Vətəndaş cəmiyyəti quruculuğu
ölkəmizin inkişafının əsas şərtlərindən
biridir
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirdə çıxış edərək rəhbərlik etdiyi qurumun dövlət və QHT-lər arasında körpü rolu oynadığını bildirib. O diqqətə çatdırıb ki, Şuranı təsis etməklə Prezident İlham Əliyev dövlət-QHT münasibətlərinin yeni müstəviyə keçməsi üçün şərait yaratdı, qeyri-hökumət təşkilatlarına etimad mühitini gücləndirdi.
Azay Quliyev deyib ki, belə bir qurumun yaradılması ilə Azərbaycanda milli donorluq institutu formalaşdı. Şura yaranana qədər ölkədə milli donorluq institutu yox idi, Azərbaycan həqiqətlərinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, qaçqın və məcburi köçkünlər probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində layihələrə heç kim donorluq etmirdi. Xarici təşkilatlar heç bir halda bizə dəstək vermirdilər. Ancaq Şura yarandıqdan sonra vəziyyət dəyişdi və bu istiqamətdə çoxlu layihələr həyata keçirilməyə başlandı. Şuranın yaranması ilə QHT-ləri ümummilli problemlərin həlli istiqamətində səfərbər etmək mümkün oldu. Şura Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına beynəlxalq miqyasda ədalətli qiymətin verilməsi istiqamətində xeyli işlər görüb və görür.
Şura sədri Heydər Əliyev Fondunun fəaliyyətinin QHT sektoru üçün nümunə olduğunu vurğulayıb. “Biz görülən bütün işlərə görə Prezident İlham Əliyevə təşəkkür edirik və bildiririk ki, Şura bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək”, - deyə A.Quliyev bildirib.
Sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti ilə bağlı videotəqdimat olub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək deyib ki, ötən 10 il ərzində QHT-lərə Dövlət Dəstəyi Şurası böyük işlər görüb və onun fəaliyyəti qənaətbəxş hesab olunmalıdır.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildə qəbul edilən Konstitusiyamızda vətəndaş cəmiyyətinin inkişafı, azad fəaliyyət üçün bütün şərtlər öz əksini tapıb. Həmin vaxtdan etibarən Azərbaycanda bütün seçkilər demokratik və şəffaf şəkildə keçirilib, ölkəmizdə azad media formalaşıb. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının şəffaf fəaliyyətini müşahidə edirik.
Əli Həsənov deyib ki, 1998-ci ildə “Qrant haqqında” Qanun qəbul olunana qədər QHT-lərin maliyyələşməsi ilə bağlı mübahisələr gedirdi. Həmin dövrdə ən fəal insanlar QHT yaradaraq fəaliyyət göstərməyə başladı. Biz bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə öyünürük. Həm Azərbaycan dövlətinin, həm də xarici donorların ayırdıqları qrantlar bu gün şəffaf şəkildə məqsədə uyğun istifadə edilir. Bu gün Azərbaycanda QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb. Ölkəmizdə 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT-lərə Dövlət Dəstəyi Şurası isə ötən 10 il ərzində qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Onlar Azərbaycanın fəal vətəndaşlarıdır və dövlətimizi xarici təhlükələrdən elə dövlətin özü qədər qoruyurlar. Onlar Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarının fəal təbliğatçılarıdırlar. Təəssüf ki, xarici dairələrin təsirinə düşərək Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı istifadə edilən QHT-lərin də şahidi olmuşuq. Ancaq sevindirici haldır ki, QHT-lərin böyük əksəriyyəti Azərbaycanın maraqlarını qoruyur, dövlətçiliyimizi təbliğ edir.
Prezidentin köməkçisi dövlətimizin başçısı İlham Əliyevin vətəndaş cəmiyyəti quruculuğunu ölkəmizin inkişafının əsas şərtlərindən biri hesab etdiyini vurğulayıb.
Milli Məclisin sədr müavini Bahar Muradova QHT-lərə Dövlət Dəstəyi Şurasının qazandığı uğurların Azərbaycan dövlətinin inkişafının göstəricisi olduğunu deyib. Qeyd edib ki, Azərbaycan dövləti faydalı təşəbbüsləri dərhal dəyərləndirir. Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb. Bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər.
Milli Məclis sədrinin müavini Şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini bildirib. O qeyd edib ki, Milli Məclis Şura ilə memorandum imzalayıb və səmərəli əməkdaşlıq edir. QHT sektoru ilə əlaqədar Şuranın təşəbbüsü ilə irəli sürülən qanun layihələri Milli Məclisdə qəbul olunub və bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Bu gün QHT-lər Azərbaycan xalqı və dövləti üçün, sözün həqiqi mənasında, məsuliyyət daşıyır.
Daha sonra çıxış edən BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi və İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. O, BMT-nin bu istiqamətdə Azərbaycan ilə uğurlu əməkdaşlıq etdiyini bildirib. Qulam İshaqzai deyib: “Biz Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətini yüksək qiymətləndiririk və bu sahədə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni ulu öndər Heydər Əliyevin ölkəmizdə vətəndaş cəmiyyətinin qurucusu olduğunu vurğulayıb. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra vətəndaş müharibəsindən vətəndaş cəmiyyəti quruculuğuna doğru çətin və şərəfli yol keçdiyini deyən Rauf Zeyni 2001-ci ildə ölkəmizdə QHT-lər haqqında Qanunun qəbul edilməsinin o dövrdə bütün MDB məkanında ilk addım olduğunu və müstəsna əhəmiyyət daşıdığını söyləyib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə QHT-lərə dövlət dəstəyi Konsepsiyasının qəbul olunmasının, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər milli donor qurumlarının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının inkişafında yeni mərhələnin əsasını qoyduğunu bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Azərbaycan.- 2018.-23 iyun.- S.3.