Güclü idarəçilik güclü dövlətin zəminidir

 

23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür

 

Dünya təcrübəsinin əyani surətdə nümayiş etdirdiyi kimi, istənilən cəmiyyətin sosial-iqtisadi inkişafının ən ümdə şərti onun dövlət idarəçiliyi sisteminin uğurlu fəaliyyət göstərməsidir. Dövlətin güclü olmasının da qarantı güclü dövlət qulluğunun olmasıdır. Ona görə də güclü dövlət, güclü idarəçilik sistemi yaratmaq bu gün dünya birliyinin ən ümdə vəzifələrindəndir.

Zəif dövlət isə, əksinə, ən ciddi dünya problemlərinin meydana gəlməsi mənbəyinə çevrilir (F.Fukuyama). Dövlətin adından onun siyasətini həyata keçirən və başlıca iqtisadi, sosial, mədəni, siyasi problemlərini həll edən bir institut kimi dövlət qulluğu hər zaman siyasi, sosial-iqtisadi, mənəvi inkişafın mərkəzində dayanır. Dövlətin strateji hədəflərinin, onun müəyyən etdiyi yaxın məqsəd və vəzifələrin həyata keçirilməsi dövlət qulluğunu özü üçün peşə seçmiş insanların gərgin, bir çox hallarda isə fədakar əməyi nəticəsində reallaşır.

Dövlət qulluğu məzmun, mündəricat cəhətdən olduqca mürəkkəb, çoxcəhətli bir fəaliyyət sahəsidir. O, öz gündəlik işində eyni vaxtda sosial məkanın bütün sferalarını -siyasi, hüquqi, iqtisadi, mənəvi-əxlaqi sferalarını əhatə edir. Dövlətin həyata keçirmək istədiyi proqramların taleyi, bütünlükdə dövlətin özünün taleyi son nəticədə dövlət qulluğunun, həmin qulluğu icra edən insanların peşəkarlığına, mənəvi-əxlaqi potensialına bağlıdır. Dövlət üçün bundan da əhəmiyyətli xidmət sahəsi təsəvvür etmək çətindir. Vətəndaş da dövlət qulluqçusunun səviyyəsi və keyfiyyətini birbaşa dövlət orqanının özünün səviyyəsi və keyfiyyəti kimi qəbul edir. Bəzi ekspertlər hesab edirlər ki, peşəkar olmayan, səriştəsiz dövlət qulluğu dövlətin təhlükəsizliyi üçün ən ciddi təhdiddir və buna görə milli təhlükəsizliyin amilləri sırasında kadr təhlükəsizliyi də müstəqil bir milli təhlükəsizlik amili kimi qəbul edilməlidir.

Heç də təsadüfi deyildir ki, dünya birliyi dövlət qulluğuna, onun səmərəliliyinin artırılmasına, nüfuzunun yüksəlməsinə daim ciddi maraq göstərir. BMT, onun bir sıra ixtisaslaşmış qurumları, Dünya Bankı, Avropa Birliyinin müvafiq strukturları, Avropa Şurası dövlət qulluğunun modernləşməsi, onun dəyişən sosial şəraitə uyğunlaşması, səmərəliliyinin artması məsələlərini daim diqqət mərkəzində saxlayır. Bütün bu qeyd edilənlərin məntiqi nəticəsidir ki, BMT dövlət qulluğunun əhəmiyyətli bir sosial institut olduğunu vurğulamaq, habelə istirakçı ölkələrdə dövlət qulluğunun yaxşılaşmasına kömək edə biləcək təcrübələri yaymaq məqsədi ilə Baş Assambleyasının 20 dekabr 2005-ci ildə qəbul etdiyi “Dövlət İdarəçiliyi və inkişaf” adlı qətnaməsi ilə iyun ayının 23-nü BMT-nin dövlət qulluğu günü elan etmiş, eyni zamanda, üzv-dövlətlərə həmin gün dövlət qulluğunun ümumi inkişafa verdiyi töhfəni əks etdirən xüsusi tədbirlər keçirmələrini tövsiyə etmişdir. Belə günlərdə BMT xüsusi forumlar təşkil edirbu forumlarda dövlət qulluğunun aktual problemlərinə dair elmi məruzələr dinlənilir, təcrübə mübadiləsi aparılır. Əvvəllər belə görüşlər Koreya Respublikasında, Bəhreyndə, Avstriya və digər ölkələrdə keçirilmişdir. “Davamlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün idarəetmənin transformasiyası” mövzusuna həsr edilmiş bu ilki forum isə iyunun 21-də Mərakeşdə öz işinə başlamışdır. Ənənə üzrə forum keçirilən günlərdə həmçinin hər ötən ilin yekunlarına əsasən bütün dünyada dövlət qulluğunun inkişafa verdiyi tövsiyəyə görə üzv-ölkələrin dövlət qurumlarına BMT-nin İqtisadiSosial Şurası tərəfindən mükafatlar da verilir.

