Ukraynada Azərbaycan
Ticarət Evi açılıb
İyunun 22-də Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub. Tədbirdə
hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna
Parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi
300 kvadratmetrə yaxındır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Ticarət Evi “Made in Azerbaijan” brendinin Ukrayna bazarında daha
çox tanıdılması, Azərbaycan məhsullarının
ixracının təşviqi və genişləndirilməsi
sahəsində fəaliyyət göstərəcək,
Ukraynada satışını təşkil edəcək, bu
sahədə əlaqələndirməni həyata keçirəcək.
Ticarət Evinin daimi fəaliyyət göstərən
sərgisində 30-a yaxın Azərbaycan şirkətinin istehsal
etdiyi müxtəlif məhsullar (meyvə şirəsi və
kompotlar, mineral sular, zeytun, çay, meyvə və tərəvəz,
qənnadı məmulatları, spirtli içkilər, Naftalan
yağı, toxuculuq və kosmetika məhsulları və s.)
nümayiş olunur. Ümumilikdə, Azərbaycan Ticarət
Evində 85 çeşiddə şərab, 26 çeşiddə
konyak, 37 çeşiddə çay, 30-dan çox
çeşiddə meyvə şirəsi və kompotlar, 150
çeşiddən çox digər məhsullar sərgilənir.
Açılış mərasimində
çıxış edən Azərbaycan Respublikasının
İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynada Azərbaycan Ticarət
Evinin açılmasının dövlət
başçılarının ölkələrimiz
arasında səmimi dostluq münasibətlərinin və
iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə
olan marağın göstəricisi olduğunu
vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı
hörmətə əsaslanan Azərbaycan-Ukrayna əməkdaşlığı
uğurla inkişaf edir, xalqlarımızı tarixi dostluq əlaqələri
birləşdirir. Azərbaycan və Ukrayna dövlət
başçılarının yüksək siyasi iradəsi nəticəsində
bu gün ölkələrimiz arasında münasibətlər
strateji səviyyəyə yüksəlib, möhkəm
müqavilə-hüquqi baza yaradılıb, Azərbaycan və
Ukrayna Prezidentləri Şurası, iqtisadi əməkdaşlığa
dair Hökumətlərarası Komissiya fəaliyyət
göstərir. Azərbaycan və Ukrayna beynəlxalq
təşkilatlar çərçivəsində də əməkdaşlıq
edir, ərazi bütövlüyü məsələsində
bir-birini dəstəkləyir.
Qeyd edilib ki, Ukrayna ölkəmizin
əsas ticarət tərəfdaşlarındandır və
2017-ci ilin nəticələrinə əsasən, Azərbaycanın
xarici ticarət dövriyyəsində 6-cı yeri tutub. Ümumiyyətlə,
ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində
müsbət dinamika müşahidə edilir. 2017-ci ildə
Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi
2,5 dəfə artaraq 810 milyon dollar, bu ilin 4 ayında isə əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz
artaraq 261,7 milyon dollar təşkil edib.
İnvestisiya sahəsində
əməkdaşlığın inkişafının vacib
olduğunu qeyd edən Şahin Mustafayev bu sahədə
qarşılıqlı faydalı layihələrin həyata
keçirilməsi üçün geniş imkanların
olduğunu diqqətə çatdırıb. İndiyədək Azərbaycan
Ukraynaya 362 milyon dollar (286 milyon dolları neft, 76 milyon dolları
qeyri-neft sektoruna), Ukrayna isə Azərbaycanın qeyri-neft
sektoruna 25 milyon dollar investisiya qoyub. Azərbaycanda sənaye,
tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat,
xidmət və s. sahələrdə 150-ə yaxın Ukrayna
kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycanın
Ukrayna ilə əlaqələrin genişləndirilməsində
maraqlı olduğunu qeyd edən nazir Şahin Mustafayev Azərbaycan
Ticarət Evinin ölkələrimiz arasında iqtisadi-ticarət
əlaqələrinin inkişafı, biznes təşəbbüslərinin
stimullaşdırılması və keyfiyyətli Azərbaycan
məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna
bazarında təşviqi baxımından əhəmiyyətli
olacağını bildirib.
Ukraynanın Baş nazirinin
müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv Azərbaycan
nümayəndə heyətinin Ukraynaya səfərindən məmnunluğunu
bildirib, belə səfərlərin ölkələrimiz
arasında əməkdaşlığın və
işgüzar münasibətlərin inkişafında,
iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində
əhəmiyyətini qeyd edib. Ukraynanın Azərbaycanla əməkdaşlığa
xüsusi önəm verdiyini, qarşılıqlı əlaqələrin
bundan sonra da genişlənəcəyinə əminliyini qeyd
edən Stepan Kubiv potensial əməkdaşlıq
imkanlarına dair fikirlərini bölüşüb, Kiyevdə
Azərbaycan Ticarət Evinin fəaliyyətə
başlamasının ticarət-iqtisadi əməkdaşlığın
inkişafı baxımından mühüm addım olduğunu
vurğulayıb. Stepan Kubivin sözlərinə
görə, gələcəkdə hədəf olaraq Azərbaycan
və Ukrayna arasında illik ticarət dövriyyəsinin 1
milyard dollara qaldırılması nəzərdə tutulub.
“Əməkdaşlığımızın
növbəti addımı kimi Bakıda Ukrayna Ticarət Evinin
açılması planlaşdırılır. Artıq Ukraynanın 30-dan çox şirkəti bu məsələdə
maraqlı olduğunu açıqlayıb”, - deyə Kubiv əlavə
edib.
Tədbirdə Azərbaycanın “Aspi-Aqro”
MMC və Ukraynanın
"Spirit Drink" şirkəti arasında Azərbaycandan Ukraynaya 130 min şüşə
şərabın ixracına
dair müqavilə imzalanıb.
Azərbaycan Ticarət Evinin açılış mərasimində
həmçinin, Azərbaycan
şərablarının dequstasiyası
keçirilib, Azərbaycan
və Ukrayna incəsənət ustalarının
konserti təşkil edilib.
Sonda tədbir iştirakçıları Azərbaycan
Ticarət Evi və burada daimi fəaliyyət göstərən Azərbaycan
məhsullarının sərgisi
ilə tanış
olublar.
Azərbaycan.- 2018.- 23 iyun.- S.4.