Azərbaycan-Ukrayna
iqtisadi əlaqələri müzakirə edilib
Ukraynada səfərdə olan
iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan
nümayəndə heyəti Kiyevdə Heydər Əliyev
Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, abidə
önünə əklil qoyub, gül dəstələri
düzüb.
AZƏRTAC xəbər verir ki, Ukrayna
Nazirlər Kabinetində bu ölkənin Azərbaycan-Ukrayna
iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın
genişləndirilməsi imkanlarına dair
qarşılıqlı fikir mübadiləsinin
aparıldığı görüşdə nazir Şahin Mustafayev
ölkələrimiz arasında siyasi, iqtisadi və digər
sahələrdə inkişaf etdiyini, ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində
səmərəli əməkdaşlığını
vurğulayıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri
iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir,
qarşılıqlı investisiya qoyuluşları həyata
keçirilir, ticarət dövriyyəsinin həcmində
müsbət artım dinamikası müşahidə olunur. Belə
ki, 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət
dövriyyəsi 2,5 dəfə, bu ilin 4 ayında isə əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz
artıb. İndiyədək Azərbaycan tərəfindən
Ukrayna iqtisadiyyatına 362 milyon dollar, Ukrayna tərəfindən
isə Azərbaycanın qeyri-neft sektoruna 25 milyon dollar
investisiya yatırılıb. Azərbaycanda sənaye, tikinti,
ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət
və s. sahələrdə 150-yə yaxın Ukrayna
kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın
genişləndirilməsi perspektivlərinə gəlincə,
iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan məhsullarının
Ukraynaya ixracının artırılması, kənd təsərrüfatı,
Azərbaycanın tranzit imkanlarından istifadə, sənayenin
əczaçılıq, kimya, maşınqayırma, qida məhsulları,
tikinti materiallarının istehsalı sahələrində əməkdaşlıq
üçün geniş imkanlar mövcuddur. Ukrayna iş
adamları Azərbaycanda yaradılan sənaye parklarına və
aqroparklara investisiya yatıra bilər.
Azərbaycan nümayəndə heyətinin
Ukraynaya səfəri zamanı Kiyevdə Azərbaycan Ticarət
Evinin açılacağını vurğulayan nazir Şahin
Mustafayev ticarət evinin ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsində,
biznes təşəbbüslərinin
stimullaşdırılmasında və Azərbaycan məhsullarının
“Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqində
önəmli olacağını qeyd edib.
Ukrayna Baş nazirinin müavini,
iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ölkələrimiz
arasında əməkdaşlığın inkişaf etdiyini,
son zamanlar ticarət əlaqələrinin daha da genişləndiyini
qeyd edib, iqtisadi əməkdaşlığın
inkişafı perspektivlərinə dair fikirlərini
bölüşüb.
Azərbaycan. - 2018.- 23 iyun.- S.4.