Dövlət qulluğu sahəsində bu mükafata ölkəmizin dövlət qulluğu sistemi iki dəfə layiq görülmüşdür. Birinci dəfə 2007-ci ildə bu mükafatla Azərbaycan Respublikasının Dövlət Neft Fondu dövlət qulluğunda şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılmasına görə təltif olunmuşdur. İkinci dəfə isə 2015-ci ildə bu mükafat “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək yerə layiq görülmüş digər bir dövlət orqanına - Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə verilmişdir. Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı günü” təsis edildi və elə həmin vaxtdan etibarən hər il 23 iyun bayram kimi qeyd olunur. Hər il bu münasibətlə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq edilən tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında dövlət qulluğunun aktual məsələlərinə həsr edilən elmi-praktik konfranslar, yerli icra hakimiyyətlərində xüsusi tədbirlər keçirilir, kütləvi informasiya vasitələri dövlət qulluğu sisteminin mahiyyəti, ictimai inkişafda onun rolu barədə ictimaiyyəti məlumatlandırır. Peşə bayramı ərəfəsində qabaqcıl dövlət qulluqçuları onların əməyinin layiqincə qiymətləndirilməsi məqsədi ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Əməkdar dövlət qulluqçusu” fəxri adı, habelə ölkənin digər orden və medalları ilə təltif olunurlar.

Dövlət qulluğunun belə nüfuzlu və əhəmiyyətli sosial instituta çevrilməsinin başlıca amillərindən biri, bəlkə də birincisi dövlət qulluğu təhsilidir. Amma təəssüf edilməli haldır ki, bu amilə nə elmi ədəbiyyatda, nə də maarifləndirmə işində lazımi diqqət yetirilir. Halbuki dünyanın hər yerində dövlət qulluğu məhz təhsildən başlanır. Dünya dövlət qulluğunun keçdiyi tarixi yol da bunu əyani surətdə nümayiş etdirir.

Tarixi tədqiqatlar göstərir ki, dövlət qulluğu xüsusi fəaliyyət sahəsinə, dövlət qulluqçusu isə xüsusi sosial qrupa çevrildikdən sonra dövlət idarəçiliyinin insan resurslarına artan ehtiyaclarını ödəmək, qulluqda nəsillərin əvəzlənməsini təmin etmək üçün onların xüsusi hazırlıq keçmələrinə zərurət yaranır, bu işin peşəkarlığını təmin etmək üçün məmurun qulluqda uğurlu fəaliyyət göstərməyə hazırlanması dövlətlərin əsas qayğılarından birinə çevrilir.

