Prezidentin mövqeyi, iradəsi və xəbərdarlığı
Yaxud yaşıllığı salanlar,
onları məhv edənlər və digər müəmmalar
15 aprel 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti açıqlama yaydı. Dövlət başçısı cənab İlham Əliyevin “Ağacların qanunsuz olaraq kəsilməsi yolverilməzdir” mövqeyini əks etdirən həmin açıqlama Bakının Yasamal rayonunda baş verən olayla bağlı idi. Belə ki, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisini aparan şirkət ərazidəki 54 ağacı qanunsuz olaraq kəsmiş və yaşıllığı məhv etmişdi. Bundan xəbər tutan Prezident İlham Əliyev hadisəyə kəskin reaksiya vermiş, tikinti işlərini dərhal dayandırmış, məsələnin təcili araşdırılmasını tapşırmışdı.
Dövlət başçısının bu mövqeyindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq araşdırma apararaq həmin şirkəti 130 min manat məbləğində cərimələdi və ərazidə yeni istirahət parkı salındı.
Əslində bu fakt ölkədəki yaşıllıqlara, onların salınmasına, qorunmasına və həmin yaşıllıqlara qənim kəsilənlərə dövlət başçısının münasibətini əks etdirirdi:
“Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər”.
***
Əgər dövlət başçısı hər hansı məsələyə münasibət bildirirsə, bu, təkcə həmin faktla məhdudlaşmır, eyni tipli hadisələrin hamısına şamil edilir. Belə bəyanatlar həm də xoşagəlməz halların qarşısını irəlicədən almağa xidmət edir.
Bəli, cənab İlham Əliyev Yasamal rayonundakı “yaşıl soyqırımına” kəskin münasibət bildirdi, sonra qısa müddətdə həmin ərazidə gözəl bir park saldıraraq açılışını da etdi. Parkın açılışında ictimaiyyət nümayəndələri ilə görüşündə çıxışı zamanı bir daha öz iradəsini ortaya qoydu: “Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz”.
Təəssüf ki, Prezidentin bu qadağasını eşitməyən məmurlar da olur. Halbuki onlar nəinki eşitməyə, hətta deyilənlərə dəqiq əməl etməyə də borcludurlar!
SƏHVLƏRİNİ DÜZƏLTMƏK
ƏVƏZİNƏ ÖZLƏRİNİ
TƏRİFLƏTDİLƏR
“Azərbaycan” qəzetinin 17 may 2018-ci il tarixli nömrəsində “Ciddi siqnal” rubrikası ilə “Bərdədə yaşıllıqları niyə ticarət obyektləri ilə əvəz edirlər?!” adlı məqalə dərc edilmişdi. Yazıda deyilənləri əyani şəkildə göstərən daha 6 ədəd fotofakt da verilmişdi. Həmin şəkillərdə mövcud yaşıllıq, ağacların qazılıb çıxarılaraq “Jiquli” markalı maşına yüklənməsi, boşaldılmış ərazidə, həm də yaşıllıqlar içində təzə ticarət obyektlərinin tikintisi açıq-aydın görünürdü (Bir daha diqqətinizə təqdim edirik).
***
Nədənsə heç kim qəzetdə tənqid olunmasını istəmir: istər adi vətəndaş olsun, istərsə də müxtəlif ranqlı məmur! Adətən reaksiya da eynidir: əvvəlcə giley-güzar, sonra müsbət işlərin daha çox olduğu iddiası, daha sonra tənqidin “qərəzli” olması fikri, yazıda söylənənlərin “jurnalistin subyektivliyi” ilə izahı cəhdi, ən nəhayət, “şərləmə” kampaniyası başlayır.
Əlli illik jurnalistika praktikamda dəfələrlə gördüklərim bunlar olub...
Heç kəs nöqsanını səmimi etiraf etməyib!
Heç kəs günahı özündə görməyib!
Ən sonda “yazmaya da bilərdiniz” iradı səsləndirilib!
Yuxarıda adı xatırlanan yazıdan sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin redaksiyaya zəngi də eyni motivdə oldu!
Təfərrüata varmırıq. Əsas arqumentlərdən biri bu idi ki, indiyədək Bərdədə olmayan qədər yaşıllıqlar salınıb, rayon gül-çiçəyə bürünüb...
Doğrudur, amma yaşıllıqlar çoxdursa, onları məhv etməyə başlamalıyıq?
