılması məsələsindən
danışaraq tərəflər arasında bu sahədə də
əməkdaşlıq perspektivlərinin olduğunu
vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi real təhlükəsizlik təhdidlərinin Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirdiyini vurğulayan nazir deyib ki, işğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Ermənistanın xarici işlər naziri sülhdən danışırsa, o zaman Ermənistan təhlükəsizliklə də bağlı öhdəlik daşımalı və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Dağlıq Qarabağ münaqişəsi kimi real təhdidlər Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığa ciddi xələl gətirir.
Nazir bildirib ki, Azərbaycan Aİ ilə əlaqələrə, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində insanlar arasında təmaslara xüsusi diqqət yetirir. Bu xüsusda o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında əlaqələrin təşviq edilməsinin vacibliyini vurğulayıb, vaxtilə bu kimi uğurlu layihələrin həyata keçirildiyini deyib.
E.Məmmədyarov Azərbaycan
ilə Aİ arasında Şərq Tərəfdaşlığı
çərçivəsində bundan sonra da əlaqələrin
inkişaf edəcəyini diqqətə
çatdırıb.
Azərbaycan.-
2018.-23 iyun.- S.2.