Tarixdə ilk dəfə belə bir tədris, təlim ocağının nə vaxt təşkil edildiyini söyləmək çətindir. Çox güman ki, tarixin ən qədim dövlətçilik mərkəzləri olan Qədim Misir, Şumer kimi sivilizasiyalarda dövlət idarəçiliyi sahəsində bilik və bacarıq aşılayan mexanizmlərin olması ehtimalı böyükdür. Bunsuz onların belə uzunmüddətli yaşarılığını təmin etmək mümkün olmazdı. Amma hər halda, elmi ədəbiyyatdan bəlli olan məlumatlar dövlət idarəçiliyi üçün kadr hazırlığına ən qədim zamanlardan ciddi diqqət yetirildiyini söyləməyə tam əsas verir. Dövlət qulluğuna hazırlığı həyata keçirən ilk belə təlim mərkəzləri haqqında məlumatlara Çin tarixinə dair mənbələrdə rast gəlirik. Bu ölkədə artıq eramızdan əvvəl II əsrdə məmurların dövlət qulluğunda vəzifə tutması üçün çoxpilləli imtahan verməsi, imtahan vermək üçünsə elm adamlarının yanında xüsusi təlim keçməsi praktikası var idi. Çin imperatoru Vu hələ o zamanlar dövlət idarəçiliyinin fəaliyyətinə peşəkarlıq vermək, ona ən istedadlı insanları cəlb etmək məqsədilə islahatlar keçirir, məmur xidmətində özünəməxsus “karyera pilləkəni” tətbiq edirbununla da dövlət idarəçiliyini taqətdən salan köhnə qaydaları məhv edir, dövlət qulluğuna heç bir mülkiyyət və senzlərlə bağlı olmayan qulluq praktikasını gətirirdi. Məqsədi isə istedadlı insanları üzə çıxarıb dövlət işinə cəlb etmək, xüsusi təlim almış insanlardan ibarət peşəkar dövlət idarəçiliyi sistemi yaratmaq, dövlətin uzunömürlülüyünü təmin etmək idi. O zamandan etibarən dövlət haqqında, onun idarə edilməsi haqqında bilikləri öyrənmək, bu bilikləri nümayiş etdirmək üçün imperatorun tətbiq etdiyi çoxpilləli qəbul imtahanlarında iştirak etmək Çin mədəniyyətinin ayrılmaz atributuna çevrilir. Bu təcrübə artıq çox qədimlərdən dövlət qulluğu üçün “öncə təhsil” prinsipinin qəbul edildiyini göstərir. Məhz bu ənənəyə sadiqlik sayəsində imperatorların dəyişməsindən asılı olmayaraq Çin dövlətçiliyi uzun əsrlər boyu yaşaya bilmişdir. Bu gün də dünyanın bütün bölgələrində dövlət idarəçiliyi xüsusi təhsil görmüş insanlar tərəfindən həyata keçirilir və onların dövlət qulluğuna hazırlanması məqsədilə xüsusi təhsil sistemi yaradılmış və ya yaradılmaqdadır.