HAŞİYƏ: Qəribədir, dövlət strukturlarının müxtəlif pillələrində çalışan bəzi məmurlar dövlətin gördüyü və gördürdüyü işləri öz adlarına çıxmağı sevirlər: “mən tikdim”, “mən yaratdım”, “mən etdim” kimi ifadələri xüsusi intonasiya ilə söyləyirlər!
Hamının etiraf etdiyi faktdır ki, müstəqillik dövründə Azərbaycan başdan-başa yenidən tikilib, qurulub, abadlaşıb, gül-çiçəyə, yaşıllığa qərq olub!
Bütün bunların bir müəllifi var: Prezident İlham Əliyev!
Dövlət başçısı uzun illəri əhatə edən quruculuq planları müəyyən edir, onun yerinə yetirilməsini təmin edən dövlət proqramları hazırlatdırıb təsdiqləyir, icrası üçün kifayət qədər vəsait ayırır. Hətta məmurların öyrənməsi, görüb-götürməsi, zövqlə tikib-qura bilməsi üçün onları xarici ölkələrə ezamiyyətə belə göndərir. Hər dəfə ölkə paytaxtında və regionlara səfərlərində yeni obyektlərin bünövrəsini qoyur, açılışını edir!
Üstəlik, məmuru vəzifəyə təyin edərək qarşısına vəzifələri qoyan da Prezidentdir!
Belə olan halda möhtəşəm quruculuq işlərinin müəllifi kim sayılmalıdır?
Bütün bu işlərə rəhbərlik edən, maliyyələşdirən dövlət başçısı, yoxsa xırda-para məmurlar?!
İcra başçısına bütün irad və narazılıqlarını yazılı şəkildə redaksiyaya göndərməsini tövsiyə etdik.
Amma nə tənqidi çıxışımıza cavab gəldi, nə də başqa bir məktub!
Əvəzində “Xalq qəzeti”nin 3 iyun 2018-ci il tarixli nömrəsində “Bərdə güllər, çiçəklər şəhəridir” adlı məqalə çıxdı...
BƏRDƏ RAYON İCRA HAKİMİYYƏTİNİN
ÖZÜNƏMƏXSUS “MÜDAFİƏ TAKTİKASI”, YAXUD
SAXTA “MÜƏLLİF” İMZASI
“Xalq qəzeti”ndəki həmin yazının redaksiyaya nə sayaq və necə çatdırıldığını, qəzet səhifəsinə necə çıxarıldığını yaxşı bilirik! Lakin yalnız rəsmi, görünən məqamları açıqlayacağıq.
HAŞİYƏ: Qürurunu itirmiş hansısa bir jurnalistin müəyyən postda oturanın qılığına girməsi, şəninə xoş sözlər söyləyərək “keyfini açması”, müxtəlif üsullarla yarınması artıq adiləşmiş haldlr. Səbəbi də bəllidir: loğma boğmadır demişlər! Amma əndazəni aşaraq jurnalistikanın prinsiplərini tapdalamaq, “həmkar” adına xəyanət etmək, üstəlik, bu zaman qeyri-obyektivlik göstərmək - etiraf edək ki, eyni cəbhəyə məxsus qələm sahiblərinin az-az rastlaşdıqları haldır! Daha çox bazar iqtisadiyyatının mənəviyyata gətirdiyi aşınmanın təzahürü sayılır. Çünki sovet dövründə belə hallar olmazdı. Amma o da faktdır ki, 37-ci ili də məhz belələri törətmişlər.
“Xalq qəzeti”ndəki “həmkarlarımızın” və “dostlarımızın” tələm-tələsik belə bir yazı dərc etməsinə bəlkə də əhəmiyyət verməzdik. Necə deyərlər, “xoruzun quyruğu”nu göstərən 2 məqam olmasaydı...
Birinci məqam. “Bərdə güllər, çiçəklər şəhəridir” məqaləsi arayış şəklindədir. Burada illər üzrə - 2011-ci ildən 2017-ci ilədək olan dövrdə harada, hansı həcmdə, nə qədər ağac və gül kolu əkildiyi, yaşıllıq salındığı göstərilir. 2011-2017-ci illər Bərdənin hazırkı icra başçısı Vidadi İsayevin işlədiyi dövrdür. Deməli, həmin rəqəmlər onun ağacəkmə və yaşıllaşdırma sahəsindəki hesabatıdır...
İkinci məqam isə məqalənin müəllifi ilə bağlıdır. Maraqlıdır ki, həmin yazı onu hazırlayan müxbirin adı ilə getməyib. Məqaləyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı ərazi Ekoloji və Təbii Sərvətlər söbəsinin müdiri Mübariz Hacıyevin imzası qoyulub! Əslində ekologiyanı və ətraf mühiti qorumalı olan bir şəxsin “Azərbaycan”dakı yazıya cavab kimi başqa bir qəzetdə tərifli məqalə verməsi bizə qəribə gəldi! Odur ki, araşdırma apardıq.
