ADA Kitabxanasında S.Frederik Starın “İtirilmiş
maarif: Mərkəzi Asiyanın
Qızıl Dövrü” kitabının
təqdimatı keçirilib
İyunun 22-də ADA Universitetinin
Kitabxanasında tanınmış
amerikalı tarixçi,
Amerika Xarici Siyasət Şurası nəzdində fəaliyyət
göstərən Mərkəzi
Asiya-Qafqaz İnstitutunun
direktoru S.Frederik Starın Azərbaycan dilinə tərcümə
edilmiş “İtirilmiş
maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü ərəb istilasından Teymurləngədək”
kitabının təqdimat
mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin
deputatlarının, ictimai-siyasi, elm, mədəniyyət xadimlərinin,
ziyalıların iştirak etdikləri tədbirdə
kitabın “Ön söz”ünün müəllifi, xarici
işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir
Hafiz Paşayev və S.Frederik Star çıxış ediblər.
ADA Universitetinin rektoru Hafiz
Paşayev deyib ki, tanınmış amerikalı tarixçi
Frederik Star müvafiq tarixə aid təfərrüatların
ümumdünya sivilizasiyasına verdiyi töhfəni fərqli
yanaşmada təqdim edir. Müəllif İslam mədəniyyətinin
yaranması, inkişafı və Qərb intibahına təsirində
türkdilli və farsdilli xalqların müstəsna xidmətlərinin
köklərini araşdırır, avropalıların qeyri-ərəb
əsilli İbn Sina, Tusi, Nizami Gəncəvi, Rumi, Ömər
Xəyyam və digər tarixi xadimlərin irsindən bəhrələndiyini
göstərir.
S.Frederik Star son illər bu kitaba
marağın artdığını
bildirib. Qeyd edib ki, kitab
hazırda 23 dilə,
o cümlədən Orta
Asiya xalqlarının
dillərinə, türk,
fars, uyğur və digər dillərə tərcümə
edilməkdədir. Kitabın
Tehranda fars
dilində təqdimatı
gözlənilir. “Biz Orta Asiya deyəndə
keçmiş Sovet İttifaqında olan ərazini deyil, daha geniş, mədəni cəhətdən
vahid bir regionu – Orta Asiya regionunu nəzərdə tuturuq.
Demək
olar, belə bir termin, yəni
böyük Orta Asiya, geniş Orta Asiya ifadələrini
işlədə bilərik.
Bu, daha çox
mədəni məfhumdur,
nəinki siyasi. Böyük Orta Asiyada Azərbaycanın
yeri haradadır?
Azərbaycan ərazisində yaşayan
alimlər, mütəxəssislər,
ziyalılar regionda fikir mübadiləsinə
böyük töhfə
veriblər. Məsələn, Nizami Gəncəvi Azərbaycandan kənara çıxmasa da, onun ideyaları, əsərləri Orta Asiya regionunda da geniş yayılıb.
“Leyli və Məcnun” əsəri üçün Xəzər
dənizi sərhəd
ola bilməz.
Yaxud Nəsirəddin Tusi müasir Azərbaycan ərazisində yaşamayıb,
lakin onun tikdiyi rəsədxananın
bənzərini Teymurləngin
oğlu öz ölkəsində tikdirib.
Əlbəttə ki, bu iki rəsədxana arasında fərqlər olub. Marağa rəsədxanasında 40 min kitabdan ibarət nəhəng kitabxana olub və bunu
Nəsirəddin Tusi yaratmışdı. Oraya hər
yerdən ziyarətçilər
gəlirdilər. Deməli,
mədəniyyətlər sərhəd
tanımır”, - deyə
S.Frederik Star vurğulayıb.
Müəllif çıxışında, həmçinin
müasir Azərbaycan
elminin taleyinin çox gözəl əllərdə olduğunu
və ölkənin bundan sonra da
çiçəklənəcəyini bildirib.
Tədbirin sonunda Hafiz Paşayev S.Frederik Stara ADA Universitetinin adından plaket təqdim edib.
Qeyd edək ki, kitabın
tərcüməsi və
nəşri ADA Universitetinin
dəstəyi ilə həyata keçirilib. Əsəri ingilis
dilindən universitetin
professoru Nəriman Qasımoğlu tərcümə
edib, redaktoru Fərda Əsədovdur.
2017-ci ildə “Qafqaz” nəşriyyat evi tərəfindən çap edilmiş fundamental
elmi kitabda 15 fəsil və arxiv illüstrasiyaları yer alıb. “Ön söz”də
bildirilir ki, bu elmi əsərdə
“doğma əcdadlarımızın
da vaxtilə mühüm və əvəzsiz rol oynadığı müsəlman
Şərqi sivilizasiyasının
tarixi araşdırılır.
Müəllif bu tarixə aid təfərrüatların
ümumdünya sivilizasiyasına
verdiyi töhfəni Qərb tarixşünaslığında
stereotipləşmiş mövqedən
fərqli yanaşmada təqdim edir”.
Əsəri maraqlı
edən başqa bir məqam da var: müəllif
İslam mədəniyyətinin
inkişafı və Qərb intibahına təsirində türkdilli
və farsdilli xalqların müstəsna
xidmətlərinin köklərini
araşdırır, bu
yöndə konkret faktlara söykənən maraqlı fikirlər irəli sürür. Məsələn, necə odlu
ki, ərəblərin
Mərkəzi Asiyaya yürüşlərinin doğurduğu
yeni situasiyaya uyğunlaşaraq, getdikcə
İslama yiyələnən
türkdilli və farsdilli xalqlar qısa zamanda İslam mədəniyyətinin
öncüllərinə çevrildilər.
Müəllifin tədqiqatı bütün
bunları maraqlı tarixi faktlarla izah edir.
Tarixdən məlum olduğu kimi, Avropa ölkələrinin
ümumi inkişafı
XVIII əsrdə maarifçilik
hərəkatından başlanır. Bu hərəkatı şərtləndirən
əsas amillər ondan ibarət idi ki, həmin ölkələrdə
intellektual mühit çiçəklənmə
dövrünə qədəm qoyur və hakim dini-doqmatik məfkurəni
sorğulama məzmununda yeni fikir cərəyanları
yaranırdı. Kitabı oxuduqca Avropa maarifçilik hərəkatının
bizə məlum olmayan xüsusiyyətləri ilə müsəlman
Şərqi coğrafiyası üçün maarifin əlamətləri
arasında paralellər aparmalı olursan. Müəllif
oxucularını tarixən davamlı inkişafa gətirib
çıxarmayan, tənəzzülə uğrayan və bu səbəbdən
“İtirilmiş maarif” adlandırdığı sivilizasiya
faktının fərqli və zəngin xüsusiyyətləri
üzərində düşünməyə sövq edir.
Azərbaycan.- 2018.- 23 iyun.- S.5.