Müasir dövlət idarəçiliyi, dövlət qulluğu təhsili çox geniş əhatəli bir şəbəkədir. Buraya hər şeydən əvvəl, hüquqşünaslar, menecerlər, iqtisadçılar, kompüter elmləri və s. sahələrdə bakalavr, magistrdoktor proqramlarını keçən çoxsaylı universitetlər daxildir. Onların fundamental nəzəri biliklər almış məzunları müxtəlif dövlət hakimiyyəti və idarəçiliyi orqanlarında buya digər vəzifəni tutur və dövlət qulluğunda çalışırlar. Bununla yanaşı, bir sıra aparıcı universitetlərdə bilavasitə inzibati elita hazırlığı ilə məşğul olan dövlət idarəçiliyi üzrə xüsusi fakültələri, məktəbləri və institutları fəaliyyət göstərir. ABŞ-da Harvard Universitetinin Con Kennedi Dövlət İdarəçiliyi Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dövlət idarəçiliyi fakültəsi, Kanadanın Karlton Universiteti nəzdindəki Dövlət İdarəçiliyi İnstitutus. kimi fərqli dəyərlər sistemi, müxtəlif elmi məktəblər və təhsil texnologiyaları bazasında fəaliyyət göstərən bu genişmiqyaslı təhsil şəbəkəsi davamlı olaraq dünyanın dövlət idarəçiliyi sistemini yaxşı təhsil görmüş mütəxəssislər ordusu ilə təchiz edir. Lakin bu da hələ haqqında söhbət gedən şəbəkə barədə tam təsəvvür vermir. Dövlət qulluğu təhsilinin nüvəsini dövlət hakimiyyəti və idarəçiliyi orqanlarının ehtiyaclarına maksimal dərəcədə uyğunlaşdırılmış təhsil müəssisələri təşkil edir ki, onlar artıq dövlət qulluğuna qəbul edilmiş mütəxəssislərin yenidən hazırlanması, ixtisasartırılması ilə məşğul olurlar. Müxtəlif ölkələrdə bu mühüm dövlət əhəmiyyətli vəzifələrin yerinə yetirilməsində iştirak edən mərkəzlərin sayı çoxdur. Amma bütün hallarda onların arasında bir aparıcı mərkəz tanınır. MDB ölkələrində bu funksiyanı Prezident yanında fəaliyyət göstərən Dövlət İdarəçiliyi və ya Dövlət Qulluğu akademiyaları yerinə yetirir. Mərkəzi, Qərbi və Şərqi Avropa ölkələrinin hamısı və Asiyanın əksər ölkələrində kontingenti çox ciddi surətdə seçilən Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası (Rusiya Federasiyası), ENA (Fransa), Federal Dövlət İdarəçiliyi Akademiyası (Almaniya), TODAİE (Türkiyə), Li Kuan Yu adına Dövlət Siyasəti Məktəbi (Sinqapur) və s. xüsusi statusa malik təhsil ocaqları kimi fəaliyyət göstərir. Hətta tarixən dövlət qulluqçularının əlavə təhsili sahəsində mərkəzləşmiş sistemi olmayan ölkələr də sonralar bu tipli müəssisələr yaradırlar. Məlumdur ki, Kontinental Avropadan fərqli olaraq Böyük Britaniyada dövlət qulluqçularının yenidən hazırlanması, ixtisasartırması sahəsində mərkəzləşmiş bir sistem olmamışdır. Dövlət idarəçiliyi, dövlət qulluğu sahəsində təhsil isə London Universitetinin nəzdindəki London İqtisadiyyat və Siyasət İnstitutunda, Oksford, Kembric və digər universitetlərdə həyata keçirilmişdir. Lakin Böyük Britaniya hökuməti də 1970-ci ildə orta və yüksək səviyyələrdə çalışan dövlət qulluqçularının hazırlığını təşkil etmək üçün aparıcı təhsil müəssisəsi kimi Dövlət Qulluğu Kollecini təsis etmişdir. Haqqında bəhs olunan bu milli dövlət idarəçiliyi elmi, tədris, təlim mərkəzləri regional və beynəlxalq şəbəkələrdə birləşərək dövlət qulluğu sisteminin inkişafına güclü təsir göstərmək imkanına malik qlobal qüvvəyə çevrilirlər. Bu gün BMT-nin strukturunda fəaliyyət göstərən Dövlət İdarəçiliyi şəbəkəsi (UNPAN), UNESCO/UNİTVİN kafedraları şəbəkəsi, Beynəlxalq dövlət idarəçiliyi məktəbləri və institutları şəbəkəsi (İASİA), Mərkəzi və Şərqi Avropa dövlət İdarəçiliyi institutları və məktəbləri şəbəkəsi (NİSPA), Milli Dövlət İdarəçiliyi və Dövlət qulluğu akademiyaları və institutlarının Avrasiya Assosiasiyası və s. birliklər çərçivəsində aparılan araşdırmaları və təlim texnologiyalarını nəzərə almadan dünya miqyasında dövlət idarəçiliyi sahəsində cərəyan edən dinamik dəyişiklikləri izah etmək mümkün deyildir. Eyni sözləri Avropa Birliyi çərçivəsində üzv-dövlətlərin dövlət qulluğu kadrlarının hazırlanması sahəsində görülən genişmiqyaslı işlər haqqında da demək olar.