Mübariz Hacıyev prinsipial bir insan kimi həqiqəti etiraf etdi! Onun öz imzası və möhürü ilə təsdiqləyərək qəzetimizin bölgə müxbirinə ünvanladığı məktubu diqqətinizə çəkirik: “12 Saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Mübariz Qurban oğlu Hacıyev sizə məlum edir ki, 03 iyun 2018-ci il tarixində “Xalq qəzeti”ndə Bərdə rayonunda yaşıllıqlar barədə mənim adımdan verilmiş məqalədən mənim xəbərim yoxdur. Həmin məlumatı eşidən kimi Bərdə Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladım, mənə şifahi olaraq bildirdilər ki, həmin məqalədə Bərdə şəhər Yaşıllaşdırma İdarəsinin müdirinin adı getmək əvəzinə, səhvən Mübariz Hacıyevin adı getmişdir”.
Bax belə!
BÜTÜN GÜNAHI FƏHLƏNİN BOYNUNA QOYDULAR
Yalan ayaq tutar, amma yeriməz - demişlər.
Doğrudur, hərdən
yeriyir, amma uzağa getmir!
Başqa bir həqiqət də var: bəzən bir yalan özünü
doğrultmaq üçün
daha neçə-neçə
yalana ehtiyac yaradır.
Di gəl ki, yenə də
“balans” vermir!
Beləliklə, Bərdədə
yaşıllığın məhv edilərək yerində ticarət obyektləri tikilməsi üçün başlanan
proses və “Azərbaycan” qəzetində
bununla bağlı gedən tənqidi yazıya “cavab” verilməsi (bəlkə də qəzetə “həddinin göstərilməsi
niyyəti”) ilə başlanan oyunlar silsiləsi davam etməkdədir.
Növbəti mərhələdən
danışmazdan öncə
“Azərbaycan” qəzetinin
“Bərdədə yaşıllıqları
niyə ticarət obyektləri ilə əvəz edirlər?!” tənqidi yazısı ilə bağlı Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mövqeyini
əks etdirən məktubla tanış
olmağınızı istərdik:
“Azərbaycan” qəzetinin 2018-ci il 17 may tarixli nömrəsində
“Ciddi siqnal” rubrikası altında dərc olunmuş və 2018-ci il 17 may tarixli 5 nömrəli məktubunuzla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
daxil olmuş “Bərdədə yaşıllıqları
niyə ticarət obyektləri ilə əvəz edirlər?!” sərlövhəli məqalədə
göstərilənlər 12 saylı (Bərdə) Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin
əməkdaşları tərəfindən
yerində araşdırılmışdır.
Araşdırma zamanı
Bərdə şəhəri
S.Vurğun və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsindəki
torpaq sahəsində ayrı-ayrı fiziki şəxslər tərəfindən
sahibkarlıq məqsədilə
tikinti işlərinin
aparıldığı Bərdə
Rayon İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı
İdarəsinin işçisi
Həsənov Vasif Ənvər oğlu tərəfindən 2018-ci il
28 aprel tarixində əvvəlcədən nəzərdə
tutulmuş əraziyə
deyil, sahibkarlıq subyektlərinin tikintisi üçün ayrılmış
və hazırda tikinti işlərinə başlanılmış boş
torpaq sahəsinə
20 ədəd şam ağacının əkildiyi
və həmin gün ağacların Bərdə şəhəri
Heydər Əliyev prospektindəki “Asan xidmət” mərkəzinin
ətrafına köçürüldüyü
müəyyən olunmuşdur.
Yaşıllaşdırma Təsərrüfatı idarəsində fəhlə
işləyən Vasif
Həsənov yazılı
izahat verərək həmin ağacları bilməyərəkdən qeyd
olunan torpaq sahəsində əkdiyini,
lakin sonradan çıxararaq “Asan xidmət” mərkəzinin
ətrafına əkdiyini
təsdiq etmişdir.
Mövcud qanunvericilikdə
nəzərdə tutulmuş
qaydada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
rəyi, eləcə də Bərdə Rayon İcra Hakimiyyətinin müvafiq qərarı və yaşıllığın
götürülməsi vərəqi
olmadan ağacların
qanunsuz köçürülməsi
faktı ilə bağlı təqsirkar şəxs Vasif Həsənov barəsində
protokol tətbiq edilərək İnzibati Xətalar Məsəlləsinin
253-1.2.2-ci maddəsinə əsasən
inzibati qaydada 1000 manat məbləğində
cərimə edilmişdir.
