Konstitusiya Məhkəməsində
görüş
Ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 22-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Əlcəzair nümayəndə heyətinin Azərbaycana səfərindən məmnunluğunu bildirən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səfər çərçivəsində keçirilən səmərəli görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verən Fərhad Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasından dərhal sonra məhkəmə-hüquq sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılıb.
Sədr Fərhad Abdullayev əsas vəzifəsi qanunların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna nəzarət edilməsi olan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının iyulun 14-də 20 illiyinin tamam olacağını diqqətə çatdırıb.
Nümayəndə heyətinin sədri Tayeb Louh Azərbaycan ilə Əlcəzair arasında müxtəlif sahələrdə təcrübə mübadiləsinin vacibliyini qeyd edərək ölkəsinin Konstitusiya Şurası ilə Azərbaycanın Konstitusiya Məhkəməsi arasında əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. Əlcəzairin məhkəmə-hüquq sistemi və Konstitusiya Şurasının fəaliyyəti barədə ətraflı məlumat verən qonaq ölkələrimizin Konstitusiya sistemlərində oxşarlığın olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib, fotoşəkil çəkdirilib.
Sonda qonaqlar Konstitusiya Məhkəməsinin Plenum zalı ilə tanış olublar.
Azərbaycan.- 2018.-23 iyun.- S.6.