Azərbaycanda dövlət qulluqçularının təhsili özünəməxsus təcrübəyə malikdir. Dövlət qulluğunda çalışanların xüsusi hazırlıq keçməsinin təşkilinə ilk cəhd bu il 100 illik yubileyini təntənəli surətdə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə olmuşdur. Lakin Cümhuriyyətin süqutu bu işin davamlı olmasına imkan vermədi. Bir qədər sonra 1921-ci ilin dekabrında Bakıda Mərkəzi Türk Sovet Partiya Məktəbi fəaliyyətə başlayır. Bu məktəbə Azərbaycan, Gürcüstan, Dağıstan, İranHindistandan 131 nəfər dinləyici qəbul edilir. Növbəti ilin sonunda isə məktəbin ilk buraxılışı olur və məzunlar qarşısında o zamankı respublika rəhbəri Nəriman Nərimanov çıxış edir. Lakin Sovet İttifaqının yaradılması ilə bu praktika da davamlı ola bilmir. İttifaq dönəmində müxtəlif formalaradlarla kurs, institut, məktəb adları ilə davam edən kadr hazırlığı yalnız Bakı Ali Partiya Məktəbi təsis ediləndən sonra sabit xarakter alır.

Bu dövrdə müxtəlif profilli məktəb və institutlar mövcud olsa da, kadr hazırlığı işinin nüvəsini Bakı Ali Partiya Məktəbinin fəaliyyəti təşkil edirdi. Cənubi Qafqazda yeganə belə mərkəz olan bu məktəbdə təkcə qonşu respublikalar üçün deyil, Rusiya Federasiyasının, UkraynaBelarusun bir neçə vilayəti üçünkadr hazırlanırdı. Müxtəlif vaxtlarda burada Özbəkistan, Türkmənistan, Dağıstandan da partiya-sovet işində çalışan dinləyicilər təhsil almışlar. Həmin illərdə, xüsusilə də ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi müddətdə ölkəmizin əldə etdiyi böyük nailiyyətlərdə Bakı Ali Partiya Məktəbinin məzunlarının rolu danılmazdır. Azərbaycan KP MK-nın o zamankı birinci katibi Heydər Əliyev məktəbin inkişafına daim qayğı göstərmişdir. 1972-ci ilin iyun günlərində ulu öndər Bakı Ali Partiya Məktəbinin 25 illiyinə həsr edilən təntənəli iclasda çıxış etmişdir.

1991-ci ilin iyun ayında hələ İttifaqın dağılması rəsmiləşməmiş keçmiş SSRİ Ali Təhsil Komitəsi sədrinin əmri ilə SSRİ ərazisində fəaliyyət göstərən 14 ali partiya məktəbinin hamısı, o cümlədən Bakı Ali Partiya Məktəbi Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna çevrildi. Az sonra Sovet İttifaqının süqutu və Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi nəticəsində yaranmış yeni şəraitdə institut müstəqil dövlətimizin maraqlarından çıxış edərək öz ənənələrinə və Avropa təcrübəsinə əsaslanaraq yeni dövlət idarəçiliyi təhsilinin yaradılması istiqamətində müəyyən addımlar atdı. Lakin dövlət qulluqçularının hazırlığının yeni sisteminin əsası bir qədər sonra - 1999-cu il yanvarın 3-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin yeni ildəki ilk fərmanı ilə qoyulmuş oldu. Həmin fərmanla keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun bazasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təsis olunduonun nizamnaməsi təsdiq edildi. Nizamnamə akademiyanın əsas funksiyasını dövlətin idarəçilik və icra hakimiyyəti orqanları üçün mütəxəssislərin hazırlanması və əlavə təhsili sahəsində aparıcı metodik tədris, elmanalitik informasiya mərkəzi kimi müəyyən edir, ona ölkədə fəaliyyət göstərən 50-dən artıq universitetakademiya arasında Prezident yanında olan yeganə ali təhsil müəssisəsi statusunu verdi. Əgər nəzərə alsaq ki bu fərman 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” Prezident fərmanı elan edildikdən sonra ulu öndərin dövlət idarəçiliyi ilə əlaqədar imzaladığı ilk fərman idi və dövlət qulluqçularının xidməti fəaliyyətinin normativ-hüquqi əsaslarını müəyyənləşdirən bütün qanunlar, hətta “Dövlət qulluğu haqqında” qanunun özü də (21 iyul 2000-ci ildə) bundan xeyli sonra qəbul edildi, o zaman onun dövlət qulluqçularının təhsilinin təşkilinə necə böyük əhəmiyyət verdiyi tam aydın olar.