Bununla yanaşı,
məqalədə qeyd
olunan Bərdə şəhəri, Koroğlu
küçəsində vətəndaş
Aslanov Yavər Ələkbər oğlu tərəfindən aparılan
tikintiyə dair Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən dövlət
ekoloji ekspertizasının
müsbət rəyinin
olmadığına görə,
onun barəsində protokol tətbiq edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə
əsasən inzibati qaydada 300 manat cərimə olunmuşdur”
.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
məsələyə qanun
çərçivəsində yanaşaraq müvafiq tədbirlər gördüyünü
alqışlayırıq. Bərdə
Yaşıllaşdırma Təsərrüfatı
İdarəsinin (xatirinizdədirsə
“Xalq qəzeti”ndəki
məqalə onun müdirinin imzası ilə getməli idi) “intizamsız”, “özbaşına” fəhləsi
barədə bir neçə kəlmə söyləmək istəyirik.
HAŞİYƏ: Bir
gün xan yaxın ətrafı ilə eyş-işrət
məclisindəymiş. Bu zaman Əzrayıl içəriyə girərək
otaqdakılardan iki nəfəri aparacağını
söyləyir. Hamının nəzərləri qapının
ağzında dayanaraq
qulluq gözləyən
nökərə yönəlir.
Nökər ömrünün
başa çatdığını
anlayaraq cürətə
gəlir: “Xan sağ olsun! Tutalım biri mənəm! Olsun! Siz ikincisini müəyyənləşdirin! - deyir”.
Bərdə Rayon İcra
Hakimiyyətinin Yaşıllaşdırma
Təsərrüfatı İdarəsində
də cəza məqamı yarananda hamı üzünü fəhləyə tutub...
Yazıq fəhlə,
sən nə qədər məvacib alırsan ki, 1000 manat da cərimə
ödəyəsi oldun!..
Tutaq ki, həqiqətən həmin
ərazidə ağacları
həmin fəhlə əkib, sonra da yanıldığını
güman edərək
çıxardıb!
Bəs həmin
fəhləyə ağac
materiallarını kim verib, kim səhlənkarlıq edərək əkin yerini göstərməyib?!
Yəni Bərdə
Rayon İcra Hakimiyyətinin
Yaşıllaşdırma Təsərrüfatı
İdarəsində o qədər
başsızlıqdır ki,
kim harada
istəyir ağac əkir, sonra da gedib çıxarır?!
İdarənin rəhbərliyi hara
baxır, nə işlə məşğul
olur?
Son dövrlərdə
bəzi məmurlar tərəfindən mətbuatdakı
tənqidlərə dözülməzlik
münasibəti yaranıb.
Bəli, “reket jurnalistikası” var və onlar şər-böhtan
atmaqla məşğuldurlar!
Adlarını “jurnalist”
qoyaraq təmənnalı
yazılar yazan, qərəzkarlıq edənlər
də mövcuddur!
Onsuz da Azərbaycan kiçik bir ölkədir və hamı-hamını
yaxşı tanıyır:
məmurunu da, müxbirini də!
Əgər haqlısansa,
təmizsənsə, günahın
yoxdursa, ver məhkəməyə, qanunun
əli ilə cəzalandır!
Başqa qəzetlərə
üz tutmaq , “iqtidar qəzeti
də tənqid verərmi?” iddiasına düşmək yanlış
və perspektivsizdir.
Görünür hələ
də tənqidə dözümlülük nümayiş
etdirən təkcə
dövlətimizin başçısıdır!
Qəribədir ki, ölkə rəhbərliyinin
haqsız yerə, qərəzli tənqid edildiyini görüb susanlar özləri haqda bir kəlmə
yazılanda haray-həşir
qoparırlar!
Kimdən artıqsan?
Yaxud, tənqid doğrudursa, ədalətlidirsə, onda
niyə nöqsanlarını
düzəltmirsən?
Niyə dərhal əks-hücuma keçərək ağa
qara deməyə çalışırsan, bu
yolda əlli vasitəyə əl atırsan?!
Azərbaycan demokratik
dövlətdir! Burada
söz və mətbuat azadlığı
mövcuddur! Azərbaycan
iqtidarı isə demokratik prinsiplərə sadiqdir!
Gəlin vicdanlı
və ədalətli olaq!
Həm yazanda, həm də onu oxuyanda!..
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2018.-23 iyun.-
S.1; 6.