Akademiya artıq 19 ildir ki, o zaman ulu öndərin imzası ilə təsdiq edilən nizamnaməsində müəyyən olunmuş şərəfli vəzifələrini uğurla yerinə yetirir, respublikanın kadr potensialının inkişafına öz töhfəsini verir. Bu gün dövlət idarəçiliyinin ən yüksək səviyyələrində - qanunvericilikicra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, hüquq-mühafizə orqanlarında, diplomatik xidmətdə, bank sistemində, KİV-də, elm-təhsil, mədəniyyət müəssisələrində addımbaşı akademiyanın məzunlarına rast gəlmək mümkündür. Ötən illər ərzində akademiya öz elmi-pedaqoji potensialı, tədris-metodiki səriştəliliyi, mənəvi keyfiyyətləri ilə cəmiyyətimizin dərin rəğbətini qazana bilmiş, təhsilə praktikayönümlü, nəticəyönümlü innovativ yanaşmaları, yeniliklərə açıqlığı, demokratik mühiti ilə özünün peşəkarlıq səviyyəsini, ünsiyyət və davranış bacarıqlarını artırmağa çalışan dövlət qulluqçularının, sosial elmlərin və texnologiyaların sirlərinə dərindən yiyələnmək istəyən istedadlı gənclərin can atdığı cazibədar bir təhsil məkanına çevirmişdir.

Əldə edilən nailiyyətlər bu təhsil müəssisəsinin banisi və memarı olan ulu öndərin, onun zəngin siyasi və idarəçilik məktəbinin ardıcıl və layiqli davamçısı olan Prezident İlham Əliyevin akademiyanın inkişafına göstərdiyi daimi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Xüsusilə də Prezidentin son illər imzaladığı iki fərman - “Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” 11 dekabr 2014-cü il tarixli və “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsində dəyişiklik edilməsi haqqında” 22 sentyabr 2017-ci il tarixli fərmanlar akademiyanın qarşılaşdığı ciddi çətinliklərin aradan qaldırılmasında həlledici rol oynamışdır.

Təbii ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları təhsilinin yeganə ünvanı deyildir. Ölkədə bir sıra nazirlik, komitə və digər dövlət orqanı öz daxili ehtiyaclarını ödəmək üçün müvafiq ali təhsil müəssisələri, təlim mərkəzləri təsis etmişlər. Akademiya kimi onlar da dövlət qulluğu təhsili şəbəkəsinin fəal üzvləridirlər və Azərbaycanı dünyanın ən yüksək sürətlə inkişaf edən ölkələrindən biri etmiş səmərəli dövlət idarəçiliyi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Odur ki, rəsmən dövlət qulluqçusu kimi tanınan həmvətənlərimizlə yanaşı, bu təhsil və təlim mərkəzlərinin əməkdaşlarına da Dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik payı düşür.

Bayramınız mübarək, əziz dostlar!

 

Əlikram ABDULLAYEV,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının I prorektoru,

fəlsəfə elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 23 iyun.- S.1; 5.